Bir müddət əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin istefası haqqında fərman imzalayıb. Sənədi imzalamazdan əvvəl hökumətin fəaliyyətini tənqid atəşinə tutub və Nazirlər Kabinetinin istefasının labüd olduğunu bəyan edib.
Qazaxıstan prezidentinin bu qərarı son zamanlar ölkənin iqtisadi həyatında müşahidə olunan problemlərlə əlaqədar olub.
Qazaxıstanlı ekspert Sultanbek Sultanqaliyev hazırda Qazaxıstanda gedən proseslər haqda ÇıxışYolu.Com-a verdiyi müsahibədə ətraflı danışıb:
– Qazaxıstan prezidenti baş nazir və hökuməti istefaya yolladı. Nazarbayevin bu addımını necə dəyərləndirirsiniz?
– Hökumətin istefaya göndərilməsi kifayət qədər ölçülüb-biçilmiş bir qərar idi. Prezident öz ictimai çıxışlarında dəfələrlə dövlət strukturlarının işindən gileylənib, onların həyat keyfiyyətinin və əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların yerinə yetirilməsi baxımından son dərəcə səmərəsiz fəaliyyətini tənqid edib.
Oxu: Nazarbayev hökuməti istefaya göndərdi
Həm prezidentin, həm də əhalinin hökumətin işi ilə bağlı narazılığı gündən-günə artırdı. Sonda bu qanunauyğun bir nəticə verdi – Nazirlər Kabineti istefaya göndərildi. Bakıtjan Saqintayevin başçılıq etdiyi hökumətin istefasında əlavə faktor prezidentin dövlət aparatının “restart”ına (təkrar işə salınmasına – red.) can atması, “köhnə hakimiyyət damalarına təzə qan vurmağa”, ölkənin genişvektorlu inkişafına təkan vermək üçün durğunlaşmış orqanizmi yaxşıca silkələməyə çalışması olub.
– Prezidentin bu atdımı atmasına nə və ya nələr yol açdı?
– Hər şeydən əvvəl Nazirlər Kabinetinin istefasına sosial-iqtisadi situasiyanın pisləşməsi və əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqədar artan ictimai narazılıqlar zəmin yaradıb. Hökumətin əhalinin sosial həssas təbəqəsinə dövlət yardımının artırılması ilə bağlı qəbul olunmuş tədbirləri ictimai əhval-ruhiyyəyə müsbət mənada təsir göstərə bilmədi.
Qazaxıstan sosiumunda neqativ atmosferin kəskinləşməsinə təsir göstərən əlavə faktorlar icra orqanlarının qeyri-effektiv fəaliyyəti nəticəsində dövlət başçısının beş orqan islahatları və sosial təşəbbüslərinin ləngiməsi olub.
İctimai-siyasi sahənin koordinatlarında öz yerini tapa bilməmiş ayrı-ayrı hökumət üzvlərinin yol verdiyi elementar “imic” xətaları da öz rolunu oynayıb və əhalinin narazılığına səbəb olub.
Ümumi götürdükdə dövlət orqanlarının qeyri-effektiv fəaliyyəti və hakimiyyət və əhali arasında operativ kommunikasiya kanallarının qurulmasında səriştəsizliyi əhali arasında narazılığın artmasına yol açıb; prezident isə buna göz yuma bilməzdi.
Oxu: Qazaxıstana baş nazir təyin olundu
– Yeni hökumətlə bağlı gözləntilər nələrdən ibarətdir?
– Fevralın 27-də “Nur Otan” hakim partiyasının qurultayında Nursultan Nazarbayevin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş əlavə sosial təşəbbüslər proqramı ilə çıxış edəcəyi gözlənilir.
Bu təkliflərin büdcə vasitələrinin sosial sferaya axınına, əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılmasına vəsilə olacağı gözlənilir. Dövlət ictimai-siyasi sabitliyi qoruyub saxlamaq və növbəti dövlət proqramlarının gerçəkləşdirilməsi yolu ilə iqtisadi inkişafa yeni təkan vermək məqsədilə sosiumdakı etiraza meyillilik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa çalışacaq.
Vacib olan yeni hökumətin fərdi tərkibi deyil, vacib olan nazirliklər və qurumların cavabdehlik daşıdığı sahələrdə həyata keçirməyə çalışacaqları ideyalar, yanaşmalar və proqramlardır.