Oktyabrın 3-ü Tərtər rayonunun Suqovuşan qəsəbəsinin Ermənistan Silahlı
Qüvvələrinin işğalından azad edilməsindən 4 il ötür.
Uzun illərdən sonra vətənin qəhrəman oğulları Suqovuşanı işğaldan azad edərək
hər şeydən uca tutduğumuz müqəddəs bayrağımızı əzəli və tarixi torpağımızda
yenidən ucaldıblar.
Bu unudulmaz anı bizə yaşadan igidlərdən biri də Suqovuşana bayraq sancan
xüsusi təyinatlı İlkin Fərzəliyevdir.
Qazimiz Suqovuşanı azad edərkən yaşadıqlarını Baku TV-yə danışıb:
“Oktyabr ayında deyildi ki, Suqovuşan istiqamətində irəliləmək lazımdır. Biz
Talışla Suqovuşan arasındakı 831 yüksəkliyinə gəlib çıxmışdıq. “N” saylı hərbi
hissənin 6 kəşfiyyatçısı şəhid olmuşdu. Deyildi ki, o şəhidləri götürmək
lazımdır. 12 saatlıq atəşkəs idi, neytrala çıxdım. Gördüm ki, ermənilər özləri
üçün səngər düzəldiblər, sayları da çox idi. Silahı, bıçağı kənara qoydum.
Göstərdim ki, üzərimdə heç bir şey yoxdur. Bir dənə şəhidimizi götürməyim üçün
icazə istədim. Ratsiya vasitəsilə belə bir əmr gəldi ki, erməni snayperlər sizi
tanıyıblar, Fərzəliyev neçə şəhid götürübsə, qayıtsın. Ratsiyanı götürüb dedim
ki, 6 şəhidimiz var, 2-ni rahat götürə bilirəm. Polkovnik dedi ki, onları
götürüb qayıt, ermənilərin snayperləri səni vurmaq üçün icazə istəyiblər. Dedim
ki, yox. Ratsiyanı söndürdüm, gizir Rüstəmova verdim. Bizimkilərdən bircə dənə
onu xahiş etdim ki, əgər vurulsam, meyitimi burada saxlamayın. Biz oradan
şəhidləri götürdük. Həmin müddət ərzində ermənilərə dedim ki, biz şəhidlərimizi
götürürük, siz də özünüzünküləri götürün. Dedilər ki, bizim meyitimiz yoxdur,
onlar bizə lazım deyil”.
Ətraflı süjetdə:
“Ermənilər meyitlərinə sahib çıxmadı”
Qazi Suqovuşanı azad edərkən yaşadıqlarını DANIŞDI: “Ermənilər meyitlərinə
sahib çıxmadı”