c7b4d8fd-ecc6-4a8b-8b68-b328acaa0ffc..jpg

Qaziz Abışev: “Hər kəs Azərbaycan və Türkiyə arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin şahidi oldu”

Baxış sayı: 646 dəfə baxılıb.

Qaziz Abışev: “Hər kəs Azərbaycan və Türkiyə arasında qarşılıqlı fəaliyyətin
səmərəliliyinin şahidi oldu”

Təxminən bir aydan sonra, martın 19-da Qazaxıstanda ölkə Məclisinə
növbədənkənar seçki keçiriləcək.

VIII çağırış parlament seçkisi ilə paralel olaraq digər seçkili təsisatlara da
(rayon, şəhər və əyalət) seçkilər keçirilməlidir.

Eyni zamanda, ötən ilin noyabrında Qazaxıstanda növbədənkənar prezident
seçkisi keçirilib və bu seçkidə Kasım-Jomart Tokayev qalib gəlib.

Qonşu dost ölkədə nələr baş verir, niyə bir-birinin ardınca növbədənkənar
seçkilər keçirilir?

Tanınmış qazaxıstanlı siyasi icmalçı, politoloq Qaziz Abışev Cixisyolu.com-a
müsahibəsində bu və bir çox başqa məqamlardan danışıb:

– Dərhal qeyd edim ki, bundan öncəki parlament seçkisi növbədənkənar deyildi,
vaxtında keçirilmişdi. Amma son prezident və indiki Məclisə keçiriləcək
seçkilər isə növbədənkənardır. Bu, hakimiyyətin ötürülməsi ilə başa çatan
siyasi sistemin yenidən qurulması ilə bağlıdır. Bunun nəticəsində Kasım-Jomart
Tokayev qeyd-şərtsiz, ölkənin mütləq səlahiyyətli rəhbəri oldu. O, böyük siyasi
islahatlar planını açıqladı. Buna görə də siyasi sistemin ardıcıl olaraq
yenidən qurulması baş verir.

– Siyasi sistemin yenidən qurulması dediyiniz proses Nursultan Nazarbayev
irsinin ləğvi deməkdirmi?

– “Nazarbayev irsinin ləğvi” çox tutumlu deyimdir. Bəli, o, SSRİ-nin
dağılmasından və Qazaxıstanın müstəqillik qazanmasından başlayaraq, əsrin
dörddəbirindən artıq müddət ərzində ölkəyə rəhbərlik edib, super-prezident
respublikasının başçısı olub. Amma indi sistemin yenidən qurulması,
optimallaşdırılması və bəzi neqativ halların neytrallaşdırılması gedir. Təbii
ki, depersonalizasiya və hakimiyyətin müəyyən dekonsentrasiyası prosesi gedir.

– Bəs bütün bunlar xarici siyasətə necə təsir göstərir? Qazaxıstan Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür,
lakin müstəqil kurs aparır (çoxlarının yaxşı yadındadır ki, Kasım-Jomart
Tokayev keçən il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Astananın
qondarma “DXR” və “LXR”i tanımadığını bəyan etmişdi). Qazaxıstan Türk
Dövlətləri Təşkilatının çox fəal üzvüdür, Çinlə əməkdaşlıq edir.

– Xeyr, daxili siyasi proseslər xarici siyasətə təsir etmir. Qazaxıstan
hakimiyyəti milli maraqlardan çıxış edərək mümkün qədər rasional və balanslı
davranır. Əvvəlki xarici siyasət kursu davam etdiriləcək, bütün ssenarilər
rəvan şəkildə həyata keçiriləcək, təhlükəsizlik nəzərə alınacaq. Unutmaq olmaz
ki, xarici siyasəti indi prezident Tokayev müəyyənləşdirir və o, bu məsələdə
naşı deyil. Eyni zamanda, dövlətin mövqeyi milli maraqlar naminə təkamül edə
bilər. Hakimiyyətdaxili transfer buna təsir etmir.

– Son illər Astananın Türkiyə və Azərbaycanla yanaşı, Türk Şurasının, daha
sonra isə Türk Dövlətləri Təşkilatının fəaliyyətində aktiv iştirak etməsi, ən
üzdə olan oyunçulardan birinə çevrilməsi nəzərə çarpır. Bu tendensiya daha da
inkişaf edəcəkmi?

– Məncə, bəli. Burada fundamental amil var – demoqrafiya.

– İzah edərdiniz, zəhmət olmasa…

– Müstəqilliyin başlanğıcında qazaxlar ölkə əhalisinin 38 faizini təşkil
edirdilər. İndi bu rəqəm təxminən 72 faizdir. Bunlar müstəqillik dövrünün
nəslidir. Belə demoqrafik dinamika ilə etnik və dini tərkibli layihələr, təbii
ki, seçicilərin əksəriyyəti arasında populyarlıq qazanır. Bundan əlavə,
Qazaxıstanın çoxvektorlu siyasəti xarici siyasət risklərinin şaxələndirilməsini
nəzərdə tutur. Belə olan halda türk birliyi getdikcə daha aydın konturlar
cızmağa başladı, Türk Dövlətləri Təşkilatı əhəmiyyətli bir geosiyasi vahidə
çevrildi. Və hamı Türkiyə-Azərbaycan əməkdaşlığına, onun Qarabağla bağlı
səmərəliliyinə və bir çox başqa məsələlərə diqqət yetirdi. Bu, Türk Dövlətləri
Təşkilatının çox perspektivli layihə olduğunu göstərdi.

– Bəs Rusiya? Astana ilə Moskva arasında münasibətlər necədir? Rusiya
Federasiyası Ukraynada müharibə aparır, bu ölkənin müxtəlif siyasətçiləri və
ekspertləri Bakını bombalamaqla, Qazaxıstanın şimalını ələ keçirməklə təhdid
edirlər…

– Başa düşmək lazımdır ki, Qazaxıstanda Rusiyaya isti sentimentallıqla yanaşma
azalıb. Bu, digər məsələlərlə yanaşı, yuxarıda qeyd etdiyim demoqrafik faktorla
da bağlıdır. İndi ölkəmizdə orta yaş həddi 29-dur. Bu o deməkdir ki, əhalinin
böyük bir hissəsi şüurlu həyatının əsas hissəsini müstəqil Qazaxıstanda
keçirib. Onların artıq Rusiya ilə əvvəlki əlaqələri yoxdur. Bu, Rusiya
Federasiyası ilə münasibətlərin fon rejimini müəyyən edir. Daha sonra. Təbii
ki, indi böyük stres altında olan Rusiya Federasiyasının özü də uzun illər
xarici siyasət səylərinin tətbiqində Qazaxıstanı əsas istiqamət kimi
götürməyib. Amma bəzi rusiyalıların qeyri-sistemli ritorikası çox vaxt Rusiya
daxilində müəyyən xal toplamaq məqsədi güdür. Öz növbəsində Astana və Moskva
isə iki ölkə arasında olan münasibətləri üzərində işləməlidirlər.

– Bu yaxınlarda oxudum ki, Qazaxıstanda 2025-ci ilə qədər şəhər və küçələrin 3
000 “ideoloji cəhətdən köhnəlmiş” adının dəyişdirilməsi planlaşdırılır. Bu,
sovet keçmişindən imtinadır, yoxsa seçkilərlə əlaqəsi var, vətəndaşları seçkiyə
cəlb etmək məqsədi ilə edilir?

– Bu toponimika dinamikası üzrə hətta tədqiqatlar keçirildi. Adları
dəyişdirilən kiçik ünvanların 90 faizə yaxını ümummilli adlarla bağlı deyil,
lokal xarakter daşıyır. Bunun sovet irsi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə
olaraq, hansısa konkret bir ünvanda yerli camaat küçəyə qəhrəman əcdadının,
unudulmuş batırın, akının, yerli məşhurlardan birinin adını vermək qərarına
gəlib. Elə olur ki, hansısa repressiyada iştirak etmiş, yaxud nalayiq
davranışla məşhur olan şəxslərin adlarından imtina edilir. Bu məsələlərdə
mərkəzi hökumət o qədər də fəal deyil, dediyim kimi, bu işdə yerli icmalar
iştirak edirlər.

Nair Əliyev

Source link