Qeyri-iş günlərinin çoxluğu iqtisadiyyata necə təsir edir? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Neçə gün qeyri-iş günü olacaq?” – ilin bütün aylarında işləyən bir çox
insanların ən sevimli suallarından biri budur. Təbiidir. İnsanlar dincəlmək,
özlərinə zaman ayırmaq istəyirlər. Elə aylar var ki, bayramlarla əlaqədar
qeyri-iş günləri kifayət qədər çox olur. Məsələn, dekabr-yanvarda ard-arda
yeddi gün istirahət verildi. Qarşılayacağımız Novruz əhvallı mart ayında isə
bayramlarla yanaşı, şənbə və bazar günləri də daxil olmaqla, ümumilikdə, 16 gün
qeyri-iş günümüz olacaq və əlbəttə ki, bu, istirahəti sevənlər üçün əla
xəbərdir.
Amma məsələnin bir də başqa tərəfi var: bayram və istirahət günlərinin bu
qədər çox olması heç də hamının ürəyincə deyil. Bəziləri hesab edirlər ki, bu
günlərin çox olması onların işinə mane olur, gəlirlərini azaldır, planlarını
pozur, bir sözlə, geri düşürlər. Sosial şəbəkələrdə rastlaşdığımız status və
şərhlərdən məlum olur ki, narazı olanlar arasında sahibkarı da var, işçisi də.
Maraqlı bir sual yaranır: Bayramlarda istirahət günlərinin çox olmasının
iqtisadiyyata nə kimi təsirləri var? Hansı sahələr qazanır, hansı sahələr ziyan
edir? Məsələn, qarşıdan gələn 31 günlük mart ayının 16 günü iş olmayacaqsa,
bunun fəsadları iqtisadi rakursdan özünü necə göstərəcək? İş və istirahət
günlərinin balansı pozulmuş sayılırmı?
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin
sözlərinə görə, bayram günlərində qeyri-iş günlərinin çox olması iqtisadiyyata
ciddi zərər vurur:
“Əslində, bu, kifayət qədər ağrılı mövzudur. Bir iqtisadçı kimi, özüm də
dəfələrlə bu məsələ ilə bağlı ciddi araşdırmalar etmişəm. Əvvəlcə qeyd edim ki,
ümumi bayram günlərinin sayına görə ölkəmiz, demək olar, liderdir. Təsəvvür
edin ki, bizdə il ərzində şənbə, bazar və bayram günlərinin ümumi sayı 142 gün
təşkil edir. Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, bayramla bağlı qeyri-iş
günlərinin sayı, adətən, az inkişaf etmiş ölkələrdə çox olur. Məsələn, bayram
günləri çox olan ölkələr arasında İranı, Rusiyanı, Hindistanı görə bilərik.
Bəzən iş günləri ilə qeyri-iş günlərinin vaxtını dəyişirlər, nəticədə tətillər
uzanır. Məsələn, Yeni ildə cümə axşamı və cümə günlərinin yerinin
dəyişdirilməsi nəticəsində bir həftə ardıcıl olaraq qeyri-iş günü oldu. Nəzərə
alınmalıdır ki, belə olan halda özəl sektor müəyyən mənfi təsirlərdən yayına
bilmir. Təsəvvür edin ki, ildə bir neçə dəfə, bayram günlərində, zəncirvari
proses baş verir – bank sektoru işləmir, bu səbəbdən köçürmələr mümkün olmur,
köçürmə mümkün olmayanda da hansısa bir özəl sahənin öz fəaliyyətini normal
şəkildə həyata keçirməsi problemi yaranır.
İkinci bir təsir: özəl sektorda əksər şirkət rəhbərləri bayram günləri
əməkdaşlarını işə çıxartmalı olurlar. Belə olduğu halda da qanunvericiliyə
əsasən, əslində, şirkət rəhbərləri həmin əməkdaşlara ikiqat ödəniş
etməlidirlər, amma sirr deyil ki, bir çox şirkətlər bunu etmir, nəticə etibarı
ilə işçilərin hüququ pozulur. Bayram günlərində heç bir dövlət xidmətinin
işləməməsi də bir çox prosesləri ləngidir.
Digər bir məsələ: Tətil günləri çox olanda imkanı olan insanların əksəriyyəti
xarici səfərlərə üstünlük verir. Bu isə ölkədən böyük məbləğdə xarici
valyutanın çıxmasına səbəb olur. Bütün bunlar nəticə olaraq, kompleks şəkildə,
əlbəttə ki, iqtisadiyyata mənfi təsirini göstərir”.
“Qeyd etdiyim kimi, inkişaf etmiş ölkələrdə qeyri-iş günləri olan bayramların
sayı səkkiz-on gün arasındadır, bizdə isə demək olar, iki dəfə çox – 22 gündür
və bu da sözsüz ki, iqtisadiyyata zərbədir.
Son olaraq təklif edərdim ki, bayram günləri yerində qalmalıdır, lakin bayram
tətillərinin uzanmasına xidmət edən yerdəyişmələrin qarşısı alınsa, yaxşı
olar”, – deyə Eyyub Kərimov qeyd edib.
Məsələ ilə bağlı Cixisyolu.com-ın sorğusunu cavablandıran iqtisadçı Fərid Mehrəlizadə
hesab edir ki, müəyyən sahələrdə çalışan şəxslərin bayram günlərinin çox
olmasından narazılıq etməsi başadüşüləndir.
“Düşünürəm ki, mart ayında bayram günlərinin çoxluğu geniş mənada ölkənin
makroiqtisadi göstəricilərinə ciddi təsir etməyəcək, çünki Azərbaycan
iqtisadiyyatının neft-qaz sektorundan yüksək asılılığı var və ölkədə
makroiqtisadi göstəricilərə təsir imkanı olan əsas sahə məhz odur. Enerji
sektorunda isə iş dayanmır, qeyri-iş günlərində belə. Qeyri-iş günlərində
istirahət şansı qazananlar, əsasən, rəsmi əməkhaqqı ilə aylıq maaş əsasında
çalışanlardır.
Azərbaycanda iqtisadi fəal əhalinin sayı təxminən 5,3 milyon nəfərdir və
onların cəmi 1,7 milyon nəfəri muzdlu işçidir. Regionda və inkişaf etmiş
ölkələrdə bu rəqəm 60-80 faiz səviyyəsindədir. Azərbaycanda kölgə
iqtisadiyyatının miqyasının böyük olması, qeyri-rəsmi əmək münasibətlərinin
qalması və iş yerlərinin nisbətən azlığı iqtisadi fəal əhalinin, sadəcə, bir
hissəsinin qeyri-iş günlərində istirahət edə bilməsinə yol açır.
Bayram günlərinin çoxluğundan şikayət edən şəxslərin olması da başadüşüləndir.
Məsələn, iri şirkətlərə xidmətlər göstərən kiçik şirkətlər, xarici ölkələrə
xidmət göstərən, ixrac həyata keçirən şirkətlərə bu daha çox təsir edir.
Nəticədə onlar potensial gəlirdən məhrum olur və ya qeyri-iş günlərində əməkdaş
işlətdikləri üçün daha çox əməkhaqqı xərcləri verməli olurlar.
Digər tərəfdən isə bu tip uzunmüddətli istirahət günlərinin gəlirlərinə
nisbətən yaxşı təsir etdiyi sahələr də var. Məsələn, turizm obyektləri,
hotellər, ictimai iaşə müəssisələri və s. Həmin günlərdə onların işi yaxşı
gedir və digər günlərlə müqayisədə daha çox qazanırlar”.
Əzizə İsmayılova