017848ab-6661-4368-9b7c-aa38b2600109..jpg

QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur – MÜSAHİBƏ

Baxış sayı: 611 dəfə baxılıb.

QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur –
MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlk dəfə bütün proses tam elektronlaşdırılıb, bütün layihələr “bir
pəncərə”dən qəbul edilib, vahid proses kimi idarə olunub”.

Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr
üzrə meneceri Ülviyyə Qarayeva deyib.

Müsahibəni təqdim edirik:

– Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda –
800-ə yaxın QHT-dən müraciət daxil olması barədə məlumat yayılıb. Son 15 ildə
milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir. Nə baş verib?

– Bu, QHT sektorunda başladılan genişmiqyaslı islahatların ilk ölçüləbilən
nəticəsi hesab oluna bilər. Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin
aparılması ilə əlaqədar ötən il qəbul etdiyi yeni qaydalar bunun əsas
səbəbidir. Agentliyin 2024-cü il üzrə elan etdiyi kiçik, orta və böyük qrant
müsabiqələrində iştirak üçün ümumilikdə 779 təşkilatdan müraciət daxil olub.
Agentliyə ilk dəfə qrant almaq üçün müraciət edən QHT-lərin sayı 119-dur. Biz
bu rekord göstəriciləri cəmiyyətdə işimizə yaranan inam və etibar kimi qəbul
edirik.

İlk dəfə bütün proses tam elektronlaşdırılıb, bütün layihələr “bir pəncərə”dən
qəbul edilib, vahid proses kimi idarə olunub. İlk dəfə müsabiqə mövzuları 5
əsas istiqamət üzrə verilib, sonuncu istiqamət tam sərbəst saxlanılıb ki,
QHT-lər cəmiyyətin içərisindən gələn digər mövzuları da rahatlıqla ortaya qoya
bilsin, hər mövzu üzrə kiçik, orta və böyük qrantları seçmək də sərbəst olub.
QHT-lər əvvəlki dövrdə heç vaxt belə geniş seçim imkanlarına malik olmayıb.

– Agentliyin illik qrant büdcəsi nə qədərdir?

– Əgər 779 təşkilatın hər biri istədiyi büdcələr üzrə maliyyələşdirilərsə, bu,
16 milyon manatdan çox vəsait deməkdir. Yəni, tələb Agentliyin illik qrant
büdcəsindən təxminən 4 dəfə çoxdur. Təbii ki, hər bir layihə müraciəti mütləq
maliyyələşdiriləcəyi anlamına gəlmir. Donordan tələb olunan məbləğin də tam
olaraq verilməsi öhdəliyi yoxdur. Qaydalarda əksini tapmış meyarlar üzrə hər
bir QHT-nin layihə müraciəti ciddi araşdırılır, yoxlanılır və məbləğ müəyyən
edilir. Dünyada bu praktika heç kim üçün təəccüblü deyil. Bunun üçün bir neçə
mərhələli prosedurlar var.

– Prosedurlar dedikdə?

– Əvvəla, elektron sistemdə layihəsini yükləmək istəyən 779 təşkilatın
42-sinin sənədlərində elektron qeydiyyat üçün uyğunsuzluqlar olduğundan onlar
sistemdə pəncərə açmaq, qeydiyyatdan keçib layihə yükləmək şansına malik
olmayıb, müsabiqədə iştirak hüququnu itirib. Onların içərisində bizi
təəccübləndirən müraciətlər də olub, bəziləri ümumiyyətlə, QHT olmayıb.
Beləliklə, texniki seleksiya mərhələsinə 737 QHT buraxılıb. Sevindirici haldır
ki, ötən ilin payızında QHT-lərlə keçirilmiş infosessiyalar və aparılan
təbliğat nəticəsində “1 QHT-1 layihə” prinsipinin tətbiqinə demək olar ki, nail
olunub. Bu dəfə hər bir QHT haqlı olaraq əsas diqqəti özünü daha güclü bildiyi
bir layihə üzərində cəmləşdirib. Sağlam rəqabət üçün vacib şərtlərdən biri də
bu idi. Beləliklə, texniki ekspertizaya 737 QHT-nin 754 layihəsi təqdim olunub.

– Yəqin ki, əksər QHT-lər böyük qrant müsabiqəsinə maraq göstərib. Çünki orada
qrant məbləği 50 min manata qədərdir. Bölgü necə olub?

– Xeyr. 754 layihə içərisində üstünlük kiçik qrant müsabiqəsi üzrə olub – 532
layihə. Orta qrant müsabiqəsində 147, böyük qrant müsabiqəsi üzrə isə cəmi 75
layihə olub. Böyük qrant müsabiqəsinə müraciətin az olmasının səbəbləri
düşündürücüdür. Təəssüf ki, uzun illər bir sıra QHT-lərin qrantlara yanaşması,
az qala “mükafat” kimi olub, ona görə də onların komanda işi qurmaq, uğurlu
ideya tapmaq, onu uğurlu layihəyə çevirmək, media ilə işləmək vərdişləri
yetərli səviyyədə inkişaf etməyib. 50 min manata iddia edən QHT-nin fəaliyyəti
barəsində son beş il ərzində ən azı media subyektlərində 20 müxtəlif
informasiyaya rast gəlinməlidir. Təəssüf ki, belə QHT-lərin sayı təsəvvür
olunan qədər çox deyil. Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir,
onların ictimai birlik kimi fəaliyyəti görünmür. Bundan başqa, orta və böyük
qrant müsabiqələri üzrə layihələrdə “məntiqi çərçivə” sənədinin də olması əsas
tələblərdən biridir. Bu sənəd layihənin “yol xəritəsi”dir, gediləcək yolu,
riskləri, tədbirlərin ardıcıllığını, əlaqəsini, sxemini göstərir. Kiçik qrant
müsabiqəsi üzrə isə qeyd olunan tələblər hələ ki, yoxdur.

– Layihələrin ekspertizası neçə mərhələdə aparılıb?

– Üç mərhələdə – I mərhələ layihələrin texniki ekspertizası, II mərhələ
layihələrin cəlb olunmuş müstəqil ekspert qrupu tərəfindən ekspertizası, III
mərhələ isə layihələrin qiymətləndirilməsi və aidiyyəti qərarların qəbul
edilməsidir.

– Bütün layihələr texniki ekspertizanı keçə bilib?

– Xeyr. Texniki seleksiya nəticəsində 102 QHT-nin sənədlərində Nazirlər
Kabinetinin müəyyən etdiyi minimal tələblərin ödənməməsi halı aşkarlanıb.
Beləliklə, müstəqil ekspertlərin baxışına 652 layihə çıxarılıb.

– Müstəqil ekspertlər kimlər olub və layihələrlə bağlı hansı nəticəyə gəliblər?

– Müstəqil ekspertlərin kimliyini açıqlaya bilmərəm, ancaq onu deyə bilərəm
ki, onlar sırf peşəkarlardan ibarət olub. Layihələrin qiymətləndirilməsi
Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlar əsasında müvafiq ballar üzrə
aparılıb. Müstəqil ekspertlər özləri də layihələrin hansı QHT-lərə məxsus
olduğunu bilməyib, yalnız verilmiş mətni qiymətləndirib. Hər bir layihə 3
müstəqil ekspert tərəfindən Nazirlər Kabinetinin müvafiq qaydalarında əks
olunan 10 meyar üzrə qiymətləndirilib. Ümumiləşdirsək, burada 3 aspekt
həlledici olub: layihənin tələb olunan maliyyəyə uyğunluğu, layihənin ümumi
strukturunun (hədəf auditoriyasının düzgün müəyyən edilməsi, yazılış tərzi)
peşəkarlığı və layihənin mövzusunun aktuallığı. Məsələn, ola bilər ki,
layihənin maliyyə əsaslandırması və ümumi strukturu yaxşıdır, amma mövzusu
aktuallığını çoxdan itirib. Müstəqil ekspertlər bütün bu məqamları nəzərə
alaraq layihələri qiymətləndirib. Proses bütün kənar müdaxilələrdən azad, tam
şəffaf aparılıb.

Təəssüflə qeyd etməliyəm ki, II mərhələdən keçən layihələrdə də III mərhələdə
digər problemlər aşkarlanıb. Plagiatlar, müxtəlif QHT-lər tərəfindən eyni
məzmunlu layihələrin təqdim olunması, yaxud eyni şəxslərin müxtəlif QHT-lər
adından çıxış etməsi, həmçinin şəbəkələşmə, sövdələşmə elementləri bu
problemlər sırasındadır. Təbii ki, bu mənzərə nəticədir. Amma səbəblər daha
dərindir.

– Nəticələrin fevralın sonunda açıqlanacağı bildirilmişdi, hələ də cavablar
yoxdur?

– Tamamilə haqlısınız. Yuxarıda sadaladığım neqativ halların hərtərəfli
araşdırılması, müxtəlif qurumlara sorğuların göndərilməsi, onların cavablarını
gözləmək müəyyən qədər yubanmaya səbəb oldu. Bəzi QHT-lərin digər dövlət
qurumları qarşısında debitor borcları üzə çıxdı. Ancaq proses yekunlaşıb. Bu
gün 2024-cü il üzrə qrant müsabiqələrinin nəticələri elan olunacaq.

– Plagiat layihə təqdim edən və digər neqativ halları olan QHT-lər hansılardır?

– QHT-lərə Dövlət Dəstəyi Agentliyi olaraq yalnız qalib QHT-lərin adlarını
açıqlamağı üstün tuturuq. Layihəsi keçməyən hər bir QHT-yə elektron sistem
üzərindən məktub göndəriləcək, orada layihədəki problemlər göstəriləcək.
Əvvəlki vaxtlarda bu cavablar “məqsədəuyğun deyil” sözlərindən ibarət olurdu,
indi isə hər bir QHT təqdim etdiyi layihənin niyə keçmədiyini biləcək.
Gözləntimiz odur ki, növbəti müsabiqələrdə bu hallar təkrarlanmasın. Əks halda,
şans yoxdur, çünki bütün məlumatlar elektron bazaya yüklənib. Bütün araşdırma
qeydləri də sistemləşdirilib.

– Nəticədən narazı qalan olsa, nə etməlidir?

– Agentlikdə Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. QHT qrantın
verilməsindən imtina barədə qərardan Agentliyin Apellyasiya Komissiyasına 10
gün müddətində müraciət edə bilər. Apellyasiya Komissiyasına müraciət e-poçt
ünvanı -[email protected] vasitəsilə qəbul olunacaq.
Komissiya müraciəti araşdırdıqdan sonra QHT ilə əlaqə saxlanılacaq. Bundan
başqa, onu da bildirim ki, QHT müsabiqəyə təqdim etdiyi, lakin
maliyyələşdirilməsinə dair imtina qərarı qəbul edilmiş layihəsini imtina
səbəblərinə uyğun təkmilləşdirməklə növbəti müsabiqələrə təqdim edə bilər.

– Əgər Apellyasiya Komissiyasının qərarı ilə QHT razılaşmasa, nə olacaq?

– Belə olan halda, Agentlik keçməyən layihəni müstəqil ekspertlərin və
Müşahidə Şurasının rəyi ilə birgə rəsmi saytına yerləşdirə, ictimaiyyətin
müzakirəsinə çıxara bilər. Hamı görsün ki, problem nədədir və QHT nə istəyir.
Ancaq biz QHT-nin nüfuzunun zədələnməməsi üçün bunu arzu etmirik.

– Agentliyə qarşı sosial mediada qarayaxma kampaniyası aparanlara cavabınız
nədir?

– Elan edilən nəticələr ən yaxşı cavab olacaq. Agentliklə hədə, şantaj dili
ilə danışmağın ümumi işə heç bir təsiri yoxdur, ola da bilməz. Bu məsələlərə
aidiyyəti hüquq-mühafizə orqanları münasibət bildirə bilər.

– Ümumilikdə, müsabiqələrin nəticələrini necə qiymətləndirmək olar?

– Düşünürük ki, nəticə çox ümidvericidir. Bu, milli QHT sektorunun inkişafında
yeni səhifə açır. Problemlərin düzgün diaqnostikası aparılmadan onların həlli
mümkün olmur. Bundan sonrakı addımlarda bu müsabiqə nəticələri istinad nöqtəsi
olacaq. Bir məqamı da xüsusilə vurğulamaq istərdim ki, Agentlik daha yalnız
“qrant təşkilatı” kimi çıxış etmir. Qrantların verilməsi Agentliyin çoxsaylı
işlərindən yalnız biridir. Agentliyin Nizamnaməsində göstərildiyi kimi,
məqsədimiz ölkəmizin inkişaf prioritetlərinə uyğun olaraq, vətəndaş
cəmiyyətinin inkişafını təşviq etmək və qalib Azərbaycanın inkişaf etmiş
dövlətə çevrilməsi yolunda aparılan dövlət siyasətinə maksimum töhfə
verilməsini təmin etməkdir. QHT sektorunda genişləndirilən islahatların da
mahiyyətini bu əsas xətt təşkil edir. Qarşıdakı dövrdə mühüm işlərimizdən biri
də QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar ardıcıl
təşəbbüslər olacaq. Bununla bağlı proses artıq başlayıb, müvafiq qurumlarla
məsləhətləşmələr aparılır. Bu sahədə QHT-lərlə də ictimai müzakirələrimiz
olacaq.

– Bundan sonrakı addımlarda bu müsabiqə nəticələrinin istinad nöqtəsi
olacağını bildirdiniz. Maraqlıdır, ən çox problem nədə idi ki?

– QHT-lər tərəfindən layihələrin böyük əksəriyyətində əvvəlki illərdə olduğu
kimi büdcə şişirtmələri edilmişdi. Artıq xərclər və tədbirlər var idi.
Müsabiqələrə müraciət etmiş bəzi QHT-lər Agentlikdə sual doğurdu. Onların
bəzilərinin rəhbərliyi tanışlıq üçün Agentliyə dəvət olunsa da,
kommunikasiyadan qaçdıqları, söz verib gəlmədikləri, nə qədər təəccüblü də
olsa, belə QHT tanımadıqları, telefonlarını söndürdükləri, e-maillərə cavab
vermədikləri müşahidə olundu. Kağız üzərində sədrləri olsa da, “sahibi
tapılmayan” bu cür QHT-lərə rast gəlinməsi təəssüf doğurur. Bundan başqa, sual
doğuran bəzi QHT-lərin sədrləri ilə Agentlikdə görüşlər oldu. Onların
içərisində ümumiyyətlə, rəhbəri olduğu QHT-nin adını bilməyənlər, müsabiqəyə
təqdim olunan layihədən, nə iş görmək istədiklərindən tam xəbərsiz olanlar,
yerinə başqa QHT sədrini göndərənlər də var idi. Möhürləri əldən-ələ gəzən bu
cür QHT-lərin cəmiyyətə hansı faydası ola bilər?! Naqis üsullarla dövlət
maliyyəsini mənimsəmək istəyənləri məyus etməli olacağıq. Bütün bu məqamlar
nəzərə alınıb. Bundan başqa, sənədli filmlərin çəkilməsi ilə bağlı layihələr
üstünlük təşkil edirdi. Sənədli filmlərə belə ötəri, səthi yanaşma
qəbuledilməzdir, bu, ən ağır, çətin janrlardan biridir, bununla yalnız işin
peşəkarları məşğul olmalıdır.

– Qalib olmayanlar Agentliyin səfər qrantına müraciət etmək hüququna malikdir?

– Qalib olanlar da, olmayanlar da il ərzində səfər qrantına müraciət edə
bilər. Lakin burada nəzərə alınmalıdır ki, ölkə üçün ən vacib səfərlər mövcud
imkanlar daxilində maliyyələşdiriləcək. Səfər qrantı üçün maksimum məbləğ 10
min manatdır.

– Qalib gələn QHT-lərin sualları olarsa, necə cavablandırılacaq?

– Bütün qalib gələn QHT-lər Novruz bayramı tətilindən sonra Agentliyə dəvət
olunacaq. Əməkdaşlarımız cədvəl tutub, görüş günlərini təyin edəcək. Agentliyin
rəhbər şəxsləri onlarla görüşəcək və QHT ilə müqavilə bağlanmamış bütün açıq
suallar müzakirə olunacaq, cavablandırılacaq, gözləntilər diqqətə çatdırılacaq.
Eyni zamanda, layihənin icrası ilə bağlı yeni normativ sənədlər QHT-lərə təqdim
olunacaq. Hər bir layihə üzərində ciddi monitorinq aparılacaq.

– Növbəti qrant müsabiqəsi nə vaxt olacaq?

– Növbəti qrant müsabiqəsi bu yaxınlarda COP29-la əlaqədar elan olunacaq.
Agentliyin “Facebook” səhifəsini (https://www.facebook.com/ngoagency.gov.az
) və saytını (ngoagency.gov.az
) mütəmadi izləməyi tövsiyə edirik. Fürsətdən istifadə
edərək, bir daha dövlət başçısına COP29-la əlaqədar Təşkilat Komitəsinin
tərkibinə Agentliyin və ən fəal bir sıra QHT-lərin nümayəndələrinin daxil
edilməsinə görə dərin minnətdarlığımızı bildiririk. Bu, QHT-lərə dövlət
tərəfindən olan münasibəti, yüksək dəyər və etimadı aydın nümayiş etdirir.
Əlimizdən gələni edəcəyik ki, müstəqillik tariximizdə ilk dəfə ev sahibliyi
etdiyimiz ən böyük qlobal tədbirdə – COP29-da QHT-lərimiz fəal iştirak
etsinlər. Bu, QHT-lərimizin dünyaya açılması, geniş əlaqələr qurması üçün
unikal və böyük fürsətdir.

– Müsahibə üçün təşəkkür edirəm.

– Çox sağ olun. Sizin və bütün QHT təmsilçilərinin qarşıdan gələn Novruz
bayramını təbrik edirik. Agentlik QHT-lərə daha keyfiyyətli xidmət
göstərilməsi, onların ictimai faydalılığının stimullaşdırılması üçün bundan
sonra da əzmlə çalışacaq.

Source link