162489e2-ab46-4d41-943f-6862e28b231f..jpg

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ramazan ayında düzgün qidalanma qaydalarını açıqlayıb – FOTO

Baxış sayı: 870 dəfə baxılıb.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ramazan ayında düzgün qidalanma
qaydalarını açıqlayıb – FOTO

“Ramazan ayında balanslı və sağlam qidalanmaq çox önəmlidir. Yəni həmin
müddətdə düzgün, balanslı və keyfiyyətli qidalanmaq tövsiyə olunur”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun (AQTİ) mütəxəssisi Aynur Həsənova deyib.

AQTİ mütəxəssisinin sözlərinə görə, builki Ramazan ayı yaz fəslinə təsadüf
etdiyindən aclıq və susuzluq nisbətən çox hiss oluna bilər:

“Bu səbəbdən imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük
verilməli, fasilələrlə qidalanmaq daha faydalıdır. Orqanizmin ehtiyacı olan
vitamin və mineralların yetəri miqdarda balanslı olaraq qəbulu mühümdür. Belə
qidaların yetəri qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan
özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir”.

O bildirib ki, nəinki Ramazan ayının imsakında, eləcə də adi günlərdə də səhər
yeməyi mütləqdir:

“Əgər imsak zamanı düzgün qidalansaq, o zaman günboyu həm su, həm də enerji
balansı qorunmuş olar, yorğun və halsız olmarıq. İmsakda toxluq müddətini
uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm
problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli
qidalardan istifadə artırılmalıdır. Belə ki, imsak zamanı yumurta, süd
məhsulları, yulafdan hazırlanan qidalar qəbul edilsə, toxluq hissi daha
uzunmüddətli olur. Duzlu və ədviyyatlı qidaları menyudan çıxarmaq məsləhətdir.
Çünki həmin yeməklər susuzluq yaradır”.

İmsakda bayat yemək qəbulunun narahatlığa səbəb ola biləcəyinə diqqət çəkən
A.Həsənova vurğulayıb ki, bir neçə xurma yemək insanı gün ərzində tox saxlayır:

“Xurmanın tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca
zəngindir.

Orucu ilıq su ilə açmaq lazımdır. Daha sonra xurma yemək uyğundur. İftarda
birbaşa quru qidanın qəbulu həzm problemi yarada bilər. İlk olaraq sulu qida
qəbulu məsləhətdir. Qəbul edilən qidalar da yaxşı çeynənməlidir ki, həzmdə
problem yaranmasın. Normadan artıq və fasiləsiz qidalanma ziyandır. Əsas
yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir”.

Mütəxəssis vurğulayıb ki, mümkün qədər az yağlı yeməklər qəbul edilməli,
qızartmalar, xəmir yeməklərinin tərkibindəki kalorilər çox olduğundan Ramazan
ayı boyu süfrələrdə yer almaması tövsiyə olunur:

“Bundan başqa, yemək qəbulu zamanı maksimum iki dilim çörək yeyilməsi
məsləhətdir. Həzm sisteminin fəaliyyəti pozulduqda, qəbizlik yarandıqda
bağırsaqların işləkliyini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı,
daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı,
azşəkərli kompot, ayran və süd məhsulları bağırsaqların fəaliyyətinə müsbət
təsir göstərmiş olur. İftar zamanı şirniyyat qəbul etmək istəyənlər bunu
yeməkdən dərhal sonra etməməlidirlər. Bunu adətən yeməkdən 1-2 saat sonra qəbul
etmək uyğundur. Şərbətli şirniyyatların əvəzinə südlü şirniyyatlara üstünlük
verilə bilər. İftar zamanı fasilələrlə bol su içilməsi tövsiyə olunur. Bədənin
maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarda maye qəbulu
vacibdir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti qəbul edilən qidaların
yaxşı həzmi üçün piyada gəzmək də şərtdir. Oruc tutanlar yuxu rejiminə də
düzgün əməl etməlidirlər”, – deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, sabahdan, martın 23-dən Azərbaycanda Ramazan ayı başlayır.

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret
çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar,
cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında
təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:
“Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə
qədər orucunuzu tamamlayın”.

Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə
görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-da olacaq. Digər Qədr gecələri isə
aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-də və 22-də Azərbaycanda
Ramazan bayramı qeyd ediləcək.

Source link