Qırğızıstan – Tacikistan sərhədində atışma olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti
məlumat yayıb.
Məlumata görə, Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300
metr aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını –
çobanları müşahidə edib. Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan
ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa
başlayıblar. Çobanlardan biri isə Qırğızıstan sərhədçisinə tərəf iki-üç atəş
açıb. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Qırğız Respublikasının
sərhədçiləri havaya xəbərdarlıq atəşi açıb, bundan sonra çobanlar Tacikistan
ərazisinə qaçıblar.
İlkin məlumata görə, insident zamanı Tacikistan vətəndaşlarından biri
ayağından yaralanıb.
Yaxın vaxtlarda tərəflərin sərhəd nümayəndələrinin görüşü baş tutacaq. Hazırda
Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabit kimi səciyyələndirilir.
Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu
təqribən 980 kilometrdir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin
dekabrından bəri davam edir. Bu məsələnin həll olunmaması iki respublikanın
yerli sakinləri və hərbi qulluqçuları arasında, o cümlədən odlu silahdan
istifadə ilə dəfələrlə münaqişələrə səbəb olub. Bu münaqişələrdən sonuncusu
2022-ci ilin payızında baş verib və toqquşmalar zamanı 60-dan çox insan həlak
olub.
Mənbə: TASS