Qırğızıstanın Cəlal-Abad vilayətində Toğuz-Toro rayonun sakinləri “Makmalzoloto” kombinatının ərazisində tikilən qızılçıxarma fabrikina aid bina və texnikaları yandırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Fergananews” ölkən DİN-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İğtişaşlar yerli sakinlərlə əraziyə göndərilmiş komissiya üzvləri arasında görüşün keçirilməsindən sonra başlayıb. Sakinlər ərazidə fabrikin tikintisinə qarşı çıxır.
Komissiya üzvlərinin narazı kütlə ilə apardığı izahat işi heç bir nəticə verməyib. Minə yaxın insan komissiya üzvlərini və milis əməkdaşlarını daş atəşinə tutub. Daha sonra görüş iştirakçıları fabirikin ərazisinə daxil olaraq çəpərləri söküb, təsərrüfat tikililərini, tikinti sahəsində olan texnikanı oda verib.
Hadisə yerinə yanğınsöndürmə texnikası göndərilsə də, yerli sakinlər yolu bağladığından xilasedicilər tikinti sahəsinə daxil ola bilməyib.
İğtişaşların gedişində üç milis əməkdaşı yaralanıb. Yaralılardan rayon milis idarəsinin rəisinin birinci müavini xəstəxanaya yerləşdirilib.
Ölkənin baş naziri Sapar İsakov iğtişaşlara dərhal reaksiya göstərərək, insidenti ən qısa zamanda araşdırmağı və fabrikin inşasına icazənin olub-olmadığını yoxlamağı tapşırıb.