6f9cdec9-bfb8-4ca4-9dee-fe1aa968f809..jpg

Qırmızı dənizdə böhran, Orta Dəhlizin perspektivi və Azərbaycanın strateji addımları – TƏHLİL + FOTO

Baxış sayı: 609 dəfə baxılıb.

Qırmızı dənizdə böhran, Orta Dəhlizin perspektivi və Azərbaycanın strateji
addımları – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar husilərin Qırmızı dənizdə gəmilərə hücumu yükdaşıma proseslərinə
ciddi təsir göstərib, təchizat zəncirinin pozulmasına səbəb olub. Baş verən
hadisələr fonunda logistika şirkətləri alternativ marşrutlara üz tuturlar. Bu
marşrutlardan biri Ümid burnundan keçməklə yüklərin Avropaya çatdırılmasıdır
ki, bu zaman çatdırılma müddəti ən yaxşı halda 20 gün, daşımaların xərci isə ən
azı 70% artır. Həmçinin, yeni yoldan istifadə gəmi və konteyner çatışmazlığına
da səbəb olur ki, bu da qiymət artımında öz əksini tapıb. Bütün bu faktorlar
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) cəlbediciliyini və
Azərbaycan logistikasının əhəmiyyətini ön plana çıxarır.

“Report” Qırmızı dənizdə baş verən hadisələr nəticəsində Orta Dəhlizin rolu,
Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun artan tələblərə nə
dərəcədə hazır olması, bu istiqamətdə görülən işlərlə bağlı araşdırma aparıb.

Son dövrlər regionda baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna münaqişəsi
Orta Dəhlizin əhəmiyyətini və bu istiqamətdə daşımaların həcmini nəzərəçarpacaq
dərəcədə artırıb. Təsadüfi deyil ki, ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə
yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 2,1 dəfə artıb. Bu nəqliyyat
vasitəsilə ixrac olunan yüklərin həcmində 48%, idxal olunan yüklərin həcmində
isə 2,1 dəfə artım müşahidə olunub.

Həmçinin, 2023-cü ildə dəniz limanları tərəfindən 13 milyon 375,6 min ton
həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 milyon 48,8
min tonunu və ya 82,6%-ni tranzit yüklər təşkil edib.

2024-cü il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1
min ton olub.

Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımalarında da artım
müşahidə olunub. Belə ki, ötən il ümumilikdə bu nəqliyyat növü ilə
yükdaşımaların həcmi 2022-ci ilə nisbətən 7% çox olub. İxrac edilən yüklərin
həcmi 12% artıb, idxal olunan yüklərin həcmi isə 3% artıb.

Dəyişən geosiyasi vəziyyət nəticəsində Orta Dəhlizin artan potensialı
husilərin Qırmızı dənizdə üzən gəmilərə hücumu ilə daha da diqqət çəkməkdədir.
Bunun əsas səbəblərindən biri də son həftələrdə Asiya-Avropa kimi ən çox zərər
görən marşrutlarda yükdaşıma tariflərinin təxminən 300% artmasıdır ki, bu
tariflər potensial olaraq daha iki dəfə arta bilər. Bir çox gəmiçilik şirkəti
yükdaşımalarda, əsasən, təhlükəsizliyə üstünlük versə də, xərc və zaman amili
də diqqətdən kənarda qalmır. Hazırda ən böyük logistika şirkətləri (“Maersk”,
“Cosco” və sair) gəmilərini təhlükəsizlik səbəbi ilə Qırmızı dəniz və Süveyş
kanalına deyil, Ümid burnundan (Cənubi Afrikanın yaxınlığından) keçməklə
Avropaya çatdırmağı qərara alıb, bu zaman ciddi vaxt və maliyyə itkisi ilə
üzləşiblər. Eyni zamanda, bir sıra Avropa şirkətləri (IKEA, KONE və sair)
müştərilərinə məhsullarının gec çatdırılacağı barədə xəbərdarlıq edirlər. Bütün
qeyd edilən bu hadisələr diqqəti Azərbaycanın da fəal iştirakçısı olduğu Orta
Dəhlizə yönəldib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli
“Report”a bu hadisələrin fonunda Azərbaycandan keçən, Avropa və Asiyanı
birləşdirən Orta Dəhlizə marağın sürətlə artdığını bildirib.

O qeyd edib ki, dəniz daşımalarında qiymət və daşıma müddəti artdıqca iki qitə
arasında daşınan yükün daha böyük hissəsi Orta Dəhlizə yönəlir:

“Artıq Çindən çıxmaqla Qazaxıstan və Azərbaycandan keçərək Avropaya
çatdırılacaq blok qatarların sayının artması qeydə alınır. Yaxın gələcəkdə bu
yük həcminin daha çox artacağı gözlənilir”.

Orta Dəhlizin artan potensialı Azərbaycandan keçən tranzit yüklərin həcmini
artırmaqla yanaşı, qarşıya mühüm öhdəliklər də qoyur. Artan yükləri vaxt
itkisinə yol vermədən daşımaq üçün konteyner və gəmilərin sayına, limanların
yükgötürmə qabiliyyətinə diqqət yetirilməlidir.

TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət
Bayramov “Report”a açıqlamasında artan yüklərin qəbulu ilə bağlı görülən
işlərdən danışıb:

“Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanda
nəqliyyat infrastrukturunun inkişafı ilə əlaqədar mühüm işlər görülür. Bakı
Limanının inkişafının ikinci fazasının həyata keçirilməsi, dəniz donanmasının
artırılması ilə bağlı atılan addımlar, həmçinin Qazaxıstan tərəfindən
limanların təkmilləşdirilməsi ilə bağlı görülən işlər Orta Dəhlizin
potensialının böyük olmasından xəbər verir. Regionda baş verən hadisələrə
hazırlıqlı olmaq üçün bir sıra addımlar atmaq da vacibdir və bu istiqamətdə
işlər görülür. Belə ki, hazırda gömrüklə bağlı məsələlər, rəqəmsal
texnologiyaların tətbiqi üzərində çalışırıq. Məqsədimiz elektron sənəd
hazırlayaraq, həm yükgöndərənlərə, həm daşıyıcılara, həm də sərhəd-keçid
prosedurlarına nəzarət edən dövlət qurumlarına rahat bir platforma yaratmaqdır”.

R.Bayramov diqqətə çatdırıb ki, artan tələb nəticəsində yüklərin daşınması
üçün Xəzər dənizində üzən gəmilərin sayının artırılması istiqamətində də
addımlar atılır:

“Bizim gəmi donanmamızın bir çox hissəsi sovet vaxtından qalan gəmilərdən
ibarətdir ki, onların istismarı, yanacaq sərfiyyatı baha başa gəlir. Azərbaycan
tərəfindən inşa olunan Ro-Pax tipli “Zərifə Əliyeva” və “Azərbaycan”
gəmi-bərələri dəhliz üzrə yükdaşımalara cəlb olunub. Həmçinin, bir neçə neft
tankerləri, quru yük gəmilərinin də inşası nəzərdə tutulub. Qeyd etməliyəm ki,
TRACECA olaraq yeni gəmi konsepsiyası üzərində çalışırıq. Burada Xəzər
dənizinin səviyyəsi, gəmilərin uzunluğu, hündürlüyü, yükgötürmə qabiliyyəti
nəzərə alınaraq yeni dizayn hazırlanır. İlin sonunadək bu istiqamətdə
razılaşdırmalar aparılacaq və bundan sonra gəmilər inşa edilib dəhliz üzrə
istifadəyə veriləcək. Tikiləcək gəmilərin Xəzərdə istismar olunacağını nəzərə
alsaq, konstruksiyanın Azərbaycanda yığılacağını güman etmək olar. “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” bu məsələdə yaxından iştirak edir, öz təklif və
tövsiyələrini verir. Lakin hazırda bu məsələ konsepsiya formasında olduğu üçün
icraçılar dəqiqləşdirilməyib”.

TRACECA rəsmisi qeyd edib ki, konteynerlərin sayında da çatışmazlıq mövcuddur:

“Konteyner parkının genişləndirilməsi aktual məsələlərdən biridir. Bu
istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC və Qazaxıstanın aidiyyəti qurumları
tərəfindən işlər görülür. Həmçinin, TRACECA dəhlizinin rəqəmsallaşdırılması
nəticəsində konteyner daşımalarının 10 dəfə (illik 600 min konteyner) artımına
səbəb ola bilər. Düşünürəm ki, bu istiqamətdə də müsbət nəticələr əldə
olunacaq”.

Xatırladaq ki, 2022-ci ildə Orta Dəhliz ilə konteyner daşımaları 33 020 fut
ekvivalentli (TEU) konteyner olub. Bu dəhlizin hazırkı tutumu 80 000 TEU
konteynerdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin “Report”a açıqlamasında bildirilib ki,
2023-cü ildə bütün dəhlizlər üzrə konteyner daşımaları 100 min TEU-dan artıq
olubsa, 2024-cü ildə bu həcmin 100% artırılmasına imkan var.

Son olaraq qeyd etmək lazımdır ki, hazırda dünyada baş verən hadisələr, bütün
sahələrdə olduğu kimi, nəqliyyat və logistika sahəsində də diqqəti
təhlükəsizlik meyarına yönəldir. Orta Dəhliz zaman və maliyyə cəhətdən sərfəli
olmaqla yanaşı, həmçinin sabitliyi ilə də etibarlılıq nümayiş etdirir.
Azərbaycan bu dəhlizə Bakı limanı, Bakı-Tbilisi-Qars, Zəngəzur dəhlizi ilə yeni
nəfəs verir. İqtisadi və siyasi cəhətdən səmərəli olan Orta Dəhlizin daha da
inkişaf etdirilməsi həm regiondakı proseslərə hazır olmaq, həm yükdaşımada
etibarlı körpü rolunu oynamaq, həm də ölkə iqtisadiyyatına töhfə vermək
baxımından mühüm əhəmiyyət kəsb edir.

Source link