Qış mövsümündə kartof kəskin bahalaşacaq? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 49 min 77.4 hektar sahədən
981 min 927 ton kartof yığılıb. Dövlət Statistika Komitəsinin hesablamalarına
görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz və
ya 40 min ton azdır. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında 54 min
66.7 hektar sahədən bir milyon 21.9 min ton məhsul yığılıb. Statistika bizə onu
deyir ki, kartof istehsalı azalıb. Ölkəmizə xarici ölkələrdən də kartof idxal
edilir. İstehsal azalsa da, idxal vasitəsilə məhsul tələbatı kompensasiya
edilmiş olur. Amma Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 23
oktyabr tarixindən İranın bəzi şirkətlərinin ölkəmizə kartof idxal etməsinə də
qadağa qoyulub. Belə qadağalar nə ilk, nə də son deyil. İstehsalın bu il az
olması, idxala icazə verilməməsi qış mövsümündə kartofun kəskin bahalaşmasına
səbəb olarmı? Bazarlarda kartof qıtlığı müşahidə oluna bilərmi?
“Kaspi”
mövzu ilə bağlı məqalə dərc edib.
İntensiv yağışlar məhsuldarlığa ciddi təsir edib
Kənd təsərrüfatı və aqrar məsələlər üzrə mütəxəssis Bəhruz Nəzərov deyib ki,
əgər qıtlıq ehtimalı olarsa, müəyyən tədbirlər görüləcək:
“Həm tərəvəz məhsulları, həm pambıq istehsalında azalma müşahidə edilir. Bunun
əsas səbəblərindən biri son aylarda yağıntıların intensivləşməsidir. Hava
şəraiti, iqlimin məhsuldarlığa böyük təsiri var. Amma bunun qıtlığa səbəb
olacağına inanmıram. Bu hal yaşanarsa, dövlət tərəfindən xaricdən məhsul
gətirməklə bağlı tədbirlər görüləcək və problem həll ediləcək”.
Azalmanın miqdarı çox deyil
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin
sədri Elmar Allahverdiyev bildirdi ki, əslində hazırda kartof yığımı
yekunlaşmalı idi. Lakin müəyyən səbəblərdən bəzi rayonlarımızda proses hələ də
davam edir:
“Kartof yığımının azalması müxtəlif səbəblərdən ola bilər. Amma bu, o dərəcədə
ciddi rəqəm deyil. Xüsusilə, builki hava şəraitindən asılı olaraq məhsul
yığımında bir qədər azalma müşahidə edilir. Əsasən dağlıq və dağətəyi
bölgələrdə havalar yağmurlu keçdi. Bu da kartof yığımını gecikdirir. Gədəbəyin
bəzi bölgələrində bu dəqiqə kartof yığımı davam edir. Hava şəraiti əlverişsiz
olduğuna görə yığım prosesi gecikir, xəstəliklər artır. Bu da məhsuldarlığa
mənfi təsir edir”.
“Bu il kartof qıtlığı gözlənilmir”
E.Allahverdiyevin sözlərinə görə, kartof indi daha ucuzdur:
“Bu il kartof qıtlığı gözlənilmir. Çünki ölkədə istehlak səbətimiz təxminən
950 min – bir milyon ton arasıdır. Bu göstərici istehsaldan azdır. İstehsalımız
ərzaq səbətimizə tamamilə təmin edəcək qədərdir. Qış mövsümündə kartofun
bahalaşacağı gözlənilmir. Bazarlarda bir ay əvvəl kartof daha baha idi, amma
indi ucuzdur. Xüsusilə aran bölgəsindən, iri sahələrdən, fermerlər tərəfindən
yığılan kartof hazırda soyuducu anbarlarda saxlanılır. Bir azdan həmin məhsul
anbarlardan bazarlara satışa göndəriləcək. Bu səbəbdən, bu il ölkədə kartof
qıtlığının olacağını düşünmürəm”.
İstehsalın azalması idxalı stimullaşdırır
İqtisadi məsələlər üzrə ekspert Pərviz Heydərov dedi ki, kartof istehsalının
azalması idxaldan asılılığı daha da artıra bilər:
“Yerli istehsalın azalması istənilən halda mənfi tendensiyadır. Çünki bu,
istər-istəməz idxalı stimullaşdırır. İdxal məhsulları çoxluq təşkil edəndə
bazarda qiymətlər həmin məhsulları idxal edən sahibkarların diktəsi ilə
formalaşır. Son günlər periodik olaraq ölkəyə kartof və bir sıra kənd
təsərrüfatı məhsullarının idxalı üzrə müəyyən məhdudiyyətlər də tətbiq olunur.
Yaxud həmin məhsullar keyfiyyətsiz xarakter daşıdığından özümüz onlardan imtina
edirik və qadağa qoyuruq. Əgər yerli istehsal da azalmış hesab olunursa, belə
olan halda təbii ki, ölkədə kartof üzrə qiymətlərin bahalaşması ehtimalı
böyükdür”.
İstehsalın azalma səbəbi dəqiqləşdirilməlidir
P.Heydərov bildirdi ki, istehsalın azalması məsələsi mütləq nəzarətə
götürülməli və bununla əlaqədar tədbirlər görülməlidir:
“Bilavasitə, kartofun istehsalının azalmasına təbii şərait, məhsuldarlıq,
mövsümi amillər və istehsalla bağlı digər maya dəyəri ilə əlaqədar problemlər
səbəb ola bilər. Amma hər bir halda bu məsələ nəzarətə götürülməlidir.
İstənilən kənd təsərrüfatı məhsulu üzrə yerli istehsalın və tədarükün azalması
amilləri dərhal analiz olunmalı, təhlil edilməli və müvafiq tədbirlər
görülməlidir. Yerli istehlak bazarı onsuz da idxaldan asılıdır. Bu prosesə
nəzarət olmasa, idxaldan daha çox asılı vəziyyətə düşə bilərik”.