214f1570-99c2-490e-9ac6-a01634c17d72..jpg

Qiymət artacaq, endirim olmayacaq – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 469 dəfə baxılıb.

Qiymət artacaq, endirim olmayacaq – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə
təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının
23-cü sərgi-satış yarmarkası keçiriləcək. Bir arıçı yarmarkada maksimum 400
kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Xatırlayırsınızsa, bir müddət əvvəl arıçılar bu il ölkədə bal qıtlığı olacağını
bildirmişdilər. Buna səbəb kimi havaların qeyri-sabit və küləkli keçməsi
göstərilmişdi. Hava şəraiti ilə əlaqədar arılar yetəri qədər məhsul toplaya
bilməyib. Bəs bu vəziyyət yarmarkaya necə təsir edəcək? Satış üçün kifayət
qədər balımız varmı?

“Kaspi” qəzeti mövzu
ilə bağlı məqalə dərc edib.

“Necə olacağını oktyabrın 2-də görəcəyik”

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynov
“Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, balın çox və ya az yığılması
yarmarkaya təsir etmir: “Azərbaycanda 23 min arıçı var. Yarmarkada isə 250
nəfər arıçı iştirak edəcək. Yarmarkada iştirak edənlər ölkə üzrə fermerlərin
bir faizi qədər belə deyil. Kim istəyirsə, yarmarkada iştirak edə bilər.
Qeydiyyat hələ yeni başlayıb. Biz yalnız təşkil edirik, qiymətə və digər
məsələlərə qarışmırıq. Keçən il yarmarkada 15 manata da, 50 manata da bal var
idi. Balın çox və ya az olmasının da yarmarkaya aidiyyəti yoxdur. Çünki
yarmarkada limit var. Elə insan var limitdən az, elə adam var limit qədər
gətirir. Necə olacağını oktyabrın 2-də görəcəyik. Keyfiyyətə Qida
Təhlükəsizliyi Agentliyi nəzarət edir ki, yarmarkada saxta bal olmasın”.

Arıçılar üçün əsas müştərilərini itirməməkdir

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı dedi
ki, yarmarkaya 50 kiloqram bal gətirmək də mümkündür: “Yarmarkada 400 kiloqram
bal elə də çox deyil. 50 arısı olan arıçı bu qıtlıqla 500-600 kiloqram bal
süzüb. Elə adam var 200 arı pətəyi var. Bəzi arıçılar yarmarkaya çox az bal
gətirir. Sadəcə, daimi müştəriləri var. Həmin müştəriləri qorumaq üçün iştirak
edirlər. Bəzi arıçılar başqalarından bal götürür. Məsələn, üç arıçıdan
yarmarkada biri iştirak edir. Həmin iştirak edən digərlərindən bal götürür. 400
kiloqramdan az bal çıxarılması problem deyil. Bəzi adamlar çox bal gətirirdi
deyə, hədd qoyuldu. Onsuz da artıq qalırdı və arıçılar geri aparmalı olurdular.
Çox güman ki, bu il arıçılar yarmarkaya keçən ilə nisbətən az bal gətirəcəklər.
Arıçılar üçün əsas yarmarkada iştirak etmək, müştərilərini itirməməkdir.
Yarmarka daha çox arıçıların görüşü, bayramıdır. Ona görə hamı yarmarkada olmaq
istəyir”. Yarmarkada 5-10 manat bahalaşma olacaq E.Bayramlının sözlərinə görə,
bal satışından bu il daha az gəlir əldə ediləcək: “Ümumi bal qiymətləri minimum
5 manat da olsa, bahalaşıb.

Yarmarkada da 5-10 manat bahalaşma olacaq.

Bu da məcburiyyətdəndir. Yarmarkada əvvəlki illərdəki kimi endirim olmayacaq.
Arıçı hər il yarmarkada 400 kq balı 20 manatdan satırdısa, 800 manat gəlir əldə
edirdi. Bu il 300 kq bal çıxarıbsa, 25 manatdan satsa, 750 manat qazanmış olur.
İstənilən halda gəlir azalacaq”.

Bu il yarmarkada aşağı keyfiyyətli bal çox olacaq

Müsahibimiz qeyd etdi ki, bəzən məcburiyyətdən aşağı keyfiyyətli balı da
yarmarkaya qəbul edirlər: “Kimsə keçən ilin qiymətləri ilə – 10-15 manata bal
satsa, deməli, onun balı aşağı keyfiyyətlidir. Hər il balların 30 faizi ən
aşağı keyfiyyətli ballar olur. Bu il daha çox olacaq. Amma yarmarkada ən
keyfiyyətli ballar iştirak etməlidir. Bu il balların daha diqqətlə yoxlanılması
tapşırılıb. Çünki bu il şəkər verilən arılar daha çoxdur. Yemləmə daha çox
edilir ki, arılar həyatda qalsın”.

AQTA diastaza fermentini yoxlayır

E.Bayramlının fikrincə, bu il arılara şirə ilə daha çox yemləmə edilir deyə,
keyfiyyəti aşağıdır: “AQTA diastaza fermentini yoxlayır. Diastaza keçidi
altıdır. Keçid altıdırsa, heç olmasa balın keyfiyyəti 8 olmalıdır. Arıya şərbət
verilsə də, balı istehsal edəndə ağzından mürəkkəb şəkərin sadə şəkərlərə
parçalanması üçün diastaza fermentini qatır. Amma təbii olanda ağacdan,
çiçəkdən də həmin ferment gəlir. Arı da əlavə edəndə daha keyfiyyətli olur.
Amma yalnız arı qatanda, o zaman keyfiyyətsiz və aşağı göstəricili bal alınır.
Belə balların bəzisi yoxlamadan keçib qəbul edilir, amma keçməyib geri
qaytarılanlar da var”.

Baldan daha ehtiyatla istifadə edəcəklər

Həmsöhbətimiz həmçinin bildirdi ki, insanlar bu il qıtlıqla əlaqədar daha çox
bal alıb saxlaya bilərlər: “Yarmarkaya çıxarılacaq ballar ümumi Azərbaycanda
istehsal olunan məhsulun təxminən yetmişdə bir hissəsidir. Bu da çox cüzi
göstəricidir. Keçən il 10 kq bal istifadə edirdisə, bu il 5 kq istifadə edəcək.
Yəni, bal azalsa da, ondan daha ehtiyatla istifadə edəcəklər”.

Source link