Bakı şəhərində tez-tez rast gəlinən problemlərdən biri də avtomobillərin
səkilərdə park olunmasıdır.
Cixisyolu.com xəbər verir ki, şəhərin tam mərkəzində, Qız qalasının qarşısında
piyadaların rahat hərəkəti üçün nəzərdə tutulan geniş səkini taksi
sürücülərinin zəbt etməsi sosial şəbəkədə müzakirə mövzusu olub.
Qeyd olunub ki, şəhər sakinləri və turistlər həmin avtomobillərin arasından
çətinliklə keçib getməli olurlar.
“Neçə illərdir ki, vəziyyət belədir və bu barədə bir tədbir görən yoxdur”, –
deyə şikayətçi yazıb.
Məsələ ilə bağlı Cixisyolu.com-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi
İdarəsinin (BŞDYPİ) bölmə rəisiToğrul Nəsirli bildirib ki, sözügedən ərazidə
piyadaların hərəkətinə mane olan sürücülər barəsində qanunamüvafiq tədbirlər
görüləcək.
“Qeyd etmək istərdim ki, BŞDYP əməkdaşları tərəfindən bu istiqamətdə mütəmadi
olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd
etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi
sürücülər səkilərdə nəqliyyat vasitələrini saxlayaraq piyadaların hərəkətinə
maneə yaradırlar. Belə hal aşkarlandığı təqdirdə həmin sürücülər barəsində
İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı, 60 manat
cərimə məbləği tətbiq olunur.
Bir daha sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət
etsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək”, –
deyə T.Nəsirli vurğulayıb.
Əzizə İsmayılova