Qızı ilə birgə hakimlik edən azərbaycanlı: “Bir oyunda 15 sarı vərəqə
göstərmişdim” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qızımı oyuna hazırlamağım üçün çox vaxt lazım oldu. Oyun start götürdükdən
sonra hiss etdim ki, o, artıq tam hazırdır”.
Bu sözləri “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədri, İslandiyada
hakimlik və məşqçilik edən Zakir Həsənov AZƏRTAC-ın suallarını cavablandırarkən
deyib. Həmin müsahibəni təqdim edirik.
– Zəhmət olmasa, əvvəlcə özünüzlə barədə məlumat verərdiniz.
– Mən 1965-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakıxanov qəsəbəsində
yerləşən 6 nömrəli idman internat məktəbini bitirmişəm. Daha sonra Dəniz Balıq
Sənayesi Kollecinə daxil olmuşam. Məzun olduqdan sonra məni gəmidə işləmək üçün
Rusiyaya göndərdilər. Ardınca İslandiyaya gəldim və burada da gəmidə işlədim.
1997-ci ildən İslandiyada yaşayıram. 2006-cı ildə burada “Azəri”
Azərbaycan-İslandiya Cəmiyyətinin əsasını qoydum. Azərbaycanlı xanımla evliyəm,
iki qız, bir oğlan övladım var. Burada, eyni zamanda, məşqçilik məktəbini
bitirmişəm. Hazırda həm də UEFA B kateqoriyalı məşqçiyəm. “Akureyri” klubuna
başçılıq edirəm. Həmçinin, iki ildir İslandiya Futbol Federasiyasının
hakimiyəm. 15 yaşlı oğlum cüdo ilə, 13 yaşlı oğlum futbolla məşğul olur. 14
yaşlı qızım Leyla Həsənova isə yenicə hakimliyə başlayıb.
– Bu yaxınlarda Akureyri şəhərində keçirilmiş Kyarnafed Liqasında qızınızla
birlikdə hakimlik etmisiniz. Tarixdə ilk dəfə azərbaycanlı ata və qızı hakim
kimi meydana çıxıblar. Təəssüratınızı bilmək maraqlı olardı.
– Görüş xoş təəssüratla yaddaşımda qaldı. Qızımı oyuna hazırlamağım üçün çox
vaxt lazım oldu. Oyun start götürdükdən sonra hiss etdim ki, o, artıq tam
hazırdır. Ona görə də görüş bizim üçün çox yaxşı keçdi. Bu, onun idarə etdiyi
ilk matç idi. Leyla hazırda 9-cu sinifdə oxuyur. 10 illik məktəbi bu il
bitirəcək. Çünki dərslərini əla oxuyur. İnanıram ki, o, gələcəkdə əla hakim
olacaq.
– Qızınız hazırda İslandiya Futbol Federasiyasının ən gənc hakimidir. Onun bu
işə maraq göstərməsində, yəqin, sizin rolunuz olub…
– Özüm təcrübəli hakiməm. Qızım hakimlər məktəbini bitirdikdən sonra İslandiya
Futbol Federasiyasında işə başladı. Kyarnafed Liqası hər il qış aylarında
qapalı meydançalarda təşkil olunur. Çempionat isə ancaq yay aylarında
keçirilir. Çünki burada doqquz ay hava qarlı və şaxtalı keçir. Akureyri
şəhərində yaşadığım üçün hər il bu turnirdə hakimlik edirəm. Ölkə çempionatı
başlayanda isə digər şəhərlərdə keçirilən matçlara da təyinat alıram. Qızımın
hakimliyə həvəsi mən idarə etdiyim oyunları izlədikdən sonra yaranıb. Biz çox
zaman birlikdə futbol oynayırdıq. Hətta bir dəfə futbol matçını izləmək üçün
ailəmlə Londona getmişəm. İslandiyaya gələndən futbolla məşğul oluram. Sonra
düşündüm ki, bu sahədə özümü inkişaf etdirməliyəm. Ona görə də hakimlik və
məşqçilik üzrə təhsil almağa qərar verdim.
– Hazırda həvəskar, yoxsa peşəkar liqaların oyunları idarə edirsiniz?
– Həm həvəskar, həm peşəkar liqa matçlarını idarə edirəm. Burada 15 yaşdan 18
yaşadək olan futbolçular arasında turnirlər keçirilir. Axırıncı dəfə 18 yaşadək
futbolçulardan ibarət komandanın görüşünü idarə etmişəm.
– Hansı liqanın oyunlarında hakimlik etmək daha çətindir?
– Fikrimcə, həvəskar liqanın oyunlarını idarə etmək daha çətindir. Çünki
oradakı futbolçular olduqca cəlddirlər və meydanda çox qaçırlar.
– Siz həm də “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədrisiniz. Bu işləri
eyni anda görmək çətinlik yaratmır?
– Mən uzun müddətdir bu dörd işi eyni anda icra edirəm. Ona görə də artıq
öyrəşmişəm və heç bir çətinlik olmur. İslandiya kimi uzaq ölkədə Vətənimi
təmsil etməkdən qürur duyuram.
– Bu vaxta kimi İslandiyada başqa hansı oyunlara təyinat almısınız?
– İslandiyada Premyer Liqa, I, II, III və IV divizionlar var. İlk dəfə
qadınlar arasında ölkə çempionatının oyunlarında hakimlik etmişəm. Amma
kişilərin yarışına təyinat ala bilmədim. Çünki orada UEFA testi verməli idim.
Təəssüf ki, alınmadı.
– İdarə etdiyiniz görüşlərdən sizin üçün ən yaddaqalanı hansı olub?
– Ötən il kişi futbolçular arasında III divizionda referi kimi fəaliyyət
göstərirdim. Bir oyunda 15 sarı vərəqə göstərmişdim. Bu hal ilk dəfə baş
verirdi. Həmçinin, bu yaxınlarda 18 yaşadək oğlanlar arasında keçirilən
“Reykyavik” turnirində hakimlik edəndə çox təəccüblü halla rastlaşdım. Bir
oyunçunun ayaqları yox idi, protez taxırdı. Bir neçə dəqiqə, sadəcə, onu
izlədim, məəttəl qalmışdım. Birinci hissədə onun protezlərlə qaçdığına heç
fikir verməmişdim. Yalnız ikinci hissədə mənə yaxınlaşıb söz soruşanda onun
ayaqlarının olmadığını anladım.
– Azərbaycan çempionatının oyunlarını izləyirsiniz? Sizcə, İslandiya və
Azərbaycan futbolu arasında nə kimi fərqlər var?
– Bəli, izləyirəm. Amma İslandiya çempionatı daha çox xoşuma gəlir. Çünki
burada klublar arasında rəqabət daha güclüdür və onların hər biri qələbə qazana
biləcək potensialdadır. Azərbaycan Premyer Liqasında isə həmişə eyni
komandaları ilk üçlükdə görürük. Deməzdim ki, iki ölkənin futbolu arasında
böyük fərq var. Azərbaycanda “Qarabağ” aşkar favoritdir. “Sabah”ın da güclü
komanda olduğunu söyləmək olar. Həmçinin, Şahin Diniyevin rəhbərlik etdiyi
“Səbail” də iddialılar sırasındadır. Şahin müəllimlə eyni məktəbi bitirmişik.
Onunla birlikdə futbol da oynamışıq. Digər məsələ ondan ibarətdir ki,
İslandiyadan fərqli olaraq, Azərbaycanda azarkeşlər stadiona elə də çox
gəlmirlər. Bunun səbəbini bilmirəm. Bundan başqa, Azərbaycan klublarında
legionerlərin sayı çoxdur. Amma İslandiyada vəziyyət belə deyil. Burada hər
komandada bir, ya iki əcnəbi futbolçu çıxış edir. Hətta bəzi klublar var ki,
orada legioner oyunçuya rast gəlmək mümkünsüzdür.
– Şahin Diniyevdən bəhs etdiniz. Onun komandası hazırda turnir cədvəlində
üçüncü pillədədir. Sinif yoldaşınızın işini necə qiymətləndirirsiniz?
– Şahini çox yaxşı tanıyıram. Gözəl insandır, həm də əla futbolçu olub. Məşqçi
kimi də öz sözünü deyə bilir. Bunu qazandığı nəticələr də göstərir. Komandası
yaxşı çıxış edir. Getdikcə inkişaf edirlər.
– Azərbaycanlı hakimlər Çempionlar Liqası, Avropa Liqası kimi turnirlərə
təyinat alırlar. Bir neçə gün öncə FIFA referisi Əliyar Ağayev Serbiyada
“Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilmiş
oyunu idarə etdi. Həmin matçı izləmək imkanınız oldu?
– Bəli, oyunu izlədim. Matçın baş hakiminin azərbaycanlı olduğunu eşidəndə
dedim ki, bu oyuna baxmalıyam.
– Hazırda Azərbaycanın ən yaxşı hakimi hesab olunan Əliyar Ağayevin
idarəçiliyi sizi qane etdi?
– Əliyar çox güclü hakimdir, onun idarəçiliyini yüksək qiymətləndirirəm.
Qarşılaşmanı da çox yaxşı idarə etdi.
– Yerli hakimlərdən başqa kimləri qeyd edə bilərsiniz?
– Təcrübəli hakimlərimizdən Elçin Məsiyevi tanıyıram. O da cavan və istedadlı
referidir.
– Azərbaycanlı hakimlərin yaxın gələcəkdə Avropa və dünya çempionatları kimi
nüfuzlu turnirlərə təyinat almaq şanslarını necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, hakimlərimiz belə yüksəksəviyyəli oyunlara təyinat
almalıdırlar. Məsələn, İslandiyada hələ VAR sistemi tətbiq edilmir.
Azərbaycanda isə bu sistem ötən ildən var. Azərbaycan hakimləri mütləq böyük
yarışlarda olmalıdırlar. Hakimlərimiz öz işlərinin öhdəsindən çox yaxşı
gəlirlər. UEFA və FIFA onlara inanmalıdır.
– İslandiyada VAR sisteminin tətbiq edilməməsi işinizi çətinləşdirmir?
– Sözsüz ki, VAR tətbiq olunsaydı, daha yaxşı olardı. Hakimlər üçün oyunları
idarə etmək bir qədər asanlaşardı. VAR olmadan oyun idarə etmək çox çətindir.
– Hansısa oyunda azarkeşlərin təzyiqinə məruz qalmışınız?
– Düzdür, bəzi hallarda hakimlər təzyiq altında olurlar. Belə hallarla tez-tez
rastlaşırıq. Amma İslandiyadakı azarkeşlər tamam başqadırlar. Onlar çox çılğın
deyillər. Oyunun gedişindən asılı olmayaraq, hisslərini cilovlaya bilirlər.
Hətta oyunlarda polislər də olmur. Nisbətən vacib və böyük matçlarda bir-iki
polisə rast gəlmək olar. Çünki azarkeşlər özlərini çox yaxşı aparırlar, problem
yaratmırlar.