d405889d-ca98-4a70-850a-f5110ad47b1a..jpg

Qızı mağazadan oğurluq etdiyinə görə hamilə arvadını öldürən şəxslə bağlı QƏRAR

Baxış sayı: 510 dəfə baxılıb.

Qızı mağazadan oğurluq etdiyinə görə hamilə arvadını öldürən şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda arvadını xüsusi amansızlıqla
öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun hökmdən verilən
apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, 2022-ci il oktyabrın 22-də saat 1 radələrində Abşeron rayonu,
Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış
araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun
oktyabrın 21-də saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü
qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə
Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Vüqar Nəmətov şübhəli şəxs qismində
tutularaq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci
(təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə),
120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb. İttihama görə,
hadisədən əvvəl Vüqarın 7 yaşlı qızı “Al Market” mağazasından 37 manat
dəyərində müxtəlif şirniyyat məhsulları oğurlayıb. O, 25-26 həftəlik hamilə
olan arvadı Səidənin də bundan xəbəri olmasına görə əsəbiləşib, qızını
cəzalandırmaq məqsədilə yaşadıqları evin həyətindən boru parçasını götürüb
uşağı döyüb. Səidə ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir
borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün
itələməsindən əsəbiləşib. Daha sonra Vüqar dəmir parçası ilə Səidəni döyərək
öldürüb.

Source link