Zərgərlər və alverçilər işlənmiş qızıl-zinət əşyalarını müştəridən aldıqda əksər hallarda brilyant qaşları çıxarıb geri qaytarırlar. Yəni onu almaqdan imtina edirlər. Onlar bunu işlənmiş qaşın satışa yararlı olmaması ilə əlaqələndirirlər.
ÇıxışYolu.Com “xezerxeber.az”a istinadən xəbər verir ki, qızılın qiyməti hesablanaraq alınır, brilyant qaşlar isə sökülərək geri qaytarılır.
Zərgərlər və qızıl alverçiləri zinət əşyalarını alarkən bir çox hallarda yalnız qızıl hissəsini qəbul edirlər. Brilyant və digər bahalı qaşları isə sökərək geri qaytarırlar. Halbuki zinət əşyası satılarkən brilyant qaşlı məmulatlar qaşsızlardan xeyli baha olur.
Vətəndaşlar deyirlər ki, əksər hallarda qaşın qaytarılmasına görə heç bir ciddi səbəb göstərilmir. Bəzi zərgərlər isə müxtəlif səbəblər göstərirlər. Hətta həmin qaşların təmiz brilyant olmadığını deyənlər də olub.
Belə iddialar da var ki, satışda olan bəzi brilyantlar bütöv qaş deyil, brilyant tozunun kristallaşmış formasıdır. Ancaq zərgərlər bu iddianı qəbul etməyərək deyirlər ki, üzük qaşlarını əksər hallarda zədəli, yəni satış üçün yararsız olduğu üçün qəbul etmirlər.
Maliyyə Nazirliyi nümayəndəsi bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, Nazirliyin Qiymətli Metallara və Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən planlı və plandankənar yoxlamaların aparılması 2021-ci il yanvarın 1-dək dayandırılıb.
Bu səbəbdən də hazırda zərgərlik və digər məişət məmulatlarının əyar göstəricilərinin düzgünlüyü ilə bağlı heç bir yoxlama aparılmır.