f36acb60-092d-41ac-9b2d-5e343887b5c2..jpg

“Qızılca ilə bağlı durum epidemiyanın başlanğıcı hesab edilə bilər” – Pediatrlardan peyvənd ÇAĞIRIŞI + FOTO

Baxış sayı: 446 dəfə baxılıb.

“Qızılca ilə bağlı durum epidemiyanın başlanğıcı hesab edilə bilər” –
Pediatrlardan peyvənd ÇAĞIRIŞI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son dövrdə Azərbaycanda qızılca xəstəliyinə yoluxma halları təhlükəli vəziyyət
almağa başlayıb.

Rəsmi məlumata görə, ölkədə artıq üçüncü azyaşlı uşaq ağırlaşmış qızılca
səbəbindən vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi məlumatına görə isə
xəstəliyi ağır keçirən uşaqların əksəriyyəti qızılcaya görə peyvənd
olunmayanlardır.

Maraqlıdır, valideynlər vurulması vacib peyvəndlər haqqında nə qədər
məlumatlıdırlar? Doğum evlərində, klinikalarda yeni dünyaya gələn uşaqlar üçün
valideynlərə peyvənd yaddaş kitabçası verilirmi?

Bu barədə Cixisyolu.com-a danışan pediatr Günay Rəsulova qeyd edib ki, özəl tibb
müəssisələrində valideynlərə peyvənd yaddaş kitabçası verilir. Lakin pediatrın
fikrincə, körpə doğulan kimi ailəyə mütləq peyvənd yaddaş kitabçası
verilməlidir kimi bir tələb yoxdur:

“Çünki uşaq doğulub, doğum evindən çıxandan sonra ən yaxın sahə
poliklinikasında qeydiyyata salınır. Ailə yaxınlaşmalı, poliklinikada
qeydiyyata düşməlidir. Beləliklə, peyvəndlərin vaxtı çatanda poliklinikadan
ailələrə məlumat verilir ki, uşağın hansı ayında hansı peyvənd vurulmalıdır.
Buna sahə həkimi tərəfindən nəzarət olunur. Yəni valideynlərin peyvəndlər
haqqında məlumatsız olmaları mümkün deyil. Sadəcə, əksər valideyn peyvəndin
məsuliyyətini dərk etmədən, qohum-qonşunun fikirlərinə əsasən, yan təsirdən
qorxaraq imtina edib. Peyvənddən imtina edilməsi də nəticədə belə infeksion
xəstəliklərin yayılmasına səbəb olur. Qızılca peyvəndini iki dozada alan
uşaqlarda 97 faiz qoruyuculuq formalaşır. Ona görə uşağına peyvənd vurdurmayan
valideynlər poliklinikaya yaxınlaşıb, vurdura bilərlər”.

Pediatr Vaqif Qarayev isə vurğulayıb ki, uşaq doğulandan bir aylığına qədər
sahə həkimi uşağı ən azı bir dəfə ziyarət edir:

“Həmin ziyarətdə isə peyvəndlər haqqında məlumat mütləq verilir. Peyvəndlər
haqqında məlumat valideynə doğum evində, klinikada da verilir. Uşaq bir aylıq
olanda sahə həkiminin qəbulunda olur, müayinədən keçir. Bu zaman da peyvənd
haqqında valideyn yenidən məlumatlandırılır. Biz bilirik ki, bəzi hallarda
həkimlər də valideynləri peyvənddən çəkindirmək istəyirlər. Bu, dəhşətlidir,
amma geniş yayılan bir məsələ deyil. İstənilən halda, burada valideyn
məsuliyyəti vacib məqamdır. Mütləq şəkildə valideynlər özləri peyvənd işinə
ciddi yanaşmalıdırlar.

Sovet dövründə peyvəndlər məcburi idi. Biz indi sovet təbabətini bəyənməsək
də, çox yaxşı tərəfləri var idi. Uşaqlara peyvəndi evlərdə, məktəblərdə,
bağçalarda, poliklinikalarda – harada olur-olsun, mütləq vururdular. Ona görə
həmin dövrdə ölkə üzrə yayılan heç bir uşaq infeksiyası, epidemiyası yadıma
gəlmir.

Qızılca COVID-19 pandemiyasından öncə də var idi, telefonum qızılca səpkiləri
ilə əlaqədar şəkillərdən, müraciətlərdən az qala dolmuşdu. Amma o zaman da
peyvəndə müsbət yanaşanlar az idi. Son illərdə isə peyvəndə az qala Əzrail
gözündə baxırlar: peyvənd əlil edir, autizm yaradır və s. Bəs sual verirəm,
peyvənd olunmayan uşaqlarda niyə hər cür xəstəlik tapılır? Onlar niyə əlil,
iflic, autist olurlar?

Biz guya avropalaşmışıq, peyvənd könüllü olub. Biz hüququn əleyhinə gedə
bilmərik, könüllü olsun. Amma indi qızılca infeksiyası hüquq tanıyır? Xeyr!

Ana hamiləliklə bağlı məzuniyyətə çıxanda, ginekoloqun qəbulunda olanda onu
sağlam uşaq otağına aparırlar, peyvənd otağını da göstərirlər. Yəni peyvəndləmə
haqqında təbliğat hələ uşaq dünyaya gəlməmişdən başlayır, biz pediatrlar da o
qədər çox deyirik ki, valideynə heç peyvənd yaddaş kitabçası lazım belə olmur.
Sadəcə, yenə deyirəm, əsas məsələ valideyn məsuliyyətidir”.

Pediatr qızılca virusunun çox qədim xəstəlik olduğunu və yoluxdurma
qabiliyyətinin son dərəcə yüksək olduğunu vurğulayıb:

“Hər virusun yoluxdurucu və öldürücü qabiliyyəti var. Qızılcaya yoluxan bir
şagird məktəbdə üç sinfi yoluxdura bilər, çox tez yayılır. Amma letallıq, yəni
öldürücü təsiri aşağıdır. Bəs niyə bu xəstəlik öldürür? Çünki bu virusun
ağırlaşmaları çox təhlükəli pnevmoniya və s. nəticələrə gətirib çıxarır, hətta
qalıcı fəsadlar yarada bilir. Əslində isə dediyim kimi, qızılca öldürücü
xəstəlik deyil, hətta qripdən daha az təhlükəlidir və xüsusi müalicə planı
yoxdur. Qızılca bir həftə, 10 gün müddətində ağırlaşma olmazsa, öz-özünə
sağalıb, keçir. Adi gigiyenik qulluqlar, qızdırmaya nəzarət, təcrid edilmə
kifayətdir. Amma peyvənd olunan uşaqlar belə, yüngül keçirirlər, nəzarətdə
saxlandıqda qısa müddətə sağalırlar.

Bütün dünyada viruslara yoluxmadan qorunmağın iki yolu var: birincisi,
peyvənddir – bu, mütləqdir, ikincisi isə özünütəcriddir. Mən bir həkim kimi bir
müddət distant təhsilə keçilməsinin tərəfdarıyam. Çünki bu, artıq epidemiya
halının başlanğıcı hesab edilə bilər. Ciddi tədbir görülməzsə, addımlar
atılmazsa, qızılca ölkədə epidemiyaya çevrilə bilər”.

Aysel Aslan

Source link