672e0f69-80ce-45ff-8e38-e447e962ca63..jpg

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara necə təsir edəcək? – FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Qızılın qiyməti artdı: İşğaldan azad olunmuş ərazilərimizdəki mədənlər bazara
necə təsir edəcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də
qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri
mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə
dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir. Dövlət Statistika
Komitəsi xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl
hasil edilib. Bu rəqəmlər 2022-ci ilin göstəricilərindən 17,7 faiz azdır.

Bəs hasilatın azalmasına səbəb nədir? İşğaldan azad olunmuş ərazilərimizdəki
qızıl mədənlərində hasilat prosesi başlayıbmı?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bu sektor Azərbaycan üçün yenidir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,
millət vəkili Vüqar Bayramov bildirib ki, hasilatın artırılması üçün yüksək
texnologiyaların cəlb edilməsi lazımdır:

“Bütün hallarda nəzərə almalıyıq ki, bu sektor Azərbaycan üçün yenidir. Ona
görə də mütəmadi olaraq, illik göstəricilərin dəyişməsini müşahidə edə bilirik.
Bu da məhz həmin sektorun yeni olması və daha çox texnologiya tələb etməsi ilə
bağlıdır.

Amma nəzərə almalıyıq ki, Zəngilanda və Kəlbəcərdə ehtiyatlarımız kifayət
qədər böyükdür. İşğaldan azad edilən ərazilərimizdəki ehtiyatlarımızın böyük
olması qızıl hasilatının artırılmasına imkan yaradacaq. Növbəti illərdə
Azərbaycanda qızıl hasilatının artacağı gözlənilir. Çünki işğaldan azad olunmuş
ərazilərimizdə daha intensiv şəkildə qızıl hasilatı mümkündür”.

Yataqlara yenidən baxılması planlaşdırılır

İqtisadçı Elmir Səfərli bildirib ki, qızıl hasilatımız artırıldıqdan sonra
dünya birjalarına da çıxmağımız mümkün olacaq:

“Azərbaycanda qızılın istehsalı ən çox Daşkəsən, xüsusən də Qarabağ zonasına
düşür. Nəzərdə tutulur ki, gələcəkdə Qarabağ zonasında qızıl hasilatını
artırmaq üçün o yataqlara yenidən baxışlar keçirilsin və resursların imkanları
araşdırılsın. Gələcəkdə işğaldan azad olunan ərazilərdə də qızıl yataqlarının
işlənməsinə başlanılacaq. Başlandıqdan sonra artıq istehsal da artacaq.
İstehsal artdıqdan sonra həm yerli tələbatı ödəyə biləcəyik, eyni zamanda dünya
birjalarında da qızılla bağlı fəaliyyətlər gerçəkləşdirmək mümkün olacaq”.

Qızıla tələbat azalır

E.Səfərlinin fikrincə, qızılın qiymətində istehsal faktorları, maya dəyəri
önəmlidir. Amma qızılın qiyməti maya dəyərindən asılı olmayaraq dünya
birjasında tənzimlənir:

“Son dönəmlərdə qızılın qiymətində artımlar müşahidə olunur. 2023-cü ilin
sonuna yaxın dünya birjasında qızılın qiyməti ən pik həddə çatıb. Hətta 2024-cü
ilin ilk rübündə 2000 dollar həddini görə bilərik. Təbii ki, qiymət yüksəldikcə
qızıla olan tələbat da azalır. Qiymət yüksəldikcə insanlar qızıldan yalnız
investisiya məqsədilə istifadə edirlər. Tələbat azaldığına görə, qızılın
istehsalı da aşağı düşür”.

Zərgərlik sənayesinə təsir edəcəkmi?

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev qeyd edib ki,
hasilatçılardan xam qızıl əldə edilməsi mümkün deyil deyə, hasilatın azalması
zərgərlik sektoruna təsir etməyəcək:

“Bəli, əvvəlki dövrlə müqayisədə qızıl hasilatı nisbətən aşağı düşüb. Buna
təsir edən müəyyən obyektiv səbəblər var. Amma hasilatın aşağı düşməsinin
zərgərlik məmulatlarının istehsalına ciddi təsir etməsi gözlənilmir. Çünki
yerli hasilatçılardan çox da böyük həcmdə xam qızıl əldə edilmir. Bu səbəbdən,
hasilatın azalmasını zərgərlik sənayesinə təsir edən ciddi amil kimi qəbul
etmək olmaz”.

Zinət əşyaları bahalaşacaq

Sədrin sözlərinə görə, əvvəllər bazarda qramı maksimum 62 dollar olan xam
qızılın qiyməti indi 66 dollara qalxıb:

“Qiymətlərin yüksəlməsinə hasilat təsir etmir. Qiymətli metalların birja
qiymətində artım müşahidə edilərsə, o zaman qiymətlərdə artım ola bilər. Bu gün
qiymətlərdəki artımı müşahidə edirik. 999 əyarlı bir qram xam qızılın qiyməti
65-66 dollar civarındadır. Halbuki uzun müddət 58-60 dollar civarında idi. Bəzi
hallarda 62 dollara qədər qalxırdı. Amma son bir neçə aydır stabil olaraq 65-66
dollar həddindədir. Bu da zərgərlik məmulatlarının qiymətinin artmasında rol
oynayacaq”.

Məsələ ilə bağlı “AzərGold” QSC-dən bildirilib ki, onların qızıl istehsalında
heç bir problem yoxdur. 2023-cü ildə şirkət tərəfindən 63,7 min unsiya qızıl
hasil edilib. Bu “AzerGold”un fəaliyyət dövrü ərzində ən yüksək illik
göstəricidir:

“Beləliklə, qızıl hasilatı plandan 2%, gümüş hasilatı isə 6% artıq icra
edilib. 2022-ci illə müqayisədə 2023-cü ildə qızıl hasilatında 1,7 min unsiya
və ya 3% artım qeydə alınıb”.

Source link