Qızlara söz atan şəxsi öldürən Ali Məhkəməyə müraciət etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirləndirilən Teymur
İsmayılovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses gələn il yanvarı
17-nə təyin edilib. Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, 2020-ci il sentyabrın 10-da saat 19 radələrində Sumqayıt
şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun
üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər
prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən
məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib,
digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla
hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər
zəminində aralarında yaranmış mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə
çoxsaylı zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Teymur
İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Teymur İsmayılovun barəsində Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Teymur
İsmayılov istintaqa ifadəsi zamanı bildirib ki, hadisə taksi fəaliyyəti ilə
məşğul olan zaman qeydə alınıb. Belə ki, Elgün İsmayılov maşını ilə hərəkət
edərkən ətrafda dayanan xanımlara söz atıb. Bundan sonra Teymur İsmayılov Elgün
İsmayılova etdiyi hərəkətin yanlış olduğu deyib. Tərəflər arasında yaranan
mübahisə sonda Elgünün qətlə yetirilməsi ilə nəticələnib. Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə Teymur İsmayılov 10 il müddətinə azadlıqdan məhrum
edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmə isə
aşağı instansiya məhkəməsinin çıxardığı qərarı tamamilə ləğv edib. İş yenidən
baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.