2b2f15f5-30b1-477a-a170-2a6eaebab6b7..jpg

Qlobal sarsıntılar şəraitində ehtiyatlı nikbinlik: Azərbaycan iqtisadi inkişaf imkanlarını necə tapır? – FOTO

Baxış sayı: 883 dəfə baxılıb.

Qlobal sarsıntılar şəraitində ehtiyatlı nikbinlik: Azərbaycan iqtisadi inkişaf
imkanlarını necə tapır? – FOTO

Beynəlxalq təşkilatlar və ekspertlər qlobal iqtisadiyyatda kəskin yavaşlama və
sonrakı dövrlərdə tədricən bərpa olacağını proqnozlaşdırırlar. Belə ki, BMT
ekspertlərinin proqnozlarına əsasən, 2023-cü ildə dünya iqtisadiyyatının artımı
1,9% səviyyəsində proqnozlaşdırıldığı halda, ötən il bu rəqəm 3% təşkil edib.
Belə zəif artım inflyasiya ilə mübarizə və Rusiya ilə Ukrayna arasında gedən və
iqtisadi fəallığa mənfi təsir göstərən müharibə ilə əlaqələndirilir.

Bu məhdudlaşdırıcı faktorlara baxmayaraq, inkişaf perspektivləri daha az
qaranlıq görünür və özündə iqtisadi artımın minimum səviyyəyə düşməsi və
inflyasiyanın azalması kimi dönüş nöqtəsi də ehtiva edə bilər.

Hazırda inflyasiya təzyiqləri azalmağa başladığı üçün qlobal maliyyə şərtləri
yaxşılaşıb. Bu və ABŞ dollarının ötən ilin noyabrındakı ən yüksək həddən
ucuzlaşması inkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün müəyyən irəliləyiş
təmin edib.

Dünya Bankının (DB) proqnozlarına müraciət etsək, bu il Azərbaycanda iqtisadi
artım 2,8% olacaq. Bu isə qlobal iqtisadiyyat üzrə proqnozdan 1,1 faiz bəndi,
Avropa və Mərkəzi Asiya (AMA) ilə müqayisədə isə 2,7 faiz bəndi çoxdur. Bundan
əlavə, Azərbaycan 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionunda ÜDM-in real
artım dinamikasına görə ilk dörd ölkədən biridir.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın 2023-cü il üçün iqtisadi
perspektivləri ilə bağlı gözləntiləri də eynidir, 2,8% səviyyəsindədir.

DB və AİB-dən fərqli olaraq, Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB) gözləntilərində daha mühafizəkardır və bu
təşkilatlar bu il Azərbaycanda ÜDM-in artım tempini 2,5% səviyyəsində
proqnozlaşdırırlar.

Azərbaycan hökuməti isə 2023-cü ildə ÜDM artımını 2,7%, 2024-cü ildə 4,1%
səviyyəsində proqnozlaşdırır.

Bəs 2023-cü ilin əvvəlində vəziyyət necədir? Ötən ilin yekunlarına görə, 4,6%
ÜDM artımına nail olan ölkədə 2023-cü ilin yanvarında 1,5% azalma olub. Bu,
xüsusilə neft-qaz sektorunda hasilatın 4,6% azalması ilə bağlıdır,
qeyri-neft-qaz sektorunda isə 1,7% artım olub.

Azərbaycan iri neft-qaz sektoruna malik, ÜDM-nin ən azı 50%-ni və ölkə
ixracının 90%-ni məhz bu sahənin təşkil etdiyi inkişaf etməkdə olan
iqtisadiyyat olduğundan bu sahədə hasilatın azalması ümumilikdə ÜDM-in
artımında da özünü göstərir.

Amma qeyd etmək lazımdır ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatının bərpası
(4,6%) qeyri-enerji sektorları hesabına baş verib, iqtisadiyyatın
qeyri-karbohidrogen hissəsi xidmətlər və istehsal hesabına 9,1%-lik artım
göstərib. Bununla belə, OPEC+ neft hasilat kvotalarına görə məhdud neft
hasilatı ilə ümumi ÜDM artımı məhdudlaşıb.

Nəzərə alsaq ki, 2023-cü ilin əvvəlində əsas kapitala investisiyalar 61,2%, o
cümlədən qeyri-neft-qaz sektoruna 2,5 dəfə artıb, sonrakı aylarda iqtisadi
aktivliyin artması ilə ölkənin ÜDM-nin davamlı artımı mərhələsinə keçid
olacağını gözləmək olar.

İnflyasiya nəzarət altındadır

Dünya iqtisadiyyatının bir parçası olan, Avropa və Rusiya ilə eyni iqtisadi
regionda olan Azərbaycan təbii olaraq hələ də kənardan güclü mənfi təzyiqlər
yaşayır. Yanvarda istehlak qiymətləri 13,6% artıb, halbuki ötən ilin eyni
dövründə inflyasiya 12,5% olmuşdu.

Aydındır ki, dünya pandemiyadan sonrakı dövrə yenicə uyğunlaşmağa başlayıb,
ona görə də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı
müşahidə olunur. Bir çox malların qıtlığına səbəb olan Rusiya-Ukrayna
müharibəsi də qlobal inflyasiyaya böyük təsir göstərir.

Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə illik inflyasiyanın 8%-ə qədər
azalacağını proqnozlaşdırır və bunun üçün pul-kredit siyasəti çərçivəsində öz
təsirini davam etdirəcək. 2022-ci ildə uçot dərəcəsini dörd dəfə artırdıqdan
sonra 2023-cü ilin fevralında Mərkəzi Bank uçot dərəcəsini yenidən artırıb –
8,5%-ə çatdırıb.

Azərbaycanda dekabr ayında ev təsərrüfatları arasında aparılan sorğuya əsasən,
inflyasiyanın artacağını gözləyənlərin payı 2 faiz bəndi artaraq 22%-ə çatıb.
Hərçənd 2022-ci ildə ərzaq inflyasiyasının yüksək səviyyəsi (19%) ilə əlaqədar
Azərbaycanda illik inflyasiya 14,4% təşkil etmişdi. Eyni zamanda, inflyasiya
sentyabrda pik həddə – 15,6%-ə çatmışdı

Məlumdur ki, bütövlükdə qiymət artımına bir çox müxtəlif amillər səbəb olub –
Ukraynadakı müharibə enerji daşıyıcılarının qiymətlərində sıçrayışa səbəb olub,
tədarük zəncirindəki fasilələr isə digər malların qiymətlərinə təsir edib.
Başqa sözlə, yüksək qiymətlər əmtəə və xidmətlərin çox az təklifi və eyni
zamanda onlara olan tələbatın çox olması ilə bağlıdır. Faiz dərəcəsini
yüksəltməklə mərkəzi banklar banklar və müvafiq olaraq istehlakçılar və
müəssisələr üçün borc pul götürməyi bahalaşdırır.

İstehlakçılar üçün daha yüksək faiz dərəcələri o deməkdir ki, ev, avtomobil,
mebel və böyük məişət texnikası kimi baha əşyalar almaq üçün borc pul götürmək
daha da baha başa gəlir.

Yüksək faiz dərəcələrinin digər potensial nəticəsi odur ki, müəssisələr borc
almağı və investisiya etməyi dayandıra bilər, yəni istehlakçılar və müəssisələr
daha az xərcləməyə və nəticədə tələbi təklifə uyğun səviyyəyə endirməyə
başlayacaq.

Bu o deməkdir ki, faiz dərəcələrinin artırılması tələbin ümumi səviyyəsinin
azalmasına kömək edir və buna görə də qiymətlərə artım təzyiqinin azalacağına
ümid etmək olar.

Bütün bunların fonunda ölkədə milli valyutanın məzənnəsinin 2017-ci ilin aprel
ayından bəri sabit səviyyədə – 1 ABŞ dollarının 1,7 Azərbaycan manatı
səviyyəsində saxlanması diqqət çəkir. Amma neftin qiymətinin dəyişməsi və
Azərbaycanın əsas ticarət tərəfdaşı olan dövlətlərin milli valyutalarının
ucuzlaşması fonunda manatın dollara nisbətdə məzənnəsinə təzyiqlər qalmaqdadır.

Davamlı inkişafa aparan yol

Ehtimal olunur ki, kiçik və orta biznes (KOB) bazar boşluqlarını dolduraraq,
yeni xidmətlər yaradaraq iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına
töhfə verir, rəqabəti, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasını
stimullaşdırır. Sahibkarlığın bu seqmenti iqtisadiyyatın imkanlarını və
davamlılığını genişləndirməklə onun şaxələndirilməsində mühüm rol oynayır.

ÜDM-in strukturunda özəl sektorun payı artıq 80%-i ötüb və bunda mikro, kiçik
və orta biznesin böyük rolu var. 2022-ci ildə ölkədə 153 197 mikro, 8 316 kiçik
və 3 105 orta sahibkarlıq subyekti qeydiyyata alınıb. Bu, ölkədə qeydiyyata
alınmış bütün sahibkarlıq subyektlərinin 99,5 faizini təşkil edir.

Son illər qlobal dəyişikliklər fonunda idxal olunan bir sıra kənd təsərrüfatı
məhsullarının qiymətlərində artım müşahidə olunur və idxalın əvəzlənməsi
məqsədilə kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sahibkarlara bu
ildən vergi güzəştləri tətbiq olunub. Vergilər Məcəlləsinə edilən dəyişikliyə
əsasən, qida məhsulları istehsalçıları yeddi il müddətinə mənfəətinin yarısı
həcmində vergidən, habelə əmlak və torpaq vergilərindən azaddırlar.

Məhsul istehsalı ilə məşğul olan sahibkarlar artıq yerli istehsala sərmayə
yatırmaq üçün vergi güzəştlərindən istifadə edirlər. Bununla belə, investisiya
təşviqi, əsasən, yeni başlayan sahibkarlara yönəlib, əksər vergi ödəyiciləri
isə bu kateqoriyaya aid deyil. Bunu nəzərə alaraq, aqrar-sənaye sahəsində
fəaliyyət göstərən sahibkarların işində sabitliyin təmin edilməsi və onların
investisiya layihələrinin həyata keçirilməsinin stimullaşdırılması məqsədilə
onlara da analoji vergi güzəştləri verilir. Nəticədə həm yeni, həm də mövcud
müəssisələr eyni həcmdə vergi güzəştləri alıblar.

Aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının
istehsalından əldə etdikləri gəlirlərlə yanaşı, həmin məhsulların satışından da
gəlirləri var və onlara bu güzəştlər tətbiq edilməyib. Kənd təsərrüfatı
sahəsində stimullaşdırma siyasətinin davam etdirilməsi məqsədilə fiziki və
hüquqi şəxslər gəlir vergisindən azad edilib. Hüquqi şəxslər üçün bu müddət bir
il, fiziki şəxslər üçün isə müddətsizdir.

Bütün bu tədbirlər əhalinin məşğulluğunu təmin etməklə yanaşı, həm də ərzaq
məhsulları ilə özünütəminatın payını artıracaq və bununla da ölkəyə
inflyasiyanın idxalını azaldacaq.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf
Strategiyası”nda ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunda KOB
subyektlərinin istehsalının xüsusi çəkisinin ÜDM-in 35%-i həcminə çatdırılması,
məşğulluq sahəsində isə bu rəqəmin 60%-ə çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, ölkədə mikro və kiçik biznes nümayəndələri bir sıra problemlərlə
üzləşirlər. Çox vaxt mikrobiznes uğurlu biznes fəaliyyəti üçün vacib olan
qanunvericiliyin, mühasibat uçotunun, marketinqin və s. nüansları ilə tanış
olmayan bir neçə nəfərdən, bəzən hətta bir təsisçidən ibarət komandadır. Məhz
buna görə də hökumət ölkədə kiçik və orta sahibkarlığın inkişaf mərkəzləri
açır. Mərkəzlər innovativ sahibkarlığa, startaplara və ailə biznesinə pulsuz
dəstək verir, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi ilə
məşğul olur.

Sahibkarların vaxtına və puluna qənaət etmək üçün İqtisadiyyat Nazirliyi və
digər dövlət qurumları tərəfindən xidmət göstərilən KOB evləri də fəaliyyət
göstərir. Sahibkarlar eyni məkanda dövlət qurumlarından 200-ə yaxın, özəl
şirkətlərdən isə 100-dən çox xidmət ala bilərlər. Bunun nəticəsidir ki, KOB
evlərində sahibkarların xidmət keyfiyyətindən məmnunluq səviyyəsi 98 faizə
yaxındır.

KOB-ların rolunu əla başa düşən Azərbaycan hökuməti artıq bir neçə ildir kiçik
və orta biznesin stimullaşdırılması üçün kompleks tədbirlər həyata keçirir.

Məsələn, ötən il Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən bütün
güzəştli kreditlərin 99,9 faizi mikro, kiçik və orta biznes subyektlərinə
verilib. Ayrı-ayrı kateqoriyalar da dəstək alır – 2022-ci ildə Fond tərəfindən
qadın sahibkarlara və gənc iş adamlarına müvafiq olaraq 13,9 milyon və 14
milyon manat ayrılıb. Bundan əlavə, bu gün 90-a yaxın KOB subyekti sahibkarları
üç il müddətinə gəlir vergisindən və ya mənfəət vergisindən azad edən “Startap”
sertifikatı alıb.

KOB subyektləri həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
layihələrin həyata keçirilməsi və ya daxili bazarın tədqiqi xidməti üçün 20 000
manatadək qrant da ala bilərlər.

Agentlik sahibkarlara beynəlxalq sərgilərdə iştirakın təşkilində və ya
mallarının pərakəndə satış şəbəkələrinin rəflərinə gedib çıxmasında təmənnasız
yardım göstərə bilər və bu zaman pərakəndə satış məntəqəsinin icarəsinə 80%
endirim edilir. Bundan başqa, mikro sahibkarların gəlirlərinin 75%-i gəlir
vergisinə cəlb edilmir, onlar həmçinin əmlak vergisindən də azaddırlar.

Böyük qayıdış

Azərbaycanda tarixi hadisəyə – məcburi köçkünlərin erməni işğalından azad
edilmiş rayonlara qayıtmasına start verilib. Bu proses “Böyük qayıdış” adlanır.

Bu gün Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması
və dirçəldilməsi istiqamətində aparılan işləri yüksək templə davam etdirir. Son
iki ildə bu məqsədlər üçün dövlət büdcəsindən 6,5 milyard manat, o cümlədən
ötən il 4,3 milyard manatdan çox vəsait ayrılıb.

“Böyük qayıdış” dövlət proqramı özündə 2026-cı ilə qədər bərpanı və 34,5 min
ailənin geri qaytarılması strategiyasını ehtiva edir. İlk addım vətəndaşların
Zəngilan rayonunun bərpa edilmiş, “ağıllı kənd” prinsipi ilə salınmış Ağalı
kəndinə köçürülməsi olub.

Ağalı kəndinin “yaşıl” və rəqəmsal texnologiyaların tətbiqi təcrübəsi artıq
ikinci “ağıllı kənd”də – Füzuli rayonunda yerləşən Dövlətyarlıda da tətbiq
edilir. Burada Günəş panellərinin quraşdırılması, həmçinin akvakultura və
quşçuluq təsərrüfatlarının inkişafı üçün rəqəmsal sistemlərin tətbiqi nəzərdə
tutulur.

Şuşa şəhəri bərpa edilərkən əsas diqqət onun möhtəşəm tarixi irsinin qorunub
saxlanmasına yönəldilib.

Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün işğaldan azad edilmiş
ərazilərdə sənaye zonaları və aqrar klasterlər şəbəkəsinin yaradılması, özəl
təşəbbüslərin dəstəklənməsi, ixracyönümlü müəssisələrin qurulması üçün səmərəli
mexanizm formalaşdırılması vacib hesab edilir.

Ölkədə həyata keçirilən sənaye parkları konsepsiyası özünü doğrultduğundan
Vətən müharibəsindən qısa müddət sonra hökumət onları işğaldan azad edilmiş
ərazilərdə yaratmağa da başladı. 2021-ci ilin mayında Prezidentİlham Əliyevin
sərəncamı ilə Ağdam Sənaye Parkı, həmin ilin oktyabrında isə “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Burada artıq həyata keçirilən
layihələr arasında yük avtomobillərinə xidmətlər, dam örtüyünün, dəmir-beton və
polimer məmulatlarının, istilik izolyasiya panellərinin, havalandırma və
yanğınsöndürmə avadanlıqlarının, Günəş enerjisi ilə işləyən işıqlandırma
dirəklərinin, dezinfeksiyaedici maddələrin və digər məhsulların istehsalı var.

2030-cu ilədək Qarabağın payının Azərbaycanın qeyri-neft iqtisadiyyatı
səviyyəsinin 5-10%-ni təşkil edəcəyi və regionun ölkənin kənd təsərrüfatında
10,4% paya malik olacağı gözlənilir. Qarabağda 167 faydalı qazıntı ehtiyatı
hesabına dağ-mədən sənayesinin inkişaf etdirilməsi nəzərdə tutulur. Xüsusilə,
Söyüdlü yatağı sayəsində Kəlbəcərin regionda dağ-mədən sənayesinin mərkəzinə
çevrilmək üçün böyük imkanları var. Qarabağ bölgəsinin Azərbaycanın dağ-mədən
sənayesinə töhfəsi 5,3%, emal sənayesinə isə 4,3% ola bilər.

Qarabağ regionunun Azərbaycanda nəqliyyat xidmətlərinə təsiri 4,9%
qiymətləndirilir. Şuşa təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın
turizminin əsas mühərrikinə çevriləcək, yaxın illərdə isə islam və türk
dünyasının mədəniyyət mərkəzi olacaq. Ağdam şəhəri isə regionda yüngül sənaye
və xidmət mərkəzinə çevrilə bilər.

Qarabağ regionunda 0,5 GVt külək, 0,7 GVt su və 4 GVt Günəş potensialı
bölgənin “yaşıl” enerji zonasına çevrilməsinə yol açır.

“Xudafərin”, “Qız qalası”, “Suqovuşan” su elektrik stansiyaları, eləcə də
Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin
enerji tələbatını ödəmək iqtidarındadır. bp-nin Qarabağda “yaşıl” energetikaya
sərmayə qoymaq niyyəti təkcə alternativ energetikaya deyil, bütövlükdə Qarabağ
regionuna investisiyalar üçün əlavə stimuldur.

Beləliklə, regionun yüksək inkişaf etmiş iqtisadi mərkəzə çevrilməsi üçün
bütün imkanlar mövcuddur, bu da yeni mərhələdə Azərbaycanın ümumi iqtisadi
inkişafına mühüm töhfənin veriləcəyi deməkdir.

“Report” İnformasiya Agentliyi

Source link