Məlum olduğu kimi 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə II Avropa Oyunları keçirildi.
Lakin əvvəlcə özümüzdən, tədbirin media hissəsindən yazmaq istəyirəm. Onu da qeyd edim ki, Olimpiada tipli belə yarışa ilk dəfə Azərbaycandan 15-ə yaxın media nümayəndəsi getmişdi. Onların arasında Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin mətbuat nümayəndələri, eləcə də özəl medianın əməkdaşları iştirak edirdi. Bir sözlə, dörd il öncə ilki Azərbaycanda gerçəkləşdirilmiş bu yarışa ölkəmiz tərəfindən həddindən artıq böyük maraq göstərilirdi.
Təşkilatçılığa gəlincə, media nümayəndəsi kimi Avropa Oyunlarının həyəcanını artıq Minsk Milli Hava Limanından hiss etmək olurdu. Avropa Oyunlarına aid lövhə hələ pasport nəzarəti məntəqəsindən əvvəl quraşdırılmışdı.
Pasport yoxlanışından keçib Minskə daxil olduq. Könüllülər yarış ərzində bizə yoldaş olacaq akkreditasiya vərəqələrini təqdim etdi. Hava limanından şəhərin mərkəzinə jurnalistlər xüsusi ayrılmış avtobuslarla yola salındı.
Elə ilk gündən – 20 iyundan bizim işimiz başladı. Minskdəki Atletlər kəndi ilə tanışlıq tədbirinə yetişə bilməsək də, üzülmədik. Çünki Minskin ən gözəl parklarından olan “Pobeda”da təsadüfən maraqlı layihə ilə üzləşdik. Uşaqlara kömək məqsədilə keçirilən Avropa qaçış yarışlarında məşəlin yandırıla və orada “II Avropa Oyunlarının Müdiriyyəti” fondunun direktoru, Belarus Milli Olimpiya Komitəsinin baş katibi Georgi Katulin iştirak edə, biz ondan müsahibə almayaq?!
Axşam isə bu yarışların azərbaycanlı səfiri olan Tünzalə Ağayevanın ifası altında Azərbaycan Günü tədbiri şəhərin mərkəzində – İdman Sarayının yanında quraşdırılmış fan-zonada qeyd olundu. Burada belaruslu sakinlər Azərbaycan şərabının, şəkərbura və paxlavasının dadına baxmaq imkanı əldə etdi.
21 iyunda bizi açılış mərasimi gözləyirdi. Bundan öncə isə kamandan oxatma üzrə idmançımız Ozay Qasımova və üç boksçumuz mübarizəyə qoşulurdu. Axşam açılış mərasimi yerli vaxtla 8-ə nəzərdə tutulmuşdu.
Əvvəlcədən bildirim ki, Bakıdakı kimi burada da yerli sakinlər üçün nəzərdə tutulmuş nəqliyyatdan və metrodan istifadə etmək pulsuz idi. Həm də yarış üçün təşkil olunmuş avtobuslardan yararlanmaq imkanımız vardı.
22 min tamaşaçı tutumuna malik “Dinamo Arena”dakı açılış mərasimi saat 8-də yox, daha gec baş tutdu. Elə Minskdə həmin vaxtlara proqnozlaşdırılan güclü yağış, şimşək çaxması da olmadı. Sonradan öyrəndik ki, Belarus hökuməti açılış mərasiminə xərclənən pulların hədər getməməsi üçün xüsusi bulud qovan texnikanın köməyindən yararlanıb.
Minskdəki açılış mərasiminin özəlliyi vardı. Amma Bakıdakı ilə müqayisəyə gəlməzdi. Elə havaya fişəng buraxılmasının qısa müddət çəkməsi dediyimə nümunədir. Mətbuat nümayəndələri üçün obyektlərdə qidalanmanın pullu olacağını da məhz “Dinamo Arena”da olarkən öyrəndik.
Şəxsən mən orada olduğum müddətdə üç idman obyektində olmaq imkanı əldə etdim. Sambo və güləş yarışlarının keçirildiyi İdman Sarayı, cüdo və karatenin baş tutduğu “Çijovka Arena” və boksun təşkil olunduğu “Uruçye” İdman Sarayında.
Mənim üçün ən maraqlı idman obyekti şəhərin mərkəzində yerləşən “Dvorets Sporta” idi. Çünki bura şəhərin mərkəzində yerləşməklə bərabər, medallarımızın ən çox qazanıldığı məkan idi. Axı samboda üç, güləşdə on medalı məhz burada qazandıq. Üstəlik, bu İdman Sarayının yanında quraşdırılmış fan-zona ən böyüyü idi.
Məhz ölkələrin idman günləri bu fan-zonada qeyd olunurdu, ən böyük konsertlər burada təşkil edilirdi. Üstəlik, bizim üçün prinsipial görüşlər olan erməni idmançılarla qarşılaşmaların çoxu da məhz burada keçirilirdi. Samboçumuz Mehman Xəlilovun bürünc medal uğrunda görüşdə, Hacı Əliyevin Silahlı Qüvvələr Günü iki erməni idmançı ilə qarşılaşmada qalib gəlməsi də məhz bu arenada reallaşdı.
Fan-zonalarda pivə, kvas kimi içkilər, kabab kimi qidalar satılırdı. Azərbaycana aid ayrıca fan-zonada iaşə obyekti olmasa da, Türkiyə və Gürcüstana aid var idi. Dönərin verildiyi türk iaşə obyektində azərbaycanlılar da işləyirdi.
Yeri gəlmişkən, son məlumata görə, bu ticarətdən Belarus hökuməti 2,6 milyon rubl qazanc əldə edib. Bu müddətdə 177,5 min litr pivə və 45,6 min litr kvas içilib. Həmçinin azarkeşlər Belarus milli mətbəxinin əsas xörəyi olan təxminən 30 ton dranik, eləcə də 23 tondan çox kabab, 36 ton kolbasa və toyuq qrili dadmaq imkanı əldə edib.
Mətləbdən bir qədər aralı düşdüm, deyəsən. Təşkilatçılar bizə ilk günlərdə Minskin Milli Rəssamlıq Muzeyi ilə tanış olmaq imkanı yaratdılar. Hələ ondan əvvəl bələdçimiz Qalina bizə Minskin adının “menyat” feilindən götürüldüyü, “pul dəyişmək” sözü ilə əlaqəli olduğunu bildirdi. Muzeydə isə bizə sovet dönəmində belaruslu rəssamların idmana dair çəkdiyi sənət əsərləri nümayiş etdirildi. Daha sonra Belarus şirniyyatlarının və mətbəx nümunələrinin dadına baxmaq imkanı verildi.
Media üçün ən gözəl və yaddaqalan ekskursiya isə Belarus İdman və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdu. Bu səfərdə Azərbaycandan dörd nəfər iştirak edirdi. Səfərin məqsədi xarici media işçilərinə Minskdən kənarda yerləşən təbiəti göstərmək və təbliğ etmək idi.
Biz Minsk vilayətində yerləşən, 95 minlik əhalisi olan Molodeçno şəhərinə ekskursiya etməli olduq. Yerli əhali belarus dilində bu şəhəri Maladzeçna adlandırır. Bu isə şəhərin vaxtı ilə Polşa əsarətində olması ilə bağlıdır. Şəhərin adının Maladzeçna çayından götürüldüyünü də, “gənc adam” sözündən təsirləndiyini də iddia edənlər var.
Hələ saat yarımlıq səfər öncəsi bilirdik ki, “V Slobode” adlı aqrousadbada (kənd daxması) olacağıq. Səfər vaxtı isə getdiyimiz mini-avtobusda Belarus nazirliyinin bələdçi-əməkdaşları bizi darıxmağa qoymadı, onlardan biri vaxtilə işlədilmiş qədim yerli pul vahidlərini bizə göstərdi, digəri şəhər haqqında məlumat verdi.
Hələ bizə oxudulan, “Nu Poqodi” cizgi filmində səsləndirilən qədim slavyanların “Kosil yas Konuşinu” musiqisini demirəm. Sən demə, mahnıda ot biçən bir oğlanın kəndçi qıza olan sevgisindən danışılırmış. Xatırlayırsınızsa, “Nu Poqodi”nin həmin səhnəsində canavar dovşanı tapmaq üçün dəryazla taxılı biçir.
Uzun sözün qısası, gəlib çatdıq “V Slobode” deyilən daxmaya. Şərqi slavyanlarda İvan Kupala adlı bayram keçirilir. Yay günəşinə və təbiətin çiçəklənməsinə həsr olunan bu bayram Belarusda iyulun 6-dan 7-nə keçən gecə təşkil olunur. Orada 29 iyunda olsaq da, bizə görə həmin bayramın keçirilmə mərasimi “Kola” etnoqrafik klubu tərəfindən əyani şəkildə göstərildi.
Deməli, insanlar əl-ələ verib tonqal ətrafında fırlanır, mahnı oxuyurlar. Daha sonra başlarındakı çələngləri niyyət tutaraq yaxınlıqdakı gözəl mənzərəli çaya atırlar. İnanca görə, kiminki daha uzağa gedirsə, onun niyyəti də daha tez gerçəkləşmək imkanı qazanır. Tonqal, arzu tutulması kimi faktlar bizim Novruz bayramı adət-ənələrini yada salır. Əbəs yerə bəzi nəzəriyyəçilər ərazinin uzaqlığından asılı olmayaraq, dinlərin hamısının eyni yerdən qaynaqlandığını demir…
Daha sonra “Sosedki” vokal qrupunun konsert proqramı “Asaloda” xalq vokal ansamblının müşayiəti altında baş tutdu. Müəllif isə Viktor Sırakvaş idi. Əbəs yerə onu vurğulamadım. Bu yaşlı insan Azərbaycandan gəldiyimizi öyrənincə mənə yaxınlaşıb Bakının keçmiş “Kirov” (indiki Rəsulzadə) qəsəbəsində hərbi xidmətdə olduğunu bildirdi.
Ekskursiyanın sonu isə bu daxmanın sahibi olan Anatolinin jurnalistlərə verdiyi qonaqlıqla və onun möhtəşəm mahnı repertuarı ilə yekunlaşdı. Mən orada ikinci dəfə Belarus mətbəxinin şah əsərlərindən biri sayılan dranikin dadına baxa bildim. Mənə görə, kartofla olan dranik donuz əti ilə olan dranikdən daha dadlıdır. Bəlkə də belə dadlı olmasının bir səbəbi bu qidanın əsl kənd sakinləri tərəfindən bişirilməsində idi.
Yarışın uzun müddət yaddaqalan məqamlarından biri Rafael Ağayevin finalda uduzduqdan sonra mükafatlandırma mərasimində hönkür-hönkür ağlaması idi.
Sonradan ÇıxışYolu.Com-a müsahibədə Rafael yarışa dörd gün qalmış məşqlərə başladığını və keçən ildən bu yarışadək 86 yarış keçirməklə çox yorulduğunu etiraf etdi.
Minski 50 ölkə arasında medal əyarına görə 10-cu sırada, qazandığımız 28 medalın sayına görə 7-ci yerdə bitirmək, düşünürəm ki, pis nəticə deyil. Amma onu da etiraf etmək lazımdır ki, yeddi idman növündə qazandığımız bu medalların çoxu qızıl ola bilərdi. 13 finaldan yalnız 5-də qızıl medal qazanmağımız az təəssüf doğurmur.
Sonda Minsk haqqında da yazmaq istəyirəm. Səkkiz il öncə qısa müddətə bu şəhərdə olmuşdum. 2011-ci ildə Bakının AZAL klubu (indi I divizionda mübarizə aparan “Şüvəlan” – S.M.) yerli “Minsk” klubu ilə UEFA Avropa Liqasında cavab matçına çıxırdı. Həmin oyunu işıqlandıran media işçiləri arasında mən də vardım. O zaman Nazim Süleymanovun baş məşqçisi olduğu komandamız Minski 1:2 hesablı məğlubiyyətlə tərk etmişdi. Çalışdırıcımız dərhal da istefa vermişdi.
O vaxt bu şəhəri çox gəzmək imkanım olmasa da, hava limanından şəhərə qədər olan 42 km-lik uzun yoldakı yaşıllıqlar diqqətimi çox çəkmişdi. İndi isə Minsk daha da gözəlləşib, bu təmiz şəhərdəki yaşıllıqlara, gözəl parklara yeni tikililər də əlavə olunub.
Əslində, qonaqpərvərlik baxımından Qafqaz xalqlarının adı çıxsa da, mən bu siyahıya əminliklə Minskin əhalisini də əlavə edərdim. Sakinlərin qonaqlara qarşı mehriban davranışı, səmimiyyəti hafizəmdən uzun müddət silinməyəcək.
Sonuncu gün Minskdə Rusiya Günü keçirilirdi. Elə biz də səhəri günü üç nəfərlik heyətlə Minskdən Moskvaya getməliydik. Səfər zamanı bu iki ölkə arasındakı fərqləri aydın şəkildə görə bildik. Elə ilk pasport nəzarəti məntəqəsindəcə…
Belarus isə bizdən sonra daha bir bayrama, 3 İyul – ölkənin alman faşistlərindən azad olunması gününə hazırlaşırdı.
Səbuhi Musayev