72a55940-d0fc-4df1-829f-a273b7420e5e..jpg

“Qondarma rejim özü etiraf etdi ki, Qarabağda Ermənistanın hərbi birləşmələri mövcuddur” – ŞƏRH

Baxış sayı: 530 dəfə baxılıb.

“Qondarma rejim özü etiraf etdi ki, Qarabağda Ermənistanın hərbi birləşmələri
mövcuddur” – ŞƏRH

“Azərbaycanın rəşadətli Ordusu qarşısında dayanan vəzifəni layiqincə yerinə
yetirdi. Bunun nəticəsində Qarabağdakı qanunsuz rejim təslim oldu. Bu,
xalqımızın növbəti qələbəsidir”.

Bu fikirləri Cixisyolu.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O bildirib
ki, qəhrəman hərbçilərimizin qarşısında tab gətirə bilməyən Ermənistanın və
qanunsuz rejimin silahlı birləşmələri darmadağın edildi:

“Qarabağdakı qondarma rejim Azərbaycan dövlətinin şərtlərini qəbul etməyə
məcbur oldu. Belə ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan
silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı
yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə
tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan
ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni
zamanda, Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya
məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin
nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək”.

Millət vəkilinin sözlərinə görə, Qarabağdakı erməni hərbi birləşmələrinin
tərk-silah edilməsi antiterror tədbirinin əsas nəticələrindən biridir. Digər
tərəfdən, qondarma rejim özü etiraf etmiş oldu ki, Qarabağda Ermənistanın hərbi
birləşmələri mövcuddur. Hansı ki, Ermənistan hakimiyyəti bu faktı inkar etməyə
çalışırdı:

“Bundan sonrakı mərhələdə isə Qarabağdakı erməni sakinlərin Azərbaycana
reinteqrasiya prosesinə başlanacaq. Yəqin ki, Yevlax görüşündə bu məsələlər
detallı müzakirə ediləcək, qondarma rejim buraxılacaq və həmin ərazidə
Azərbaycan qanunlarının tətbiqinə başlanılacaq. Digər bölgələrdə də olduğu
kimi, etnik mənsubiyyətindən asılı olmayaraq Qarabağda yaşayan bütün
vətəndaşların hüquqları ölkəmizin qanunları ilə qorunacaq. Eyni zamanda,
dədə-baba torpaqlarımızdan, öz evlərindən didərgin, köçkün vəziyyətinə düşmüş
azərbaycanlıların bu torpaqlara qayıdışı qarşıda dayanan vəzifələr
sırasındadır. Mənim üçün də Şuşanın Malıbəyli kəndində olan babamın, nənəmin
məzarını ziyarət edəcəyim gün artıq çox yaxındadır.

Bütövlükdə, bu, tarixi bir hadisədir və biz bu tarixin canlı iştirakçılarıyıq.
Əsasən də, bu şanlı tarixi yazan Azərbaycan Prezidentiİlham Əliyevin Ali Baş
Komandanı olduğu Ordumuzdur. Ölkə başçısının dəmir iradəsi və qətiyyəti bütün
uğurlarımızın əsasını təşkil edir. Eşq olsun qəhrəman Ordumuza! Allah
şəhidlərimizə rəhmət eləsin!”

Aysel Aslan

Source link