Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb – İDDİA + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qonşunun 25 yaşlı oğlu qardaşımın 10 yaşlı uşağını vəhşicəsinə döyüb”.
Bu şikayətlə “Qafqazinfo”ya Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qöncə
İbrahimova müraciət edib.
Vətəndaşın iddialarına görə, hadisə azyaşlının itə daş atmasına görə baş verib:
“Dekabrın 18-də it uşağın üstünə hürüb. O da qorxduğu üçün daş atıb. Buna görə
qonşunun 25 yaşlı oğlu İltifat Süleymanov qardaşımın oğlunu döyüb. Onun atası
Elman Süleymanov isə uşağı təhdid edib ki, əgər bu barədə evdə desə, onun da,
bacısının da başını kəsəcək, onu itə yedirəcək. Qardaşım fiziki
məhdudiyyətlidir.
Qonşularının təhdidindən evdə qala bilmirlər. Hadisənin görüntüləri kameralara
da düşüb. Uşaq ekspertiza olunub və bildirilib ki, bədənində ağır xəsarətlər
var. Polisə də müraciət etmişik, lakin bir tədbir görülmür”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna müraciət
etdik. Qurumun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki,
sözügedən məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Müraciət əsasında məsələ ilə bağlı araşdırma aparılır və tezliklə hüquqi
qiymət veriləcək”.