Ötən ilin oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət
almasına, 1987-ci il təvəllüdlü qızı Nərminə Vəliyevanın isə ölümünə səbəb olan
şəxsə hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, həmin gün 1969-cu il təvəllüdlü Səttərov
Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə zəminində qonşusu Marina
Çabanovanı döyərək xəsarət yetirib, qızı Nərminə Vəliyevanı başından yumruqla
vuraraq öldürüb.
Sayruz Səttarov məhkəmədə qonşuları ilə aralarında söz-söhbət olduğunu desə
də, zərərçəkmiş şəxsləri döymədiyini iddia edib. Amma təqsirləndirilən şəxs
ibtidai istintaq zamanı verdiyi ifadələrdə bildirib ki, axşam saat 22:00-da
marketdən bazarlıq etmək məqsədilə evdən çıxarkən qonşuluqda yaşayan Marina və
Nərminənin həyətdə dayandığını görüb, onlardan evinə nəzarət etmələrini xahiş
edib. Buna səbəb o olub ki, təqsirləndirilən şəxsin mənzilinin qapısı olmayıb.
Nərminə və Marina onunla razılaşıb. O, marketə gedib, lakin evə sərxoş
vəziyyətdə qayıdıb. Mənzilə daxil olarkən televizor və iki ədəd modemin yerində
olmadığını görüb. Bu səbəbdən əsəbiləşərək qapısı kilidli olmayan Marinanın
yaşadığı evə daxil olub və qadına “niyə burada oturmusan, çöldə deyilsən,
əşyalarımı oğurlayıblar. Sənə demədim ki, evimə göz-qulaq ol”, deyib.
Marina isə cavabında “rədd ol” deyərək, onu qovub. Seyruz da əsəbiləşərək,
Marinanın üz nahiyəsinə sağ əli ilə yumruq vurub və qadın yıxılıb. Bundan sonra
Nərminənin başından yumruqla vurub və heç nə olmamış kimi evinə gedərək, yatıb.
Növbəti gün səhər saatlarında Marinanın səsinə çölə çıxıb və qızın öldüyünü
bilib.
Məhkəmənin qərarı ilə Sayruz Səttarov Cinayət Məcəlləsinin 126.3, 127.2.2,
127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət
əməllərini törətməkdə təqsirli bilinib və 11 il 6 ay azadlıqdan məhrum edilib.