Qonşularımızı ağıllandırırıq: Heç bir vasitəçisiz razılaşma – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İlk dəfədir ki, Ermənistanı sivil yolla razılaşmağa sövq edə bildik… İlk
dəfədir ki, qan tökülmədən özlərində cəsarət tapıb işğal etdikləri torpaqlardan
çıxmaq qərarı verə bildilər. Düzdür, 44 günlük müharibədən sonra da işğal
etdikləri Ağdam, Kəlbəcər və Laçından da çıxmaq məcburiyyətində qalmışdılar.
Amma onda “dəmir yumruq” öz işini görmüşdü. Bu dəfə isə “dəmir yumruğ”un işə
düşməsinə ehtiyac qalmadı. Nəhayət ki, anladılar. Anladılar ki, özgə atına
minən tez düşər. Anladılar ki, Azərbaycanın olanı əllərində saxlamaq şansları
yoxdur. Bütün dünyanı köməyə çağırsalar da, xeyri olmayacaq. O kəndlər onsuz da
qaytarılacaq”.
Bu barədə “Kaspi”
qəzetinə jurnalist İlham Quliyev açıqlama verib.
Biz bunu bacardıq
Yaxın tarix göstərir ki, erməniləri danışalar yolu ilə, sivil qaydada nəyəsə
razı salmaq heç də asan deyil. Amma biz bunu bacardıq, Prezident İlham Əliyev
bunu bacardı! Bu prosesdə biz bir növ qonşularımızı da tərbiyələndirdik. Başa
saldıq ki, ağıllı olmaq lazımdır, başqalarının haqlarına hörmətlə yanaşmaq
lazımdır, səhv edəndə onu etiraf etmək əskiklik deyil. Başa saldıq ki, artıq
regionda işğal dövrünün qayda-qanunları işləməyəcək. Xəstə təfəkkürlə, tarix
sərsəmləmələri ilə ürəkləri istəyənə əl qoymaq dövrü arxada qalıb. Ya sivil
oyun qaydalarını qəbul edəcəklər, ya da onları buna məcbur edəcəyik.
Region üçün sülh istəyirik
Bəli, bütün dünya üstümüzə gəlsə də, haqlı mövqeyimizdən geri çəkilmədik.
ABŞ-si, Fransası “Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır”, – deyə
haray-həşir saldıqları zaman biz qonşularımızı dialoqa dəvət etdik, onlarla
danışdıq və anlaşdıq.
Biz bir daha göstərdik ki, başqa torpaqlarda gözümüz yoxdur. Kifayət qədər
güclü olsaq da, qan tökülməsində maraqlı deyilik. 30 il torpaqlarımızın işğalda
saxlanılmasına, kəndlərimizin, şəhərlərimizin yer üzündən silinməsinə
baxmayaraq, sülhdən yanayıq. Region üçün sülh istəyirik.
Heç bir vasitəçisiz razılaşma
Razılaşmanın heç bir vasitəçisiz, iki tərəf arasında aparılan danışıqlarda
əldə edilməsi də xüsusi sevindirici məqamdır. Bu, gələcəkdə sülh prosesinin
hansı istiqamətdə irəliləyəcəyi ilə bağlı da ip ucları verir.