Azərbaycan kinosunda “müəllim” obrazı dedikdə, ilk ağla gələn film “Bizim
Cəbiş müəllim” olsa da, kinomuzda bu mövzuya aid xeyli filmlər var.
Ağarza Quliyev və Qriqori Braginskinin birgə quruluş verdiyi “Almaz” səssiz
filmində Almazın timsalında mübariz müəllim obrazı yaradılıb.
Film Cəfər Cabbarlının ssenarisi əsasında çəkilib. Şəhərdən ucqar kəndlərin
birinə müəllim işləməyə gedən Almaz burada xeyli çətinliklərlə qarşılaşır.
Almaz təkcə şagirdlərə dərs demir, eyni zamanda qadın haqlarının müdafiəçisi
rolunda çıxış edir. Onun təşəbbüsü ilə qadınlar üçün yun birliyi təşkil olunur,
iş yerləri açılır.
Lətif Səfərovun “Bəxtiyar” filmində Məmmədrza Şeyxzamanov “Professor Rəcəbov”u
canlandırmaqla sanballı müəllim obrazı yaradıb.
Professorun filmdə göründüyü ilk epizodda uşaqlar icazəsiz onun alma bağına
girirlər. Bəxtiyarın şirin səsini eşidən professor onu oxutdurub səsini
yoxlayır, bağdan edilən oğurluğun heç fərqinə də varmır. Biləndə ki, uşaqlar
almanı nə məqsədlə dərirmişlər, özü alma yığmaqda onlara kömək edir.
Sonrakı epizodlarda professor Rəcəbovun Bəxtiyarın taleyi ilə maraqlanması,
neftçi işləyən gənci musiqi təhsili almağa cəlb etmək istəyi onun nə qədər
uzaqgörən olduğunu göstərir.
Hüseyn Seyidzadənin “Dəli Kür” filmində iki tədris üsulunun – mollaxana və
dünyəvi məktəbin qarşıdurması göstərilir.
Uşaqların dünyəvi təhsil alması üçün Rus Əhməd Qoridən gəlmiş müəllim
Çernyayevski ilə birlikdə kənd camaatını razı salmağa çalışır. Lakin din xadimi
və mollaxana müəllimi Molla Sadıq maneə törədir. Filmin sonunda biz Qoridən
müəllim kimi qayıdan kənd uşaqlarını görürük.
Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” filmi kulta çevrilmiş
filmlərimizdəndir.
Bu film milli kinomuzda II Dünya müharibəsi zamanı arxa cəbhədəki həyata həsr
olunmuş ən gözəl ekran əsərlərindəndir.
Saf qəlbli müəllimlərin prototipi olan Cəbiş əsl müəllimdir. O, sabun bişirmək
bacarığından istifadə edərsə, varlı olacağını bilsə də, bunu müəllim əxlaqına
sığışdırmır.
Filmin son epizodlarında Cəbiş müəllimin bişirdiyi sabunları cəbhəyə yola
düşən keçmiş şagirdlərinə paylayır. Çamadanı boş, vicdanı təmiz evə qayıdan
Cəbiş müəllim yenicə açılan Bakı səhərini gülümsəyərək seyr edir.
Rejissor Rasim Ocaqov 4 filmində unudulmaz müəllim obrazları yaradıb.
Onun “Özgə ömür” filmi böyük ali təhsil müəssisələrindən birinin nüfuzlu
rektorunun faciəsi ilə bitir.
Rejissor yaşlı rektor Fariz Rzayevin həyatını bir günə sığdırır. Ocaqov
Farizin məcburi ikili həyatını, yadlaşma prosesini sovet cəmiyyətindəki
dəyərlərin düzgün qurulmamasında axtarır.
Universitetdə müəllim işləyən evli Həsənovla müəllimə İmanovanın eşq
yaşamasını rektor bağışlamır. Onları işdən azad etmək istəyir. Lakin rektorun
özü də evli olmasına baxmayaraq, qonşusu ilə eşq yaşayır.
Daha ətraflı Baku TV-nin süjetində:
edən film hansıdır?
Qonşusu ilə eşq yaşayan evli rektorun faciəsindən bəhs edən film hansıdır?