1c5de6f6-469e-4e2d-a76f-a010c01aaa20..jpg

Qonşusu ilə mübahisə etdi, evdən bıçaq götürüb geri qayıtdı: Sumqayıtdakı qətlin təfərrüatı

Baxış sayı: 712 dəfə baxılıb.

Qonşusu ilə mübahisə etdi, evdən bıçaq götürüb geri qayıtdı: Sumqayıtdakı
qətlin təfərrüatı

Sumqayıt şəhərində qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən
Kamil Məmmədovun cinayət işi üzrə detallar məlum olub.

Ölkə.Az xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisində baş verib. Əvvəllər
məhkum olunmuş Kamil Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu Rasim
Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Elə həmin gün Kamil Məmmədov Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları
tərəfindən saxlanılıb.
İttihamla müəyyən olunub ki, hadisə baş verən günü Kamil Məmmədov Sumqayıtda,
sürücülük məktəbinin yaxınlığındakı kafedə 200 qram araq və 5 bakal pivə
içəndən sonra, təxminən saat 21 radələrində taksiyə minərək yaşadığı Kimyaçılar
qəsəbəsinə yollanıb.

Evinin qarşısında səyyar meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan qonşusu
Rasim Əliyevlə rastlaşıb, ondan qarpız olub-olmamasını soruşub. Sonuncu Kamilin
bərk sərxoş olduğunu görüb, söylədiyini qeyri-ciddi qəbul etməklə acıqlı tərzdə
“mən qarpız satıram bəyəm?” deyə cavab verib. Bu söz Məmmədova pis təsir
etdiyindən o taksidən düşüb və Əliyevə yaxınlaşıb kobud və narazı formada
danışmasının səbəbini soruşduqda, qonşusu nalayiq söyüşlər söyüb əl-qol ataraq,
onun əynindəki köynəyi dartıb cırıb. Kənar şəxslərin yanında Rasimin
hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edən Kamil öz evinə gedib mətbəxdən
bıçağı götürüb, geri qayıdıb və Əliyevə bir-iki zərbə endirib. Ətrafda olan
adamlar mane olaraq ona növbəti zərbələri endirməyə imkan verməyiblər. Ağır
yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İstintaqın sonunda Kamil Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2 (
xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Məhkəmə prosesində Kamil Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab
edib.
Məhkəmə araşdırılan sübutlara qiymət verərək Məmmədovun Cinayət Məcəlləsinin
120.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət
tərkibinin olmasını və bununla da onun təqsirliyinin tam sübuta yetirilmiş
hesab edib.

Sonda məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Source link