Xaçmaz sakini bir ədəd dovşanla böyük təsərrüfat sahibinə çevrilib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, rayonun Armudpadar kənd sakini Azad Baxışov ölkəmizdə ən zərif qazanc mənbəyi olan dovşançılıq təsərrüfatı ilə məşğuldur.
Təsərrüfat sahibi deyir ki, həmkəndlisinin ona verdiyi bir dovşanla onda bu işə maraq yaranıb.
Artıq 8 ildən çoxdur ki, dovşançılıq təsərrüfatı ilə məşğul olan A.Baxışovun hazırda yüzdən çox müxtəlif növdə dovşanı var.
O, heyvanları, əsasən, Rusiya və digər xarici ölkələrdən gətirir. Bu sahə ilk vaxtlar A.Baxışov üçün sadəcə maraqlı məşğuliyyət olsa da, indi onun əsas gəlir mənbəyi sayılır.
Ən artımlı heyvan sayılan dovşan növündən asılı olaraq ildə ən az 5-8 dəfə olmaqla, hər dəfəsində 6-10 bala verir. Doğulandan 4 ay sonra isə heyvanlar kəsimə hazır olur.
Bir dovşan 1-2 kq ət verir və ətin kiloqramının qiyməti 8-10 manat olur. Damazlıq sort heyvanların balaları isə alıcılara növündən asılı olaraq 15-50 manat arası təklif olunur.
A.Baxışov deyir ki, təsərrüfatındakı dovşanların xəstəliklərə yoluxmaması üçün daim baytarlarla məsləhətləşir və heyvanların saxlanma şəraitinə xüsusi diqqət yetirir. Lakin yem və vaksinasiya üçün dərmanlarla təminatda çətinliklər çəkir.
Azərbaycanda dovşan əti az yeyilsə də, fermer müştərilərinin get-gedə artdığını bildirir.
Qeyd edək ki, dovşan əti yağsız, xolestirinsiz olduğu üçün dietikdir. Şəkər xəstəliyi olanlar, pəhriz saxlayanlar dovşan ətinə daha çox üstünlük verirlər.
Emin Xan