“Subaylar” layihəsinin budəfəki qonağı “İkinci pərdə” filmi ilə müzakirə olunan aktyor Qorqud Cəfərdir.
ÇıxışYolu.Com aktyorun müsahibəsini təqdim edir:
– Çəkildiyiniz filmlərdə, bəzi fotosessiyalarda ağlamısınız. Kişilər üçün ağlamaq ikiqat çətindir. Həmin səhnələrdə hansısa vasitədən istifadə edirsiniz, ya özünüz ağlayırsınız?
– Gözümdə xəstəliyim var. Ümumiyyətlə, üz orqanlarımda çox problem var. Küləkli havada gəzəndə gözümdən su gəlir, ağlamağa başlayıram. Bir də gün işığı və çəkiliş zamanı istifadə olunan işıqlar gözlərimə pis təsir edir. Bu da mənə çəkilişlərdə rahat ağlamağa kömək edir.
– İlk dəfə 2007-ci ildə “Kuklalar” filminə çəkilmisiniz. Aradan 11 il keçib. Bir aktyor kimi sizdə hansı dəyişikliklər sezilir?
– “Kuklalar” mənim üçün doğmadır, əzizdir. Ancaq bu illər ərzində təcrübə yığmışam. Həm müəllimlərimdən, həm də filmlərdə birgə çəkildiyim aktyorlardan çox şey öyrənmişəm. Amma hər bir filmimdən sonra fikirləşmişəm ki, daha yaxşısını edə bilərdim. Bu variant elə həmişə var. Bunu hər kəs deyir ki, daha yaxşısını edə bilərdim. Həmişə narazı qalmalısan ki, inkişaf edəsən.
– Əvvəllər teatrlarda daha çox çıxış etmisiniz, ancaq indi bu sahədən uzaqsınız.
– Hazırda “Çıxış” teatrı ilə çalışırıq. Yeni tamaşamız olacaq. Teatr fəaliyyətim məktəb vaxtından başlayıb. “İbrus” teatrında beş il çalışdım. Bağlanandan sonra cəmi üç gün Gənc Tamaşaçılar Teatrında işlədim və bir daha oraya ayaq basmadım.
– Səbəb?
– Teatrda sənətlə məşğul olmaq lazımdır. Ancaq səhnəarxası çox problemlər çıxır. Beş il “İbrus” teatrında bir dəfə də olsun, qrim otağına girməmişəm. Mənə aktyorlar arasında olan söz-söhbət lazım deyil. O mübahisələri, paxıllıqları görürəm, mənə çox pis təsir edir. Düzdür, bunlar həmişə olub, olacaq da.
– Son zamanlar bir neçə aktyor var ki, teatrlardan qaçır. Bunun da səbəbi, yəqin ki, həmin sənət ocaqlarında Sovet təfəkkürü ilə formalaşıb və onu hələ də davam etdirən insanların olmasıdır. Ocaq necə yanırsa, onun üzərinə atılan kiçik odunlar da onun kimi yanmağa başlayır.
– Bəli, onlardan qaynaqlanır. Mən heç vaxt həmin odunlardan olmaq istəməmişəm. Səhnədə obraz üstündə dalaşırlar. Hansı ki, heç biri o obraza uyğun deyil. Nə görünüşü, nə də səs tembri. Bu obraza yaraşan, onu bacaran oynasın. Ona görə teatrdan uzaqlaşmışam. Xoşuma gəlir ki, festivallar, enerjili tamaşa və tamaşaçılar olsun.
– Bizim aktyorların dünyaya çıxa bilməməsinin səbəbi nədir?
– Çoxunun məişət problemləri var. Ona görə ölkədən kənara çıxıb, inkişaf edə bilmirlər. Mən də valideynlərimi qoyub gedə bilmirəm. Vacib məsələlərdən biri də dil problemidir. Baxırsan, deyir ki, mən “Oskar” alacağam, amma ingilis dilini bilmir. Qurban sənə, ingilis dilini öyrən, sonra “Oskar” alarsan (gülür).
– Sonuncu çəkildiyiniz “İkinci Pərdə” filmindəki performansınız insanlar tərəfindən çox bəyənildi. İctimai qınaqlardan qorxmadınız?
– Cəmiyyətin qınağından qorxmuram. Hiss etdiyim şeyi düzgün sayıram.
– Bu rola görə valideynlərinizin sizə reaksiyası necə oldu?
– Atam dedi ki, bir də belə rollara çəkilmə. Amma məndə çərçivə yoxdur. Təbii ki, söhbət keyfiyyətli işlərdən gedir. Şou xətrinə, hamı məndən yazsın deyə, çərçivədən çıxmaram.
Görmüşəm ssenari gözəldir, demişəm ki, çəkilmək lazımdır. Hiss etmişəm ki, bunu edə bilərəm, öhdəsindən gəlməyə çalışmışam.
– Deyirlər ki, zəiflər müharibə edir, güclülər isə müharibəyə yol vermir. Bu fikirlə razısınız?
– Bəli, bu fikirlə razıyam. Belə bir söz də var: Ağıllı insan düşdüyü vəziyyətdən çıxır, müdriklər isə bu vəziyyətə düşmür (gülür).
– Bəs siz kiminlə müharibə edirsiniz?
– Özümlə müharibə edirəm.
– Nə uğrunda?
– Heç kimin hələ də tapa bilmədiyi həqiqət uğrunda.
– Sizin üçün həqiqət nədir?
– Hələlik tapmamışam, tapanda danışarıq (gülür).
– İnsanlar daha çox pul çatışmazlığından gileylənir, sizcə, puldan daha çox nədən gileylənməlidirlər?
– İnsanlar sevgi almaqdan, verməkdən, isti münasibətdən gileylənməlidir. Hansı ki, yoxdur. Puldan da ona görə gileylənirlər ki, yaşamaq, qidalanmaq lazımdır. Amma mən puldan gileylənmirəm. Allah valideynlərimin canını sağ eləsin. Düzdür, indi deyəcəklər 28 yaşı var, özü qazanmalıdır. Lakin həyatımı tamam başqa cür yaşayıram.
– Valideynlərinizin hesabına yaşayırsınız?
– Yox, təbii ki. Filmlərə çəkilirəm, qazandığım pulu aparıb evə verirəm. Mənə qalan isə çəkilişdən aldığım zövq olur. Ona görə çox vaxt işləmək istəmirəm. Heç vaxt pulu fikirləşmirəm. Çünki insanı dəyişir. Adam hiss etmir, ancaq mühitin, cəmiyyətin ona qarşı münasibəti dəyişir.
– Qarşısındakı onu böyüdür deyə, o da başlayır “böyüməyə”…
– Bəli, bu da pulun dəyərindən asılıdır. Neçə dəfə görmüşük sən zala girmisən, bir dənə pullu gəlir deyə, onu aparıb başa keçirirlər. Sən isə qalırsan amfiteatrda. Amma sizə deyim ki, hər şey amfiteatrdan daha aydın görünür (gülür).
– Köhnə filmlərimizdə cəhalət daha çox tənqid olunur, indiki filmlərimizdə bunlar niyə azdır?
– Ssenaristlər yoxdur və bir-birini başa düşən insanlar bir yerdə işləmir. Baxırsan, çox istedadlı insanlardır, ancaq komanda şəklində çalışmağı bacarmırlar. Komediyanı isə çəkmək çox asandır, rahatdır. Bizdə hamı komediya çəkə bilir (gülür).
– Hansı ki, o çəkilən filmlərdə peşəkar aktyorlar yox, marketinq baxımından istifadə olunan simalar var. Bu, sizi narahat etmir?
– Bir neçə nümunə çəkə bilərəm ki, məşhur adamlar çəkilib, ancaq çox bərbad alınıb. Qoy, nə qədər istəyirlər, çəksinlər, amma bunu tamaşaçılar görməsin. Bu, hansısa bir mərhələdən keçməlidir. Orada rəy verilməlidir ki, bu filmi ekrana çıxarmaq olar, ya yox? Əvvəllər bizdə şura var idi, nəzarət edirdi. Demirəm ki, senzura çox olsun. Şurada olanları xalq seçməlidir. Kinoteatrlarda eyni üzlər, eyni adlar. Bu, artıq aktyorların gileyinə səbəb olur.
– Bəs tamaşaçı niyə eyni simalardan yorulmur?
– Tamaşaçı neyləməlidir ki, Pərviz? Necə etməlidir?
– Mən “Niyə” filminə baxmışamsa, “Niyə 2”yə niyə gedib baxım axı?
– Tamaşaçı necə deməlidir ki, bu filmi kinoteatra verməyin?
– Tamaşaçı qınamır axı. Götürür Kənan MM-ə mesaj yazır ki, sən əjdahasan, əla aktyorsan. Ancaq başqa yerdə rəy yazıb Kənanı yıxıb-sürüyür ki, o, niyə aktyor olsun ki? Məsələ də bundadır. Tamaşaçı riyakardır.
– Həmin kütləni Kənan yığıb, artıq onun auditoriyasıdır. İstedadlı insanlara şərait yaradılmalıdır ki, Kənan çəkdiyi film tamaşaçı üçün yaxşı idisə, daha yaxşısını görüb, desin ki, bu lap əladır. Auditoriyada bir az problem var. Ağıllı auditoriya azdır. Rəy yazmaq üçün yazırlar. Konkret fikirləri yoxdur. Heç kim demir ki, burada gözəl bir fikir var idi, mənim həyatıma təsir etdi.
Biz Hollivud, hind və Azərbaycan filmləri ilə böyümüşük. Həmin filmlərdə sevgi, dürüstlük, ailə qayğısı, dostluq var. Bunlar təbliğatdır. Bir filmə baxmaq roman oxumaq kimidir. Əgər filmdən bir şey anlamırsansa, niyə baxırsan? Ancaq gülmək üçün? Bu sənət komediya janrından ibarət deyil.
– Vətənpərvər filmlər ermənilərdə daha yaxşı alınır, bizdə isə vətənpərlik qol gücü, qışqırmaqla xarakterizə edilir. Halbuki nəzər yetirsək, xalqımızın sosial şəbəkədəki nümayəndələrinin yetərincə “vətənpərvər” olduğunu görə bilərik.
– Bu mövzularda intelektual filmlər çəkilsə, rəy yazanlar başa düşənə qədər susacaqlar. Çünki yazmağa bir şey tapmayacaqlar. Adi rəy yazmaqla neqativ ötürürlər və istedadlı insanları da işdən soyudurlar. Bunlarla üzbəüz gələndə də dediyiniz “ikiüzlülük” problemi ortaya çıxır. Çünki bayaq səni söyən adam indi gəlib şəkil çəkdirir.
Düşünürəm ki, sənət adamları bu tənqidlərə fikir verməməli, sənətini sevməlidir. Ancaq bizə rəy, stimul verən sözlər lazımdır. Hərdən elə sözlər yazırlar, adamın ürəyinə yağ kimi yayılır. Tamaşanın içində də bu, belədir. Tamaşaçı sənə enerji verməlidir.
Hansısa filmin 30 saniyəlik tizeri çıxır. O dəqiqə yazırlar ki, filan filmin kopyasıdır. Sən buna necə rəy bildirə bilərsən? Bizi arxaya salan dayanmayan tənqidlər və təhqirlərdir. Xahiş edirəm, tənqidləri, təhqirləri saxlayaq. İndi bu müsahibənin də altına biri yazacaq ki, özünü ağıllı göstərir (gülür).
– Keçək başqa mövzulara. Sizin üçün ideal qadın necə olmalıdır?
– Öncə görünüşü və gülüşü gözəl olmalıdır. Əlləri, ayaq barmaqları, qulaqları yerində olmalıdır. Heykəltaraş olmuşam deyə, qadının bədənində hər bir şeyə baxıram. Lakin ən vacib olan gülüşüdür. Gülüş hər bir şeyi ört-basdır edə bilər.
– Mənim üçün qadının gülüşü onun zövqsüzlüyünü ört-basdır edə bilməz.
– Geyim düzələn məsələdir. Sonra özüm ona paltarlar alaram (gülür). Düzəlməyən intellektdir. Kim deyirsə, əsas daxili aləmdir. Ancaq bu, boş şeydir. İnsanı görünüşlə qarşılayıb, intellektinə görə qiymət verirsən.
İndiki dövrdə sevgi azalıb. Heç kim sevmək istəmir. Görün, hansı dövrə gəlib çıxmışıq ki, hamı yanılmaqdan qorxur. Qorxmayın, sevməkdən çəkinməyin. Qoy, sevgilim məni aldatsın, qoy əzab çəkim. Bu, mənə sənətdə də, həyatda da kömək edəcək.
Təbii ki, bunun baş verməsini istəmərəm. Ancaq hamının başına gələ bilər. Özünü qorusan, həmin adama şübhə ilə yanaşsan, arada sevgi olmayacaq. Şübhə olmamalıdır. Anını yaşamalı, hər bir şeydən zövq almalısan. Sevirsənsə o qadını, bu hissləri ona da bəşx etməlisən.
– Mühafizəkar yanaşmaq sevgini təhlükəyə atır?
– Mühafizə mütləq olmalıdır. Kişi qadınını qorumalıdır. Demirəm, azadlığını əlindən almalıdır. Sevgi ilə balans yaradılmalıdır. İnsan sıxılmamalıdır. O, dayə, evdə qabyuyan deyil axı. Bərabərlik olmalıdır. Mentalitet də buradan irəli gəlir. Niyə axı? Siz hər şeyi birlikdə yaşamalısınız. O da həyatdan zövq almalıdır. Bu, sonda qadının aqressiyasına gətirib-çıxarır.
Balaca uşağın da azadlığını əlindən alanda travma yaşayır. Heç bir kişinin ixtiyarı yoxdur ki, qadının azadlığını əlindən alsın. Düzdür, bizdə azadlığı da səhv anlayırlar. Burada “aç-burax”dan söhbət getmir. Qarşındakı insanla sənin həyat prinsiplərin üst-üstə düşürsə, həyatı normal yaşamalısınız.
Qorumaq isə mütləqdir. İndi vəziyyət çox pisləşib. Hətta şəhərdə gedəndə belə bəzi “qaqa”lar çox şeyləri unudurlar. O “qaqa”ları azaltmaq lazımdır.
Yasamalda böyümüşəm. Baxmayaraq ki, oğlanam, ancaq çox problem yaşamışam. Gün ərzində nə qədər dəyişilməyə məruz qalıram. Məhəllədə “məhəllə uşağı”, şəhərdə sənət adamı oluram. Nə qədər dəyişirəm. Bu, mənə çox əziyyət verir. Gedib Yasamalda desəm ki, filmdə saçımı rənglədim.
O dəqiqə söhbət “xırdalacayaqlar” ki, saçımı rənglədim nədir, “qaqaş”? Hər yerdə başqa cür oluram. Evdən şortikdə çıxanda, anam deyir ki, görüşə gedirsən, elə geyinmə. Onu başa düşürəm. Şəhərdə qalsaydım, heç vecimə olmazdı. “Tarqovı”dan Yasamala qədər çox şey dəyişir.
Neçə dəfə olub, oturub söhbət “xırdalıyırlar”. Başa salırsan ki, ay qardaş, vallah, elə deyil. Bir müddət sonra başa salmaqdan yoruldum. Bu da mentalitet məsələsidir. İndi isə dəstəkləyirlər. Rəy yazırlar. Görürlər ki, hər şey onların başa düşdüyü kimi deyil.
– Həyatınızda daha çox evlənilməli qızlar sınamısınız, ya əylənilməli?
– Həyatımda fərqli-fərqli çox qız olub. Saf hisslərlə yanaşmışam, başqa şeyləri fikirləşməmişəm.
– Buna inanmıram…
– Qızın görünüşündən hər şeyi, ondan nə istədiyini anlamaq olur. Həyatımın boşuna getməsini istəməmişəm. Məqsəd sevgi axtarışı olub, baxmışam ki, alınmır. Qəlblərini qırmaq istəməmişəm. Dost qalmağa çalışmışam. Amma qadın və kişi dostluğuna inanmıram. Qadın dostlarım çoxdur, amma elə bir məqamlarda bu dostluq itə bilər ki, adam çaşa bilər.
– Bəs seks məqsədilə yaxınlaşan qadınlar necə?
– Bu suala cavab vermək istəmirəm. Burada uzun-uzadı susqunluq getsin (gülür).
– Bu yaxınlarda subaylığınıza son qoyacağını demişdiniz. “Blöf” edirdiniz?
– Yox, “blöf” etmirdim. Ciddi fikrim var idi. Sonra başa düşdüm ki…(susur) Hərdən adam status yazmaq istəyir ki, haradasan, qurban olum sənə, gəl. Amma sosial mediada yox, həyatda axtarmaq lazımdır. Həyatda təsadüfi xoş məqam axtarıram. Həyatımda bir insan var, çox istəyirəm onu, amma bilmirəm necə olacaq…
.
FOTO: Oruc Abuzərov
www.ÇıxışYolu.Com