e2090c8e-085b-42ba-840b-b40224ed0f45.jpg

Qorxu və ümid içində – Yanğın gecəsinin izburaxan hekayəsi

Baxış sayı: 184 dəfə baxılıb.

Emilya Tağıyeva yazır…

Həyat necə dəyişkəndir. İşlərimi bitirdim, günün yorğunluğunu aradan qaldırmaq
üçün bir stəkan təzə dəm çayı jurnal masasına qoydum və film izləmək üçün pultu
götürdüm. İki-üç günlük xəstə yatağından sonra bu gün özümü yaxşı hiss edirdim
və evləri yer-yığışdan, yeməyi bişirdikdən sonra dinclik dolu sakit bir axşama
hazırlaşırdım. Amma sən saydığını say… Bircə dəqiqə sonra hər şey dəyişdi –
bu aramlığı həyətdəki həyəcanlı səs-küy, dəhlizdəki təlaş əvəzlədi. Sən demə
binada yanğın başlayıbmış
,
biz isə bundan xəbərsiz idik.

Bundan sonra olanlar qorxu və ümid dolu dəqiqələr, həmçinin insanlarımızın dar
gündə necə bir yumruq kimi birləşdiyinin hekayəsidir.

Videoda əks olunanlar qapımızdakı müşahidə kamerasının təxminən 40 dəqiqəlik
görüntüsünün qısa hissədir. Kadrlardan da aydın olur ki, qonşumuz gəlib bizi
yanğınla bağlı xəbərdar edir. Halbuki həmin vaxt onun evi alovlar içində idi.
Sonra o geri qayıdır və ailəsini də götürüb mənzilini tərk etmək
məcburiyyətində qalır.

Bundan sonra olanları sanki filmdə izləyirdim.

Qorxu və ümid içində – Yanğın gecəsinin izburaxan
hekayəsi
Qorxu və ümid içində – Yanğın gecəsinin izburaxan hekayəsi

Ayaqqabılarımızı geyinənə qədər dəhliz qaranlığa büründü. Qapını açanda qatı
tüstü içəri axın etdi, nəfəs almaq mümkünsüz oldu və biz geri, içəri qayıtmağa
məcbur qaldıq. Tez dəsmalları isladıb ağzımıza tutduq, özümüzü hazır hiss
edəndə çölə atıldıq və qaranlıqda (telefonun işığı kifayət etmirdi) əl
havasına, hisslərimizə güvənərək pilləkənlərdən düşməyə başladıq.

Biz beşinci mərtəbədəydik və bizdən aşağı yaşayış deyil, ancaq pillələrdir.
Yuxarı mərtəbədə olanların işi lap çətin idi. Çünki onlar bizdəki kimi bir
deyil, bir neçə mərtəbədə yanan mənzillərin qatı tüstüsünün arasından düşməli
idilər.

Buna baxmayaraq, burada da şücaət qalib gəldi. Məsələn, qonşumuz Vaqif müəllim
əlinin gipsdə olmasına baxmayaraq, koronavirus dövründən ağciyərlərində problem
qalan və buna görə qatı tüstüdən halı pisləşən digər qonşumuza da kömək edərək,
onun düşməsinə yardımçı oldu, həyatını xilas etdi.

Bu qonşular barədə sadaladıqlarım sadəcə iki nümunədir.

Amma doğurdan da uzaq qohumdan yaxın qonşu yaxşı imiş. Və mən gördüm ki, bu
qonşular arasındakı həmin məsafə bəzən təxminən 20 min sakinlik şəhərcik boyda
ola bilər. Təsəvvür edin, qapqaranlıq blok, bir yandan da mərtəbələr arasında
şüşələr partlayıb başına tökülürdü. İndi burada təsvir edə bilmirəm, amma o
təlaşın içində bunun mənzil, yoxsa başqa nəyinsə partlayışı olduğunu ayırd
etmək həqiqətən çətin idi və qorxulu görünürdü.

Amma buna baxmayaraq, məhəllədəki gənclər tanımaza-bilməzə bloka girir və
bir-bir mərtəbələri gəzərək, yaşlıların, qadınların, uşaqların çıxmasına kömək
edirdilər.

Bütün bunlar binaya və bloka quraşdırılan kameralardan aydın görünür.

Amma bir də kameraların çəkmədiyi kadrlar var. Bu, həyətdə başqa bina
sakinlərinin bizə yaxınlaşaraq əyin-baş verməsi, evlərinə çağırmaları, isti çay
təklif etmələri və s. idi.

Əslində polislər və yanğınsöndürənlər də özlərini tez çatdırdılar. Amma onlar
gələnə kimi gənclərin tanımadan hər kəsin köməyinə qaçması, dostluq və
həmrəylik yanğına qalib gəldi, faciədən xəsarətsiz ötüşdürdü. Uzaq qohumdan
yaxın olan qonşuluq da həmin gecə bizi qorudu, dəstək verdi, gecənin
qaranlığında bizə işıq oldu, biz azərbaycanlıların məğrurluğunu, bir-birimizə
olan qayğısını bir daha nümayiş elədi.

Artıq o gecənin qorxusu geridə qalıb. Dəhşət dolu anlardan yadımızda qalan və
ürəyimizdə izburaxan isə insanlıq və fədakarlıq oldu.

Qeyd edək ki, bu yanğından bəzi qonşularımızın, məxsusən kamerada görünən
şəxsin evi ciddi ziyan görüb, tamamilə yararsız hala düşüb. Ailələrin, xüsusilə
uşaqların soyuq qış aylarında yenidən isti ocaqlarında otura bilmələri üçün
mənzillərinin təmirə ehtiyacları var. Ümid edirik ki, onlara tezliklə yardım
əli uzadan olacaq.

Source link