Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”da təmir-bərpa işləri həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, “Hündür günbəzli hamam” Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Abidə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunur.
Nazirlikdən bildirilib ki, tarixi abidədənin bərpa olunması istiqamətində işlər davam etdirilir. Ötən müddət ərzində abidənin fasad və daxili divarlarında yaranmış fəsadlar aradan qaldırılıb, hörgüarası tikişlər təmizlənərək əhəng məhlulu ilə yenidən doldurulub.
Hücrələrdə möhkəmləndirmə işləri görülüb, damın səthi torpaq və ot örtüyündən tam təmizlənib, sahə bərpa olunaraq izolyasiya edilib, günbəzə qalxan kərpic pilləkən bərpa olunub. Hamamın fasadında və daxili hissələrində aşınmış kərpiclər bərpa edilib, relyef üzrə səviyyə fərqinə görə perimetr boyu torpaq 50 santimetr dərinliyində qazılaraq hamama daxil olmaq üçün pilləkənlər quraşdırılıb.
Otaqların döşəmələri palçıq təbəqəsindən təmizlənərək bərpa olunub, eyni zmanda tavan və divarlar suvaq qatından təmizlənərək ilkin vəziyyətə uyğun bərpa işləri həyata keçirilib. Tarixi abidənin qapı və pəncərələri yeniləri ilə əvəz edilib, isitmə, soyutma avadanlıqları quraşdırılıb, hasarı bərpa olunub. Ərazinin abadlaşdırlması və digər işlər həyata keçirilir.
Qeyd edək ki, Qubada yerləşən “Hündür günbəzli hamam” XIX əsrdə, şərq memarlığı üslubunda inşa olunub. Tikintisində bişmiş kərpicdən istifadə edilib. Tarixi abidədə sonuncu dəfə 1986-1987-ci illərdə təmir-bərpa işləri aparılıb.