Quba rayonunda qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Quba rayonunda regional qrupundan ÇıxışYolu.Com-a verilən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib.
Bildirilir ki, saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Belə ki, onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər.
R.Neymətov maddi vəziyyəti yaxşı olmadığından o pulu ödəyə bilməyib, bu zaman isə saxlanılan şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək onu özünü oldürmə həddinə çatdırıblar. Nəticədə Rasim Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.
Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Faktla bağlı cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.