Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprel ayının 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
müzəffər Ali Baş Komandanıİlham Əliyevin hərbi qulluqçuların mənzil və
sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası
çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə
sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə
verilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər
Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi,
torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə
infrastrukturunun inkişaf etdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin və
sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata
keçirilməsi ölkə rəhbərinin dövlət sərhədinin mühafizəsinə ali diqqətinin
növbəti təzahürü olduğunu bildiriblər. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi
general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev
xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və
xidməti mənzillərə baxış keçirib. Bildirilib ki, yeni istifadəyə verilmiş
üçmərtəbəli yaşayış binası 19 mənzil, üç istirahət otağı olmaqla ümumi 86
çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz
olunub.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.