Quldurluq edən 18 yaşlı gəncə hökm oxundu

Quldurluq edən 18 yaşlı gəncə hökm oxundu

Baxış sayı: 3. 688 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü Seymur Osmanovun Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il dekabrın 4-də paytaxt sakini Ülvi Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxsin onun qarşısını kəsib, bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alması barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib.

Polis əməkdaşlarının çevikliyi sayəsində şübhəli şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq Nərimanov RPİ 16-cı polis bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman, quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum edilən Seymur Osmanov olduğu müəyyənləşib. Onun cinayət yolu ilə əldə etdiyi mobil telefon, həmçinin hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

Məhkəmə prosesində S.Osmanov əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını bildirib. Dövlət ittihamçısı ona 7 il 6 ay cəza təyin olunmasını xahiş edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

C.H.
www.ÇıxışYolu.Com