a47954e8-ca41-4ec8-b0c7-b83318402bb0..jpg

Qurban Qurbanov: “10-15 dost adama problem yarada bilər” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 836 dəfə baxılıb.

Qurban Qurbanov: “10-15 dost adama problem yarada bilər” – MÜSAHİBƏ + FOTO

“Biri deyir ki, sən oynamalı idin, amma Qurban səni oynatmadı. O biri deyir
ki, səni əvəz etdi. Bir başqası deyir ki, həmin vaxt səni əvəzləməli idi. Adicə
bəzi sosial şəbəkələrdə yazılanda ki, onun yerinə bu oynamalı idi, bunun yerinə
o oynamalı idi, futbolçu düşünür ki, camaat da mənim güclü, yaxşı olduğumu
deyir, amma Qurban məni oynatmır”.

Bu sözləri Qurban Qurbanov Qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– “Qarabağ”da son dövrlər daha çox üzdə olan 3 oyunçu – Elvin Cəfərquliyev,
Musa Qurbanlı, Toral Bayramlı haqda da soruşmaq istəyirdim. Onlar həm də əsas
milli komandaya da cəlb olunurlar. Mənə maraqlıdır ki, bu futbolçuların konkret
“Qarabağ”da yetişməsi prosesinə neçə il vaxt gedib? Neçə məşqçi onların
üzərində işlədi ki, onlar da komandada belə səviyyəyə gəldilər?

– Yəqin bilirsən, mən onlara Rəşad Sadıqovun uşaqları deyirəm.

– Hər üçünə?

– Bəli. Düzdür, Musa mənim oğlumdur. Amma məhz Rəşadın da təkidi oldu ki,
Musanı “Neftçi”dən gətirək. O, özü baxır, axtarırdı. Getdi Toralı, Elvini tapdı.

– Toralın “Xəzər Lənkəran”ın yetirməsi olduğunu bilirdim. Bəs, Elvin haradan
gəlib?

– Elvin “Keşlə”də oynayırdı. Orada deyirdilər ki, Elvinin xarakteri pisdir və
sair. Hətta son vaxtlar Elvini “Keşlə”dən qovmaq da istəyirdilər.

– Söhbət aşağı yaş qruplarından gedir?

– Bəli. Rəşad da Elvinin oyununu görmüşdü. Gedib özü ilə görüşdü. Onda Rəşad
bizdə idi, “Qarabağ”ın akademiyasına baxırdı. Bizdə həm oynayırdı, həm də
U-19-un baş məşqçisi idi. Rəşad bu uşaqların hamısını topladı. Bu məsələdə
həddindən artıq həssas idi. Çempionlar Liqasının qrup mərhələsinə düşdüyümüz
vaxtlar idi. Rəşad dedi ki, hoca, bu oyunçular çox perspektivli uşaqlardırlar.
Kimlərəsə müəyyən bir məbləğ verərək götürdü. Amma bu futbolçuları Rəşad
gətirdi. Onlar gələndən sonra səhv etmirəmsə, həftədə minimum bir dəfə bizim
əsas komandamızla məşq edirdilər. Biz yavaş-yavaş onları uyğunlaşdırırdıq.
Hətta sonra Elvini icarəyə də verdik, “Sumqayıt”da oynadı. Elvin Toraldan 1,
Musadan isə 2 yaş böyükdür. Onlar bizim əsas komandamızın içində böyüdülər.
Niyə biz onları komandaya bu cür yaxın buraxdıq? Bacarıqlarına görə. Birinin
sürəti, birinin texnikası, o birinin hissiyyatı, digərinin qol vurmaq
xüsusiyyəti yaxşı idi. Belə belə gəldilər, bizim sistemimizə, fəlsəfəmizə
uyğunlaşmağa başladılar. Artıq onlar özlərini hazır hiss etdikləri vaxt əsas
komanda ilə oyunlara çıxdılar. Hətta mənə deyirdilər ki, Elvin belə səhv etdi,
Toral elə səhvə yol verdi, cavanlar belə. Yəni, mənə etirazlar olurdu. Amma
nəyisə əldə etmək üçün nəyisə qurban verməliyik.

– Yəni, riskə getməlisən.

– Bəli, mütləq riskə getməlisən.

– Musa ilə bağlı bir məqama toxunmaq istəyirəm. Mənim də, bir çox futbol
adamının da fikri belədir ki, Musa artıq avrokubok oyunlarında da çox şans
qazanmalıdır. Əlbəttə, o, sizin övladınızdır və onun uğurunu sizdən çox heç kim
istəyə bilməz. Siz Musanın nəinki “Qarabağ”da, lap “Barselona”da da oynamağını
istəyərsiniz.

– Bəli.

– Amma biz onu meydanda istənilən qədər görə bilmirik və mən sizi tanıdığımdan
şübhə etmirəm ki, burada sizin vicdanınızın hökmü də rol oynayır. Yəni Musa
bacarığında bir başqası olsaydı, siz ona daha çox şans verərdiniz.

– Tamamilə doğrudur.

– Bəs, obyektiv yanaşsaq, bu gün Musa “Qarabağ”da istədiyiniz səviyyəyə gəlib
çatıbmı?

– Tam yox.

– Deməli, həm də buna görə Musanı əsas heyətdə meydana buraxmırsınız?

– Bəli. Amma mənə ümid verən nədir? Musa yavaş-yavaş inkişaf etməyə başlayır
və əsas odur ki, dayanmır. Bir az da irəli gedir, sonra bir az da qalxır. Bu,
ən önəmli amildir. Amma elə futbolçu da olur ki, birdən-birə gəlib yüksək həddə
çatır və orada da ilişib qalır. Bu, ən təhlükəlisidir.

– Musada belə şey olur?

– Musanın gündən-günə, oyundan-oyuna futbol düşüncəsi, qol vurmaq, mövqe
seçmək duyumu daha da yaxşılaşır. Ona görə də, bu, məni rahatlaşdırır ki, hər
şey yaxşılığa doğru gedir.

– Bəs, bu baxımdan Elvinlə və Toralda durum necədir? Bəzən görürük ki, Elvin
və Toralda stabillik olmur.

– Bəli. Onlarda elə ən çatışmayan cəhət budur. Öz hazırlıqlarını, oyunlarını
stabil şəkildə qoruyub-saxlaya bilmirlər. Bu gün Elvin belə şeyləri daha yaxşı
bacarır. Bəlkə də bu, onun təcrübəsindən irəli gəlir. Çünki Elvin digərlərindən
1 yaş da olsa, böyükdür. Ola bilər ki, Toral 2-3 oyun eyni səviyyədə çıxış
etsin, 4-cü, 5-ci oyunda düşsün. Amma Elvində elə ola bilər ki, 5 oyun yaxşı
oynasın, sonra eniş olsun.

– Elvin çox əzmkar futbolçudur. Amma həyəcanı da hiss olunur.

– Elvinin üstün cəhəti də budur. Mən ümumiyyətlə, hər bir futbolçuma bunu
deyirəm. Futbolçu hücuma getmək üçün ürəkli olmalıdır, bundan həzz almalıdır.
Mənim gücüm qurtarar, sonra geriyə çatmaram deyə düşünməməlidir.

– Adama elə gəlir ki, Elvin bəzən müdafiəçi yox, hücumçu kimi oynayır.

– Bəli. İrəli gedir (gülür). Bu, Elvinin ən özəl üstünlüklərindən biridir.
Amma onun sırf müdafiəçi üçün çatışmayan cəhətləri çoxdur.

– Biz bu mövsüm avrokubok oyunlarında gördük ki, “Qarabağ” onların cinahından
çox qol buraxdı.

– Rəqibi də nəzərə almaq lazımdır. Yəni, rəqibin cinahında hansı səviyyədə
futbolçular oynayır. Amma mənim üçün vacib olan Elvinin üstün cəhətidir. Bu
səhvlər təcrübə ilə əlaqədar bir şeydir. Bunu oyundan-oyuna aradan qaldırmaq
olacaq.

– Eşitdiyim bir məlumat var ki, fürsət düşmüşkən, bunu sizin özünüzlə
dəqiqləşdirim. Bu, gənc oyunçularınızın futboldan sonrakı həyatına nəzarətdən
gedir. Məsələn, bildiyimə görə, bəzi günlərdə tapşırırsınız ki, gənc
oyunçularınız gecəni öz evlərində yox, klubun bazasında qalsınlar. Çünki
gənclər gecə həyatına meyilli olurlar.

– (pauza)… Olur arada. Məni əsəbiləşdirəndə, bir az da özlərini yaxşı
aparmayanda belə hallar olur, bəli (gülür)…

– Bu mövzuya başlamışkən danışaq da. Məsələn, sizi ən çox kim əsəbiləşdirir?

– Məni Musa da, Toral da, Elvin də, İsmayıl (İsmayıl İbrahimli – A.B) da
əsəbiləşdirir. İndi söhbət cavanlardan gedir.

– Təcrübəlilərdən də əsəbiləşdirən çox olur?

– Böyüklər heç də (gülür). Onların sayı daha çoxdur. Bu, futbolun yazılmayan
qaydasıdır. Belə olanda, əlbəttə ki, biz vaxtında müdaxilə etməliyik. Çünki mən
özüm də gənc olanda məşqçilərimi əsəbiləşdirmişəm. Mənə görə əsəbiləşiblər.
Təkcə zəif oynadığıma görə yox, ümumiyyətlə, bəzi hərəkətlərimə, davranışlarıma
görə qəzəbləniblər. Buna görə də istəmirəm ki, bu futbolçular da o səhvlərə
davamlı olaraq yol versinlər. Bu səbəbdən də çalışıram ki, belə şeylər olanda
həmin an bildirim.

– Yəni, onların bazada gecələmələri ilə bağlı verdiyiniz qərar sırf cəza
metodudur?

– Bəli. Cəza növlərindən biridir.

– Cəza növlərindən biri… Ümumiyyətlə, futbolçularınız gecə həyatına
meyillidirlər?

– Belə deyək də, onların hamısı çox yaxşı uşaqlardırlar. Elvin olsun, Toral
olsun, İsmayıl olsun. Biri var, insanın 2 dostu ola, biri də var, 10-15 dostu.
Bu, problem yarada bilər. Çünki son vaxtlar bizdə tərif demək çoxalıb. 20 yaşlı
futbolçusan, istər-istəməz hamı səndən danışır. Deyirlər ki, ay sən belə etdin,
elə etdin. Mən onları yaxşı tanıyıram. Bu futbolçu heç o haqda düşünmək belə
istəmir, amma istər-istəməz beyninə girir. Bu da ona mane olur. Biri deyir ki,
sən oynamalı idin, amma Qurban səni oynatmadı. O biri deyir ki, səni əvəz etdi.
Bir başqası deyir ki, həmin vaxt səni əvəzləməli idi. Adicə bəzən sosial
şəbəkələrdə yazılanda ki, onun yerinə bu oynamalı idi, bunun yerinə o oynamalı
idi, futbolçu düşünür ki, camaat da mənim güclü, yaxşı olduğumu deyir, amma
Qurban məni oynatmır.

– Futbolçularınızla bağlı başqa narahatlıq hiss etdiyiniz məqamlar varmı?
Xüsusilə də gənc oyunçunuzla bağlı.

– Yox, bu, sadəcə bir hissəsidir. Çünki belə şeylər mənim özümə də təsir edir.
Mən bu yolu keçmişəm. Mənə də o qədər deyiblər ki, sən çalışqansan, amma məşqçi
səni oynatmır. Bu, mənə yalnız mane olub. Özümü oyunda düzgün idarə edə
bilməmişəm, bəzən hisslərimi cilovlaya bilməmişəm, vərəqə ilə
cəzalandırılmışam. Düşünmək istəməsəm də, həmin fikirlər mənim beynimdə qalıb,
bu da mənə təsir edib. Amma ümumiyyətlə, belə şeylərdən çox məni futbolçunun öz
xarakteri narahat edir. Bu gün futbol xarakter oyunudur. Sənin öz prinsiplərin
olmadısa… Sən cəmiyyətin fikirləri ilə yox, futbol düşüncəsi ilə yaşamalısan.
Peşəkar olmalısan. Sən özün-özünlə mübarizə aparmalısan. Yadınızdadırsa, bizim
torpaqlarımız işğaldan azad ediləndən sonra mən dedim ki, özüm və komandam daha
da ürəkli olmuşuq. Bu, həqiqətdir. Mən bu gün istəmirəm ki, komandamdakı
oyunçular, xüsusilə də yerli futbolçular meydana ürəksiz, inamsız çıxsınlar.
Əgər belədirsə, o, nəticə verə bilməyəcək. Bir oyun nəticə verəcək, iki oyun
nəticə verəcək, insanlar onun haqqında danışacaqlar. Məsələn, deyəcəklər ki,
Toral yaxşı oynayır, amma baş məşqçi onu oynatmır. Amma bilmirlər ki, futbolçu
əvvəlki xarakterdə davam edirmi, belə oynayır, ya yox. Yəni, bilinmir ki,
futbolçu qarşıdakı matçların hamısına eyni xarakter və istəklə hazırlaşır, ya
yox. Məni narahat edən tək şey budur. Xarakter məsələsi!

– Qurban müəllim, bir halda ki, söhbət açılıb, onda deyin görək, “Qarabağ”da
intizamla bağlı durum necədir?

– Ümumən razıyam. Hamı öz yerini bilir, böyük-kiçik yerini bilir. Mənim üçün
çox vacib olan oyun nizam-intizamıdır. Bu, arada pozulur. Belə şeylər də
futbolda yaşanan hallardır. Yəni, mən həmişə fikirlərimdə bildirirəm ki, biz öz
performansımızı ilboyu eyni səviyyədə qoruyub-saxlaya, eyni nəticəni verə
bilmərik. Bu, sadəcə il ərzində hissə-hissə olur. Mən belə halları normal qəbul
edirəm və get-gedə də azaldıram.

– Legionerlərlə dil tapmaq məsələsi necədir? Hər halda onlarla ünsiyyət qurmaq
çətin olar. Çünki fərqli millətlərin nümayəndələridirlər, hərəsinin öz
emosiyaları var. “Qarabağ”ın təcrübəsində də görmüşük ki, belə oyunçularla çox
çətinlik yaşanıb. Hətta komandadan uzaqlaşdırdığınız futbolçular da olub. Yəni
əcnəbilərlə işləmək çətindirmi?

– Həm çətindir, həm də rahat. Həqiqətən də insanları tam yaxından tanımaq hər
deyəndə alınmır. İki adamın düşüncəsinin, xüsusilə də yerli ilə legionerin
fikirlərinin üst-üstə düşməsi çox çətindir. Yerli oyunçuların ətrafını,
valideynlərini tanıyırsan. O, sənin dediklərini daha tez qəbul edir. Amma
ümumiyyətlə, legionerlərlə işləmək asan deyil.

– Sizə ən çox çətinlik yaradan legioner kimdir?

– Futbolçu ilə dil tapmaq mənim üçün çətin olmayıb. Elə futbolçular olub ki,
mən onların daha yaxşı səviyyəyə çatmasını çox istəmişəm. Yəni, mən yaxşı
mənada onunla dil tapa, istədiyim səviyyəyə gətirib-çıxara bilməmişəm. Amma
intizamsızlıq edənlə dil tapmaq mənim üçün çox asan olub.

– İntizamsızlıq olanda daha çox nə danışırsınız ki, bu, futbolçunun beyninə
yatır, özünü yığışdırır, eyni səhvləri təkrarlamaq istəmir?

– Açıqlasam, bəlkə də düz çıxmaz. Çünki hər futbolçu ilə bir tonda danışırıq.
Danışsam, sanki yenə “mən, mən, mən” məsələsi ortaya çıxar. Belə şeyləri də
xoşlamıram. Amma onların hər biri ilə tez bir zamanda dil tapmışıq.

– Başa düşürəm ki, bəzi mətbəx söhbətlərini açmaq istəmirsiniz.

– Sanki hər şeyi doğru edirəm, bacarırammış kimi yozula bilər.

– Keçmiş futbolçunuz Donald Geryenin bir müsahibəsində demişdi ki, “bizim bir
“WhatsApp” qrupumuz var. Qurban Qurbanov hərdən soruşur ki, hardasınız? Hamımız
da həmin an qrupa bir-bir olduğumuz yerdən şəkil göndəririk”. Doğrudan belə
şeylər olur?

– Özləri çəkib göndərirlər (gülür)…

– Yəni, belə bir qrupunuz var?

– Qrup var, amma mən orada yoxam. Məşqçilər, futbolçular isə hamısı
oradadırlar. Bilirlər ki, mən istədiyim vaxt məşqçini çağırıb, soruşa bilərəm
ki, göstər görüm, nə var, nə yox?

– Heç şəkil göndərməyən olubmu? Bəlkə hansısa biri şəxsi həyatını bölüşmək
istəmir.

– Şəkil məsələləri nadir hallarda olur. Mənim bu məsələdə çox da dərinə
getməyim düzgün deyil. Çünki onlara inanır, güvənirəm. Amma doğrusu, bəzən
Gerye kimi futbolçulara demişəm ki, hə, şəkil çək, göndər (gülür).

– Bu mövsümkü “Qarabağ”dan danışanda qapıçınız Şahruddin Məhəmmədəliyevlə
bağlı sual verməyə bilmərəm. Mən bilirəm ki, sizin bir məşqçi kimi ona çox
güclü dəstəyiniz olub və var. Buna görə indinin özündə belə kifayət qədər
tənqid edilirsiniz. Şəxsi fikrim belədir ki, Şahruddinin “Qarabağ”a verdiyi
faydanı, qələbələrdə pay sahibi olduğunu inkar etmək peşəkarlıqdan uzaq və bir
insana qarşı haqsızlıq olar. Amma o da qeyd edilməlidir ki, avrokuboklarda çox
vacib oyunlarda, məsələn, “Viktoriya” ilə Çempionlar Liqasının təkrar pley-off
matçında, “Nant”la Avroliqadakı son görüşlərdə kobud səhvlərə yol verdi. Bu
oyunçuda həlledici məqamlarda qırılma nöqtəsi nə olur ki, belə ciddi səhvlər
edir?

– Əvvəlcə onu deyim ki, bizim bu il vacib olmayan oyunumuz yox idi. Məsələn,
elə Çempionlar Liqasında “Lex”lə ilk oyundan başlayaq. Biz səfərdə 0:1 hesabı
ilə uduzduq, sonra Bakıdakı matçda qalib gəldik. İkinci matçı – “Sürix”lə oyunu
götürək. Mən “Sürix”lə İsveçrədəki cavab oyununu ilin oyunu sayıram. Həmin
matçda biz minimum Konfrans Liqasının qrup mərhələsini təmin etdik. O görüşdə
komanda çox böyüdü. Cavab oyunu 120 dəqiqə getdi. “Sürix”lə o matç Azərbaycan
insanına futbolu yenidən sevdirən, böyük ajiotajın yaranmasına səbəb olan ən
vacib oyun oldu. Məsələn, mən gəldim, qohum, qardaş, dost-tanış, kim məni
görsə, deyirdi ki, Qurban, bu nə oyun, həyəcan idi? Dövlət məmuru olan
yaxınlarımın hamısı zəng vururdu ki, gecə evdə belə həyəcan var idi, dua
edirdik… Hərtərəfli baxanda mən həmin matçı ilin oyunu adlandırıram. Təsəvvür
edin ki, mən futbolçuların o oyundakı əzmkarlığını heç vaxt yaddan
çıxarmayacağam. Oyunun gedişində Marko Yankoviç, Abdullah Zubirin halını
görəndə gözlərim yaşardı. Əsas vaxt bitəndə, əlavə vaxtın ilk 15 dəqiqəsində
hava çox isti, oyun da çox həyəcanlı idi. Həddindən artıq çox güc sərf
olunurdu. Futbolçuların gücləri yox idi, amma özlərində güc, iradə tapdılar.
Şahruddinin də 1-2 dəfə vacib qurtarışlar etdi. O oyun mənim heç vaxt yadımdan
çıxmayacaq. Boksda olur e, nokdauna düşərsən, amma yenə ayağa qalxır, sonra da
qalib olursan. Bax, “Sürix”lə matç həmin döyüşə bənzəyirdi. Sonradan Ovusu
meydana çıxdı, vacib qol vurdu. Kadini də qeyd edərdim. Futbolçuların hamısı nə
cür oynadılar, əzmkarlıqla mübarizə apardılar… Halbuki biz o matçda
uduzsaydıq, heç kim heç nə deməyəcəkdi…

Hamı baxacaqdı ki, mübarizə apardıq. Amma biz o vacib matçda qalib gəldik.
Sonra “Ferentsvaroş”la matç oldu. Bakıda heç-heçə etdik, səfərdə qalib gəldik.
Bunların hamısında da hamı ürəyini qoyub.

– Şahruddinlə bağlı suala qayıdaq…

– Ona gəldikdə, biz bu matçların hamısını Şahruddinlə, digər futbolçularımızla
qazanmışıq. Ümumiyyətlə, mən futbolçularımda yaradıcılığa daha çox önəm
verirəm. Yəni, fərqi yoxdur qapıçı olsun, ya müdafiəçi, onlar daha çox
yaradıcılığı artırmalı, yaxşılaşdırmalıdırlar. Bunun üçün də mütləq risklərə
getməliyik. Məsələn, mən bu gün yaradıcılıq olmadan futbol oynayım, çəkinim,
bəlkə də mənim üçün daha rahat olar. Bu gün nəticə qazana bilərəm. Amma 3-4 il
sonra ola bilər ki, nəticə əldə etməyim. Yox, əgər biz davamlı nəticə
istəyiriksə, ola bilər ki, 3 il qazanaq, 1 il itirək. Heç nə olmaz. Amma o
klubun təməli, sistemi qoyulmalıdır də. Mən belə şeylərə həmişə daha çox önəm
vermişəm. Bu gün bu prinsiplərimi, tələblərimi yerinə yetirən oyunçulardan biri
də Şahruddindir. Şahruddin onu çox yaxşı bacarır.

– Yəni, siz qapıçılarınıza da icazə verirsiniz ki, oyunun içinə daxil
olsunlar, yaradıcılıq etsinlər?

– Onda ürəkli olurlar də. Mən istəmirəm ki, hansısa futbolçum çəkinsin. Biz
qapıçı ilə belə rəqibin üzərinə çıxmalıyıq. Belə baxanda bizdə hansı səviyyədə
qapıçı olmayıb ki? Amma topu rəqibdən alsın, ayaqla oynasın, ötürsün, oyunu
sürətləndirsin, elə məsələlərdə bəzi qapıçılarımla problemlərim var idi. Onu da
qeyd edim ki, Şahruddin Azərbaycan pasportu alıb. Özü dağıstanlıdır. Amma buna
baxmayaraq, Azərbaycanı sevən, özünü əsl azərbaycanlı kimi aparan, ürəkli
göstərən futbolçudur. Mən Şahruddini istənilən yerə etibar edib özümlə
apararam. Yəni, o, belə insandır. Siz məşq prosesinə baxsanız, görərsiniz ki,
Şahruddinin canfəşanlığı digər futbolçulara da aktivlik, ürək-dirək verir. Ona
görə də bəzi şeylər var ki, bunları qazanmaq üçün onları qurban verməliyik.

– Maraqlı bir məqama toxundunuz. Həmişə deyirdilər ki, Rəşad Sadıqov sanki
meydanda ikinci məşqçidir, komandaya ürək-dirək verir. Deməli, bu, Şahruddində
də var?

– Bəli, var. Rəşad tək oyunda yox, hətta məşqdə, futbolçularla öz aralarında
oynayıb uduzanda belə dəli kimi olurdu. O, uduzmağı xoşlamırdı. İstəyirdi ki,
udsun, qalib gəlsin. Eyni şey Şahruddində də var. Uduzmağı istəmirlər. Marko
Veşoviç, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir də elədir. Bunlar bütün
məşqlərdə dimanik olan futbolçulardırlar. İstər-istəməz ətrafdakı digər
oyunçulara da hərəkətlilik verirlər. Kənardan da biz müdaxilə edirik. Bu, çox
vacib amillərdən biridir.

– Bir detal diqqətimi çəkir. Bu mövsüm İbrahima Vadji “Sent-Etyen”ə, Patrik
Andrade isə “Partizan”a getdi. Əvvəlki illərdə klubdan ayrılan futbolçulardan
Reynaldonun, Muarrem Muarremin, bir çoxlarının adını çəkə bilərik ki,
“Qarabağ”dan gedəndən sonra itib-batırlar. Sanki yoxa çıxırlar. Bir tək indi
yadıma düşənlərdən İbrahim Şehiçi istisna kimi qeyd edə bilərəm ki, Türkiyə
karyerası uğurlu alındı. Bu, niyə baş verir? “Qarabağ”a gələndə üzdə olurlar,
oynayırlar, xarakter göstərirlər, qollar vururlar. Amma gedəndən sonra
karyeraları zərbə dəyir. Bu, birbaşa sizinlə, sizin sisteminizlə bağlıdırmı?

– Ola bilər ki, komandanın oyun sistemi, tələblərlə bağlıdır. Ümumiyyətlə, hər
futbolçu istənilən sistemdə oynaya bilməz. Məsələn, deyirlər ki, bizdə uğursuz
transfer olubmu? Hə, sistemə uyğunlaşa bilməyənlər olub. Amma belə götürəndə
həmin oyunçular çox yaxşı futbolçu olublar. Sadəcə burada bizim tələblərimizi
istədiyimiz kimi yerinə yetirə bilməyib, başqa yerə gedəndə isə orada daha
yaxşı oynayıb. Elələri də olub ki, başqa komandada oynaya bilməyib, bizdə tam
əksinə.

– Kadidən danışaq. Bir dəqiqləşdirmə aparmaq istəyirdim. Səhv etmirəmsə, indi
əvəzedici heyətdə oynayan Qaspar Panadero əsas, Kadi ehtiyat oyunçu kimi
düşünülürmüş.

– İkinci deməzdim, amma Kadini perspektivli futbolçu kimi görüb transfer
etmişdik. Bu transfer üçün böyük maddi xərcimiz də çıxmadı. Bilirsiniz ki, Kadi
Portuqaliyanın 2-ci liqasının axırda gedən komandasında oynayırdı. Hətta
komanda üçüncü liqaya düşməmək üçün mübarizə aparırdı. Amma Kadidə potensialı,
bacarığı görmüşdük. Sadəcə olaraq bir az narahatlığımız o idi ki, Kadi gəlib
bizim komandamıza uyğunlaşa bilər, ya yox. Amma fikirləşirdik ki, o, 3-5 aya
tam bizim oyun sistemimizə uyğun bir futbolçu olacaq. O da gəldi, demək olar
ki, heç 1-2 ay çəkmədi, bizim sistemimizə uyğunlaşmağa başladı.

– Qurban müəllim, indiyədək aldığınız futbolçular arasında Portuqaliyada
oynamış oyunçular çoxluq təşkil edir. Yəni o bazardan gələnlər çoxdur. Bu, nə
ilə bağlıdır? Klubun büdcəsinə uyğun olduğu üçün oradan futbolçular alırsınız?
Bayaq da dediniz ki, Kadinin qiyməti də yüksək deyildi. Yoxsa istədiyiniz,
tələblərinizə, şərtlərinizə uyğun futbolçular əsasən Portuqaliyadadır deyə, ora
üstünlük verirsiniz?

– Ümumiyyətlə, biz o bazara çox baxırıq. Xüsusilə də 2-ci liqadan, hətta daha
aşağı liqadan futbolçu əldə etmək daha rahat olarmı deyə fikirləşirik. Həm də
Portuqaliya futbolu bir az bizə yaxındır. Lakin o qədər olub ki, Avropada
oynamış yaxşı futbolçular istəmişik, amma həmin bazara düşmək mümkün olmayıb.

– Tez-tez fikirlər səslənir ki, bizim yerli futbolçular getməlidirlər,
legioner həyatı yaşamalıdırlar. Reallığa qalanda bu gün bizim xaricə gedib ora
ilə ayaqlaşa biləcək futbolçumuz varmı? Söhbət indi Azərbaycanda oynayanlardan
gedir.

– Bəli, var. Sadəcə biz hələ Azərbaycan olaraq o bazara düşməmişik. Bizim
çempionatımız yaxşı bir səviyyədə olsa, təkcə “Qarabağ” yox, digər komandalar
da Avropa səviyyəsində oynasalar, oyunların sayı çoxalsa, baxımlı çempionat
görülsə, bura maraq daha çox olacaq. Həm də mütləq şəkildə bizim oyunçulara,
futbolçulara uyğun bir çempionat, komanda tapılmalıdır. 2-3 futbolçu gedib
özünü doğrultsa, sonradan bu bazara axın olacaq, axtaracaqlar. Məsələn hansısa
klubda işləsəm, buradan bəzi futbolçuları apararam ki, mənim düşüncələrimi daha
yaxşı yerinə yetirsinlər. Onların adını çəkməsəm də olar. Amma ümumiyyətlə,
hələ ki, səviyyə fərqi var. Yerli çempionatımızın səviyyəsi, Azərbaycan
futbolunun adı hələ o bazara yaxın deyil. Buna görə də problemlər var.

– Oyunçularımızı bir kənara qoyaq. Bəs, siz nə vaxt xaricdə işləmək, ora
getmək barədə düşünürsünüz?

– Mən ümumiyyətlə, futboldan getmək haqda düşünürəm, siz deyirsiniz, xaricə
gedin (gülür).

– Yox, hələ tezdir.

– Deyim ki, getmək istəyirəm, ya istəmirəm – bu gün məncə, bu fikirlə
insanların da düşüncələrini yayındırmamaq lazımdır. Ümumiyyətlə, belə bir
təklif, qərar olanda görürsən ki, həmin an yoluna qoyulur. Amma son vaxtlar
bəzi zənglər olub.

– Haradan olur?

– Olur da (gülür).

– Yaxşı, ad çəkməyək. Ölkəni deyək.

– Yaxın ölkələrdən olub.

– Demirəm ki, klub adı çəkin…

– Belə də, olur (gülür). Amma bu gün “Qarabağ” bizimdir də. Hələ ki, nə qədər
gücümüz, nəfəsimiz var, burada nəsə yaddaqalan bir iş görmək istəyirik.

– Bizim çempionatla bağlı da sual vermək istərdim. Bu mövsüm “Turan Tovuz” və
“Kəpəz” uzun illərdən sonra yenidən Premyer Liqamızda mübarizə aparmağa
başladı. Tovuzda olanda göründü ki, “Qarabağ”a qarşı nə qədər sevgi var.
“Qarabağ” orada rayonun öz doğma komandası kimi qarşılandı. Müsbət şeylər var.
Görürük ki, bölgələr çempionata qoşulanda gərginlik, rəqabət yaşanır. Derbiyə
xas mənzərələrin şahidi oluruq. Amma çatışmazlıqlar da çoxdur. Qurban Qurbanova
görə, bizim çempionatımızda nə düzəlməlidir?

– Ümumilikdə düzələsi şeylər çoxdur. Bunları planlı şəkildə qurmaq çətin deyil
də. Hamıya aydındır ki, komandaların, keyfiyyətli futbolçuların sayı çox
olmalıdır, legionerlər daha çox gəlməlidirlər. Bunun üçün də proqram olmalıdır.
Proqram hazırlanmalıdır və bu, dövlət səviyyəsində həyata keçirilməlidir. Sonda
isə məsələ maddiyyata gəlib çıxır. Yenə də desək ki, bu, dövlət səviyyəsində
böyük pullar tələb edəcək, yox. Sadəcə olaraq işə başlamaq lazımdır. Futbol elə
bir oyundur ki, bəzən hansısa maddiyyat tələb edir. Böyük maddiyyat lazım
olmasa da, daim maddi xərc tələb olunur. Eyni şey akademiyaya da aiddir.
Məsələn, bu gün ola bilər ki, hansısa klub akademiyaya 1 milyon xərcləyər. Amma
gör, 1 milyon yarım xərcləsələr, akademiya hansı səviyyəyə gəlib çıxar. Buna
bir az cəsarət, doğru strategiya lazımdır. Belə şeyləri lazım olan yerlərə
düzgün çatdırmaq lazımdır. Mən bu il kiçik bir maddi vəsait yatırsam, bu, məni
2 il qabağa salar. Məsələn, mən onu demirəm. Niyə çəkinirəm, istəmirəm? Orada
amillər çoxdur. Biz futbolumuzun inkişafını, akademiyalarımızın,
çempionatlarımızın səviyyəsini yüksəltmək istəyiriksə, mütləq bunu etməliyik.

– Proqram qurulması ilə bağlı fikrinizlə razıyam. O, bu gün üçün bizim
futbolumuzun konstitusiyası olmalıdır.

– Problem ondadır ki, yoxdur.

– Amma bir dəfə 10 illik Dövlət Proqramı qəbul olunmuşdu. Amma ötən dəfəkinin
acı təcrübəsi göstərdi ki, təkcə proqram qəbul etməklə iş bitmir. Onu düzgün
icra etmək və ciddi nəzarət etmək lazımdır. Çünki bunlar olmayanda problemlər
yaşanır. Düzdür, siz AFFA ilə bağlı bəzi suallara cavab vermək istəmədiniz.
Amma təbii ki, biz sizinlə söhbətləşiriksə, milli komandaya toxunmaya bilmərik.
Keçən dəfə qonaq olduğum verilişin sualı belə qoyulmuşdu ki, biz niyə dünya
çempionatında yoxuq? Reallığa baxanda görürük ki, biz nəinki dünya və Avropa
çempionatlarına, heç Millətlər Liqasının pley-offuna düşə bilmirik. Yenə də
səbəbləri soruşacağam, yenə də eyni şeylərə gəlib çıxacağıq.

– Mən niyə danışmaq istəmirəm? Çünki özüm də milli komandada işləmişəm. Yəni,
mənə də suallar çox ola bilər. Amma əlbəttə ki, hər bir suala cavabım var.
Sadəcə olaraq dediyim kimi, bir az bəzi etik qaydalar var. Mən istəmirəm ki,
bundan kənara çıxım. Bir şeyi bilməliyik ki, bu “Qarabağ” azarkeşləri, klub
rəhbərliyi mənə güvənirsə, inanırsa, mən işi məsuliyyətlə, vətənimə, torpağıma
olan sevgimlə yerinə yetirməyə çalışıram. Nəticə olmaya bilər. Biz
sığortalanmamışıq ki, hər il çempion olmalıyıq, hər il avrokubokların qrup
mərhələlərində oynamalıyıq. Bu, futboldur, idmandır. O qədər belə şeylər olub
ki… Messi 35 yaşında dünya çempionu oldu. Halbuki, bu, onun ən yaxşı
vaxtlarında daha real görünürdü. Yaxud da Ronaldu 37 yaşında dünya çempionu ola
bilmədi, amma 31 yaşında Avropa çempionu olmuşdu. Elə şeylər var ki, biz
bunlara real yanaşmalıyıq. Bir daha deyim, niyə AFFA, milli komanda haqqında
fikir bildirmək istəmirəm? Çünki ora cavabdeh insanlar var. Bu, onların
məsuliyyətidir. Bu gün mən bir azərbaycanlı olaraq öz üzərimə düşən vəzifəni
yerinə yetirməyə çalışıram. Çünki bu gün klubda mənə inanırlarsa, azarkeşlər
məni sevirlərsə, mən bunu dərk etməliyəm. Yəni, özümü yox, işimi
fikirləşməliyəm. Eyni qaydada da o qurum işləməlidir.

– Biz sadəcə olaraq milli komandadan danışırıq. Milli komanda isə – fərdlərə
deyil, xalqa, Azərbaycana məxsusdur. Nəyə görə mən bu barədə sizə bir neçə sual
verirəm? Ona görə ki, siz ölkə futbolu üçün böyük işlər görmüş birisiniz. Ən
yaxşı mütəxəssislərimizdənsiniz. Ona görə də təkcə işinizə yox, həm də sözünüzə
ehtiyac var. Amma madam ki, bu mövzuda danışmaq həvəsiniz yoxdur, o zaman
müsahibəni də elə baş məşqçisi olduğunuz “Qarabağ”la bağlı suallarla
yekunlaşdırım.

– AFFA məsələsi ilə bağlı deyim ki, mən bir yerdən incik formada ayrılmışamsa,
o qurum haqqında daha çox fikir bildirmək mənə uyğun deyil. Razı qaldığım halda
ayrılsaydım, bəlkə də daha rahat danışardım. İncik halda ayrılanda danışsam,
deyə bilərlər ki, buradan narazı gedib, ona görə də belə danışır.

– Sizi başa düşürəm.

– Hə, gərək, məni o tərəfdən anlayasan.

– Elə isə keçid edək yenidən “Qarabağ”a. Bu mövsüm klub İbrahima Vadjini
“Sent-Etyen”ə satdı. Rəsmi açıqlamaya görə, “Qarabağ” bu transferdən 1 milyon
600 min avro qazanıb. Siz dəfələrlə demisiniz ki, Azərbaycana xaricdən hər
futbolçu gəlmir. Yəni, liqamızın səviyyəsi kimi bir çox amillər var ki,
legionerlər Azərbaycanda oynamaq istəmirlər. Amma gəlin bir məsələni
konkretləşdirək. Olubmu ki, məsələn, istədiyiniz futbolçunun klubu onun bazar
dəyərindən daha çox pul istəyib, amma siz onu verməmisiniz? Yaxud elə onu
şirnikləndirmək üçün daha artıq pul təklif etmisiniz? Mən bu sualı ona görə
verirəm ki, klubun transferdən gəliri də olub.

– Bəli, olub ki, biz transfer üçün pul ayırmışıq. Elə yerlər, elə futbolçular
olub ki, mənim imkanım olsaydı, lap 2-3 milyon da verib o futbolçunu
gətirərdim. Amma maliyyə balansı da var də. Onu qoruyub-saxlamaq lazımdır.
Burada gizlədiləsi bir şey yoxdur. Olub ki, bir futbolçunun klubuna 1 milyon
təklif etmişik, amma oyunçunu ala bilməmişik.

– Belə hal bu il olub?

– Bu il də olub, ondan əvvəlki illərdə də. Ümumiyyətlə, son illərdə belə
hallar yaşanıb. Əfsuslar olsun ki, həmin futbolçuları əldə edə bilməmişik.

– Yəni, sırf qiymətdə razılaşmırlar, yoxsa Azərbaycana gəlmək istəmirlər?

– Gəlmək istəməyən də olub, qiymətdə razılaşmayan da. Məsələn, mən görmüşəm,
elə futbolçu olub ki, onun klubuna 700 min, 800 min avro təklif etmişik, amma
bizdən 2 milyon avro istəyiblər. Mən isə həmin futbolçunu 2 milyon avroya layiq
görməmişəm. Amma bu, onların əlindədir. Onlar öz futbolçularının dəyərini,
qiymətini daha yaxşı bilirlər. Belə hallar yaşanıb. Mən əmin olsaydım ki, o,
futbolçu 2 milyon avroya tam layiqdir, bəlkə də bu pulun verilməsinə razı
olardım. Onsuz da biz əvvəl-axır o sistemə daxil olacağıq. Çünki nəticə vermək
istəyən komanda belə addımlar atmalıdır. Amma alınmayanda uyğun futbolçular
axtarmağa, öz oyunumuzu qoruyub-saxlamağa, müqaviləsi bitmiş futbolçuları
gətirməyə məcburuq.

Source link