89d0b7f2-43e1-4d9d-bc82-7d50a6fbce0a..jpg

Qurban Qurbanov: “Bəzən belə xal itkilərinə sevinirəm”

Baxış sayı: 588 dəfə baxılıb.

Qurban Qurbanov: “Bəzən belə xal itkilərinə sevinirəm”

“Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Oyunumuz istədiyimiz kimi alınmadı.
Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur.
Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur. Qarşıda
bizi vacib oyun gözləyir. Hər şeyi qaydasına salmalıyıq ki, “Olimpiya” ilə
cavab matçında istədiyimiz nəticəni qazanaq”

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
Misli Premyer Liqasının 4-cü turunun “Kəpəz”lə (1:1) oyunundan sonra mətbuat
konfransında deyib.

O, “Yurqorden”də çıxış edən oğlu Musa Qurbanlının İsveç çempionatının 21-ci
turunda “Deqefors”la matçda iki qol vurub, bir qol ötürməsi verməsi ilə bağlı
söyləyib: “Xəbərim var idi ki, bu gün oyunu var. Etdikləri sevindirici haldır,
buna ancaq sevinirəm. Düzü, oyuna baxmamışam. Çalışacam ki, sabah izləyim.
Təkcə oğlumdur deyə yox, azərbaycanlı kimi uğur əldə edəcəksə, buna çox
sevinəcəm”.

Mütəxəssis UEFA reytinqində Azərbaycana daha çox xal gətirən komandanın
“Qarabağ” olması ilə əlaqədar fikrə belə münasibət bildirib: “İnanıram ki, ölkə
adına qazanacağımız xalların sayı çoxalar. “Sabah” klubu bu mövsüm az xal
qazanmadı. Oyunlarımız çox oldu, qələbələrimiz oldu və xallar qazana bildik.
Qarşıdakı illərdə daha yaxşı nəticə əldə edə bilərik. Klublarımızın sayı
çoxalır və onlar inkişaf edirlər”.

Q.Qurbanov Luka Quqeşaşvilinin komandadan ayrılacağı, Kadi Borgesin icarə
əsasında geri qayıdacağı xəbərlərini də şərh edib: “Məndə belə məlumat yoxdur.
Kadi ilə danışığımız olmayıb. Qapıçı məsələsi ilə bağlı da bir şey yoxdur”.

Baş məşqçi “Zirə”nin hazırda 4 ardıcıl qələbə ilə lider olması haqda da
danışıb: “Zirə”nin lider olmasına sürpriz deməzdim. Buna sevinirəm. Çünki orada
tanıdığım insanlar, məşqçilər var. Onların nə qədər əziyyət çəkdiyini görürəm,
bilirəm. Rəşad Sadıqov da birincilərdəndir. “Zirə” rəhbərliyi və Rəşad Sadıqov
futbolumuza, idmanımıza daha çox fayda vermək haqda düşünürlər. Bəzən çox şeyə
sürpriz kimi baxmıram. Çünki bütün ölkələrdə, çempionatlarda komandalar ancaq
inkişafa doğru gedir. Hamı oturur, düşünür, hazırlaşır. İstənilən oyunda
istənilən nəticə ola bilər. Sevinirəm, “Zirə”yə və Rəşad Sadıqova uğurlar
arzulayıram. Çempionat yeni başlayıb. Görünən odur ki, qarşıda maraqlı
nəticələr çox olacaq”.

O, komandasının ölkə çempionatında 4 oyuna 7 xal toplaması ilə əlaqədar
deyib:” Normaldır. Əvvəl daha yaxşı nəticələrimiz ola bilər. Amma situasiyanı
nəzərə almalıyıq. Futbolçular üzərinə böyük yük düşür. İki gün səfərdə, iki gün
burda… Adaptasiya ilə bağlı problemlər olur. Məşq prosesləri pozulur,
istər-istəməz hazırlıqda disbalans olur. Bəzən belə xal itkilərinə sevinirəm.
Futbolçular bundan sonra daha ciddi hazırlaşmalı olur”.

Q.Qurbanov qapıçı Andrey Lunyevin Ağdam təmsilçisində debüt oyunu haqda
bunları söyləyib: “Bizdə qiymət yoxdur. Çıxışı normal idi. İlk oyununa çıxdı.
Düşünürəm ki, daha yaxşı olacaq”.

Source link