Millimizin və “Qarabağ”ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun ÇıxışYolu.Com-a müsahibəsini təqdim edirik:
– AFFA İcraiyyə Komitəsindəki işinizi davam etdirəcəksiniz?
– Keçən dəfə də bu məsələ müzakirə olundu. Bu işdən uzaqlaşmaq istəyirdim. Tövsiyə olundu ki, qalım. Ona görə də hələ işimə davam edirəm. Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında bu haqda müzakirə olmadı.
– Üfiq Budağın oyununu izləmək üçün köməkçiniz Elçin Rəhmanovu Türkiyəyə göndərmişdiniz. Futbolçu meydana çıxmadı. Rəhmanov Türkiyədə qalıb, Üfiqin oyununu izləyəcək, yoxsa geri qayıdacaq?
– Şərt o deyil ki, biz Üfiqin oyununa canlı baxaq. Elçin Rəhmanov ora həm Üfiqin oyununa baxmağa, həm də onunla görüşüb, söhbət etməyə getmişdi. Onsuz da futbolçuların oyununu daim televiziya vasitəsilə izləyirik.
– Yəqin ki, futbolçu ilə Rəhmanov arasında görüş olub. Sirr deyilsə, yenidən milliyə dönməyə razılıq veribmi?
– O, milli komandanın üzvüdür. Bir neçə matç çıxış etmirsə, bu, o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd “səni mütləq dəvət edəcəyik” demək deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik.
Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiniz. Əsas məqsəd Üfiqlə yaxından maraqlanmaq idi. Oynasaydı, daha yaxşı olardı, amma meydana çıxmaması da problem deyildi.
– Almaniyada legionerlərimiz var. Onları da izləyirsiniz?
– Artıq başlamışıq. Almaniyadan hələlik Dmitri Nəzərovu dəvət edəcəyik.
– Rüfət Dadaşovu necə, milliyə dəvət edəcəksiniz? Aşağı liqada oynasa da, qollarını sıralayır.
– Bəli, son vaxtlar performansı yaxşıdır. Oyunlarını izləyirəm. Son bir ilə baxıb qərar vermək düzgün olmaz. Millimizdə kimlər olubsa, hamısı ilə maraqlanırıq.
– Dəniz Yılmazın oyunu ilə maraqlanırsınız? Robert Prosineçkinin vaxtında bu futbolçunun millimizlə problemi olmuşdu…
– Hər bir futbolçu ilə maraqlanırıq. Çalışırıq ki, hər biri ilə yaxından tanış olaq. Biri var nəyisə eşidəsən, biri də var ki, futbolçu ilə üz-üzə danışasan. Onda oyunçunun xarakterinə daha yaxından bələd olursan. Son vaxtlar Dəniz Yılmaz oynamır. Bu sarıdan bir qədər sıxıntı var.
– Çempionatda yaranacaq fasiləyə görə klublar narazılıq etməyib?
– Yox. Heç bir klub narazılıq etmədi. Hər biri sağ olsun. Bütün çempionatlarda belə hallar yaşanır. Sadəcə, bizdə 3-5 gün daha çox olur. Bu, illər boyu təkrarlanır. Hər bir klub rəhbəri milli komanda üçün üzərinə düşən işi yerinə yetirmək istəyir.
– Millətlər Liqasında rəqibimiz olan Kosovo millisi mart ayında Fransada iki yoxlama oyunu keçirəcək. Həmin oyunları izləmək üçün köməkçilərini göndərəcəksiniz?
– Bəli.
– Millinin heyətini açıqlamaq üçün çempionatın bitməsini gözləyəcəksiniz, yoxsa daha tez olacaq?
– Çempionat bitdikdən sonra. Son turun axşamı açıqlanacaq.
– “Qəbələ” – “Neftçi” oyununu stadiondan izlədiniz. Diqqətinizi çəkən futbolçular oldu?
– Diqqətimi cəlb edən oldu. Məni narahat edən məqamlar da var. Bəzi futbolçulardan razı qalmadım.
– Sizcə, Ramil Şeydayevin millimizə daha yaxşı kömək etməsi üçün “Qarabağ”da ehtiyatda qalmağındansa, sabit oynayacağı bir kluba keçməsi daha yaxşı olmazmı?
– Hər bir futbolçunun formasını yaxşılaşdırması üçün onun daim oynaması lazımdır. Təəssüf ki, biz 11 nəfərdən artıq futbolçu meydana buraxa bilmirik. Belə olan halda hansısa futbolçu kənarda qalmalıdır. Ancaq hər bir oyunçunun, əsas da millimizin üzvünün daha yaxşı çempionatlarda iştirak etməsini istərdim.
Ən azından bizdə əsas heyət üzvlərindən biri olsun. Ramilə gəldikdə, tək o yox, bir neçə futbolçu var ki, onların oyun təcrübəsinin çox olmağını istərdim. Əfsuslar olsun ki, onlar kənarda qalıb. Ancaq Ramil kənarda qalmayıb. Üç tur əvəzedici heyətdə çıxış edib. Ən azından formasını qoruyub. Belə problemlər daim olub, yenə olacaq.
– Rəşad Sadıqovun karyerasını bitirməsi məsələsi son vaxtlar çox müzakirə olunur. Belə söhbətlər edilir ki, Rəşad U-21 millisində baş məşqçisi olduğu futbolçulara qarşı oynayır. Sizcə, Rəşad karyerasını bitirməlidir?
– Bu məsələ niyə bu qədər müzakirə olunur, bilmirəm. Əgər futbolçunun gücü varsa, ən yaxşılardandırsa, niyə də oynamasın?! Bizim bu futbolçuya klub olaraq ehtiyacımız varsa, niyə onu komandadan uzaqlaşdırmalıyıq ki?
Bizim Rəşaddan da yaşlı futbolçumuz var – Ansi Aqolli. Bu iki futbolçunu bütün gənc oyunçulara nümunə göstərərdim. Belə oyunçuları tez futboldan göndərməli deyilik. Özünüz də şahidi olmusunuz ki, bəzi futbolçular 38 yaşına qədər oynayıb. Xavyer Zanettini qeyd edərdim.
O yaşında ən yaxşılardan idi. Öz futbolçuna qarşı oynamağın nə problemi var? Əksinə, futbolçular daha məsuliyyətli olur. İdman elə bir oyundur ki, burada dəyişikliklər həmişə olacaq. Biz yaxşını həmişə qorumalıyıq. Onun yaşına önəm verməməliyik.
– Xama Biliat məsələsi artıq qapanıb, yoxsa danışıqlar gedir?
– Danışıqlar dayanıb. Transfer pəncərəsi bağlanıb. Hazırda fikrimizdə bir neçə futbolunun soyadı varsa, Biliat da onların sırasındadır. Ancaq hələ “gələcək” deyə bilmərəm.
– Onun oyununu canlı izləmək fikriniz var?
– Xeyr, buna ehtiyac yoxdur. Onu yaxından tanıyırıq.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com