022956fc-2a6b-4412-8cde-bbe12526676b..jpg

Qurban Qurbanov: “Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

Baxış sayı: 452 dəfə baxılıb.

Qurban Qurbanov: “Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

“Bu qələbə bizi arxayınlaşdırmamalıdır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
Sloveniya klubu “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa
Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Bakıdakı cavab qarşılaşmasına daha ciddi
hazırlaşacaqlarını bildirib: “Çox yaxşı oyun keçdi. Hər iki komanda topla
rəftarı xoşlayırdı. Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu,
hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi
yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt
təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər.
Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf eləməli olacağıq”.

Baş məşqçi qələbədə vacib rol oynayan məqamlara toxunub: “Matçın əvvəlində
düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid
hissəsində qura bildik, pressinqimiz pis alınmadı. “Olimpiya”nı qapımıza yaxın
buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib komponent kimi bunu
qeyd edərdim”.

O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da
münasibət bildirib. Q.Qurbanov oyunu standart vəziyyətlər üzərində
qurmadıqlarını vurğulayıb: “Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə,
bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha
uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin
daha çox buna üstünlük vermişdik”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq
Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Source link