25a5df30-5e49-4262-bf96-4ff8d04805c4..jpg

Qurban Qurbanov: “Eyni epizod “Bayer 04”ün qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi”

Baxış sayı: 509 dəfə baxılıb.

Qurban Qurbanov: “Eyni epizod “Bayer 04”ün qapısı qarşısında olsaydı, hakim
penaltini verməyəcəkdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eyni epizod rəqibin qapısı qarşısında olsaydı, hakim penaltini verməyəcəkdi”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
Almaniyanın “Bayer 04” klubuna 0:1 hesabı ilə məğlub olduqları UEFA Avropa
Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis son dəqiqələrdə rəqibin lehinə təyin olunan penaltidən
narazılıq bildirib: “Belə epizodlarda həmişə böyük klublara simpatiya
bəslənilir. Referiyə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu
görmürsə, nə etməlidir?”

O, azarkeşlərin maraqlı mübarizə izlədiklərini vurğulayıb: “Futbolçularıma
təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş
idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar
olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm
dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən
özümüzün daha diqqətli olmağımızın tərəfdarıyam. Xüsusən də, belə komandalara
qarşı. Məğlub olduq. Amma azarkeşlər 90 dəqiqə yaxşı mübarizə, oyun gördülər.
Bu cür komandanı, güclü futbolçuları canlı izlədilər. Belə matçlar futbolumuzun
inkişafına, sevilməsinə böyük fayda verir”.

Baş məşqçi Leverkuzendəki 1:5 hesablı məğlubiyyətdən sonra yaxşı
toparlandıqlarını düşünür: “Böyükhesablı məğlubiyyət mən də daxil olmaqla,
futbolçulara pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki,
istənilən matçda 4-5 qol problem deyil. Hər tur bunu görə bilirik. Futbolçular
rəqibi analiz edəndə çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar,
səbirli oldular. Məncə, yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun
qurduq”.

Q.Qurbanov müdafiə xəttində məcburiyyətdən dəyişikliklər etdiyini deyib:
“Müdafiədə nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün
düzgün saymıram. Çünki rəqibə ilk “onbirlik”lə hazırlaşırıq. Onlar tapşırığı
daha yaxşı icra edirlər. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin
Cəfərquliyev də çox yorulmuşdu. İlk dəyişiklik düşündüklərimə görə olmadı.
Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq.
Cəfərquliyev və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir
epizodda penalti verildi. Orada da, bəlkə daha intizamlı oynamaq olardı”.

Təcrübəli mütəxəssis penaltiyə görə kapitan Maksim Medvedevə iradının
olmadığını bildirib: “Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər
oyunlarda belə penaltilər olub ki. Dünən “Mançester Yunayted”in matçında ikinci
qolda həm qırmızı vərəqə, həm də penalti verdilər. Belə penalti vermək çox
sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb
qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Maksimə gəldikdə, müzakirə olunası
bir şey yoxdur”.

Onun sözlərinə görə, qapıçı Andrey Lunyovun zədəsi ciddidir: “Dizində ciddi
ağrı var. Bəlkə də, yenidir. Çox ciddi zərbə olmuşdu. Sabah daha dəqiq məlumat
verə bilərik”.

“Qarabağ”ın çalışdırıcısı çempionat matçlarında da dolu tribunalar önündə
çıxış etmək arzusunda olduqlarını sözlərinə əlavə edib: “Çempionatımızda da bu
qədər azarkeşin olmasını istəyərdik. Çünki biz texniki, taktiki, fiziki
tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra
etməsi üçün azarkeş böyük köməkdir. Bəzən meydanda danışanda bir-birilərini
eşidirlər, ancaq azarkeşlər önündə olan oyun fərqlidir. Azarkeş üçün oynayırıq.
Daha çox azarkeşi stadiona cəlb etməyi, futbolu onlara sevdirməyi düşünməliyik.
Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, bir sözlə, hamımız futbolu
ölkəmizdə sevdirməliyik”.

Source link