Qurban Qurbanov: “Gent”lə oyuna hələ tam hazır deyilik”
“Vacib 3 xal qazandıq. Amma istədiyimiz idman formasında deyilik. İstərdim ki,
futbolçular topla daha düzgün, tez rəftar etsinlər”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
“Azersun Arena”da “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer
Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis təşkilatlanmış komandaya qarşı oynadıqlarını bildirib:
“Komandam diqqətli çıxış etdi. Sadəcə, son qolda diqqətsizlik oldu. “Şamaxı”ya
uğur arzulayıram. Futbolçularımı təbrik edirəm”.
O, hələlik komandasını “Gent”lə oyunlara hazır hesab etmədiyini söyləyib:
“Qarşıda bir neçə oyun var. Həmin matça heyəti tam müəyyənləşdirməyə, fiziki
və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik”.
Mütəxəssis qapıçı transferi ilə bağlı məsələyə də toxunub:
“Fevralın 2-dək sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi
yekunlaşdırmağa çalışacağıq”.