Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən
futbolçusu Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovu da hiddətləndirib.
Sportinfo.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”ın baş məşqçisi
bundan dolayı oyunçusuna sərt üzünü göstərib, Elvini külli miqdarda
cərimələməyib.
Q.Qurbanov E.Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ
davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir. Özünə çəki-düzən
verməsə, əsas heyətdəki yerini itirəcək.
Qeyd edək ki, UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq
cəzalandırıb. Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı
keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə
vaxtda) hakimi təhqir etməsi səbəb olub. O, Bakıda “Bayer”ə qarşı 1/8 final
mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana
çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə
bilməyəcək. Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə
alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq.
Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam
Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.
Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda “FIFA series – Edition 2024”
layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib. “Tofiq Bəhramov”da baş tutan
oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə
ilə tərk ediblər – 1:1. Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb.
Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına
təhqiramiz ifadələr işlədib. Sarı kart alan Elvin final fitindən sonra da
dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə
hakimlərə tərəf tutaraq “kotostrofa” ifadəsini işlədib. Cəfərquliyevin bu
hərəkətləri birmənalı qarşılanmayıb.