f5f8a5cd-f4c6-4f08-b6ec-ddf6843ec069..jpg

Qurban Qurbanov: “İki və ya üç oyunçu transfer etmək istəyirik”

Baxış sayı: 4. 609 dəfə baxılıb.

Qurban Qurbanov: “İki və ya üç oyunçu transfer etmək istəyirik”

“Danışıqlar apardığımız bir neçə futbolçu var. İki və ya üç oyunçu transfer
etmək istəyirik”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İlin idman yekunları” qala
mərasimində jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, bəzən transfer məsələləri düşündükləri kimi
alınmır:

“İstənilən halda, yenə də işimizi davam etdirəcəyik”.

Onun sözlərinə görə, son günlər Kadi Borges və Marko Veşoviçlə bağlı
xəbərlərin yayılmasında səbəbkar özüdür:

“İstədim ki, səmimi olum. Bunlar 2 günün xəbəri deyil. İlboyu danışıqlar,
təkliflər olur. Sadəcə, danışıqların hansı mərhələyə gəlib çatdığı bilinmir.
Əcnəbi klubların Kadi Borges və Marko Veşoviçlə maraqlandıqlarını demişəm.
Bəzən bir futbolçu ilə müqavilə bağladıqda, oraya oyunçunun özü və ya agenti
tərəfindən hansısa bənd qoyulur ki, bu da müəyyən səlahiyyətləri klubun əlindən
alır. Belədə gedən futbolçunun qarşısını ala bilmirik. Hər bir halda yenə də
ümumi danışıqlarımız gedir”.

Təcrübəli baş məşqçisi braziliyalı yarımmüdafiəçiyə uzun müddətdir maraq
olduğunu vurğulayıb:

“Təkcə “Krasnodar” yox, başqa bir neçə ölkənin klubu onu diqqət mərkəzində
saxlayırdı. Bunlar normal haldır. Ötən yay Kvabena Ovusu və Leandro Andrade ilə
də maraqlanmışdılar. Bizim özümüz də bəyəndiyimiz futbolçuların klubları ilə
əlaqə saxlayır, danışıqlar aparırıq. Normal prosesdir. Sadəcə, bu, nə dərəcə
bizim xeyrimizə olacaq, qarşıdakı günlərdə və ya aylarda bilinəcək”.

Qurbanov özünə də bəzi təkliflərin gəldiyini gizlətməyib:

“Futbolçularla maraqlandıqları kimi, mənə də agentlər tərəfindən çıxışlar
olur. Müəyyən təkliflər irəli sürürlər. Amma mən “Qarabağ”a bağlı insanam”.

İlin yekunlarını da dəyərləndirən mütəxəssis bunları söyləyib:

“2022-ci ili idman ili adlandırmaq olar. Bütün növlərdə çox yaxşı nəticələr
qazanıldı. Futbola gəldikdə, bəlkə də Azərbaycanda “idmanın şahı”nın ən
yaddaqalan ili oldu. “Qarabağ” olaraq, Çempionlar Liqasının təsnifat
mərhələsindəki bütün oyunlarımız çox gərgin və maraqlı alındı. Avropa Liqasının
pley-off mərhələsinə düşmək üçün son anadək şansımız var idi. Bütün matçlarda
ajiotaj oldu. Azarkeşlər təkcə stadionda deyil, bildiyim qədərilə,
kinoteatrlarda, küçələrdə, monitorlarda bizim oyunlarımızı izləyirdilər. Bu,
mənə çox xoş təsir bağışladı. Bu il həm çempionluğu, həm ölkə kubokunu
qazanmaq, həm də minimum Avropa Liqasının qrupuna düşmək bizim üçün yaxşı
nailiyyət oldu. Təcrübəmiz daha da çoxaldı. Yadda qalan il oldu”.

Source link