“İstəməzdik məğlub olaq. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Bunu qəbul etməliyik”.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Sevilya”nı qəbul edən Azərbaycan çempionu 0:3 hesablı məğlubiyyətə üzülüb.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Sevilya” çox dinamik komandadır, topla sürətli davranır. Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibə yaxşı oyuna və qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərə də bu cür dəstəyə görə minnətdaram”.
– Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. İlk turun nəticələri fikrinizdə hansısa dəyişiklik yaratdımı?
– Mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdu. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bugünkündən də çox hazırlaşmalıyıq.
– İki ölkə futbolu arasında böyük fərq var. Oyunda necə, bu hiss olundumu?
– Məncə, əlavə şərhə ehtiyac yoxdu. Əlbəttə oldu. La Liqa ən çox izlədiyim çempionatdır. Bu fərqin bu gün canlı şahidi olduq. İlk qola kimi mübarizə apara bildik. İlk qoldan sonra dəyişikliklər etdik, önə çıxmaq istədik. Dərhal da bundan istifadə etdilər. Bu, onların necə güclü çempionatdan gəldiklərini göstərir.
– Xayme Romeronun əvəzlənməsi nə ilə bağlı idi?
– “Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Kintananı meydana buraxdıq.
– Bu gün Araz Abdullayevi hücumun mərkəzinə buraxanda hücumçu problemini hiss etdinizmi? Və Miçeldən razı qaldınızmı?
– Futbolçularımdan razı qaldım. Rəqibi də nəzərə almalıyıq. Əsas hücumçumuz Mahir Emreli zədəlidir. Nə qədər imkanımız var idi, transferlərdən də o qədər istifadə edə bildik. Bu, hər dəfə alınmır.
– “Sevilya” 90 dəqiqə ərzində sürətli futbol oynadı. Bunu nəzərə alıb “Zirə” ilə matçda ehtiyat heyətə şans verməyi düşünmürsünüz?
– Bəzi futbolçular həddən artıq çox yoruldular. Ola bilər ki, bəzilərinə istirahət verək. Hər halda, bunu düşünmək üçün vaxtımız var.