Qurban Qurbanov: Mən VAR-ın tərəfdarı olmuşam

Qurban Qurbanov: Mən VAR-ın tərəfdarı olmuşam

Baxış sayı: 8. 476 dəfə baxılıb.

Sabah Belarusla yoxlama oyunu keçirəcək Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ÇıxışYolu.Com xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Bakıda ilk oyunumuz olacaq. Hər bir futbolçu bu oyuna ciddi hazırlaşıb. Hamı bilir ki, bizi qarşıda hansı oyunlar gözləyir. Futbolçularla söhbət etmişəm. Sabahkı matçda ən doğrusunu etməyə çalışacağıq”.

– Legionerlərin durumu necədir? Xüsusilə, sabah Araz Abdullayevi start heyətində meydanda görə biləcəyik?

– Futbolçuların vəziyyəti yaxşıdır. Arazı sabah start heyətində görmək ehtimalımız çoxdur.

– Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. Sizcə, bu sistemə ehtiyac var?

– Bu sistem yaranandan onun tərəfdarı olmuşam. Müzakirələrə səbəb olan epizodlar çox olub. Bəzi komandaların haqqı əlindən alınıb. Buna görə bu texnologiyanın tərəfdarıyam. Oyunlarımızda bu sistemdən istifadə olunmasını istəyərdim. Həmçinin də ölkə çempionatında.

– Millinin əsas iki hücumçusu – Ramil Şeydayev və Mahir Mədətovu U-21-ə göndərdiz. Bu, Rəşad Sadıqovun istəyi idi?

– Həmin oyunçuların potensialına bələdəm. Onların bu matçlarda çıxış etmək ehtimalı az idi. Çünki hücum xəttində yeni futbolçuları sınamaq istəyirdim. Sabahkı oyunlarda bir neçə dəyişiklik edib, bəzi futbolçuların nəyə qadir olduğuna şahid olacağıq.

– Millətlər Liqası və AÇ-nin seçmə mərhələsinin sizin üçün fərqi var?

– Fərqli turnirlərdir. Mən hazırda heç kimi zəif saymıram. Bu gün bizim zəif hesab elədiyimiz yığmalar düşündüyümüzdən daha güclüdürlər. Onlar daha istəkli olurlar. Millinin hər oyunda nəticəyə köklənməsinə çalışmalıyıq. Bu olmasa, nəticə də olmayacaq. Hər iki yarışda şansımız var. İstəyirəm ki, futbolçular bu oyunların Azərbaycanımız üçün nə demək olduğunu bilsinlər. Hansı turnir olsa, ora istəksiz çıxacağıqsa, bunun heç bir faydası olmayacaq.

– Oyun Olimpiya stadionunda olacaq. Ancaq bu arenaya yol bir qədər uzaqdı. Olmazdı ki, millinin oyunları Tofiq Bəhramov adına stadionda olsun?

– Azarkeş amili çox mühümdür. Əvvəl mən də ÇL-in qrup oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq orda oyunlar keçirdikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Narazı qalmadım. Daha çox azarkeş gəldi. Düzdür, nəqliyyatla bağlı müəyyən problemlər oldu. Amma həmin stadion Avropa standartlarına uyğun arenadır. Problem görmürəm. Hələ vaxtımız var. Ola bilsin, gələn oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionunda və ya başqa arenada olsun. Məncə, azarkeşlər də Olimpiya stadionunu seviblər. Hər şey azarkeşlər üçündür.

– Ayaz Quliyev Rusiyanın U-21 millisinə dəvət olundu. Bir müddət öncə isə o, Azərbaycan millisində çıxış etməyin əleyhinə olmadığını demişdi. Onu da Ramil Şeydayev kimi ruslardan “oğurlamaq” mümkün olacaq?

– Bütün futbolçuları izləyirik. Biz hansısa futbolçunun Azərbaycan millisi üçün faydalı olacağını düşünsək, onu yığmaya dəvət etməkdən çəkinməyəcəyik. Zamanı gəldikdə, lazım olan futbolçuları çağıracağıq.

– Bu gün aşağı yaş qruplarında xeyli milliləşdirilmiş futbolçu çıxış edir. Halbuki siz yığmaya yeni gələndə, bu cür futbolçuların saynın azalacağı güman olunurdu…

– Hansı məşqçini dindirsən, deyəcək ki, istedadlı futbolçulara ehtiyacımız var. Xaricdə də legionelərin xidmətindən istifadə edilir. Əlbəttə, biz ilk növbədə azərbaycanlı futbolçuların xidmətindən yararlanmalı, yerli futbolçuların yetişdirilməsinə diqqət ayırmalıyıq. Ancaq biz futbol ölkəsi deyilik. Bunu nəzərə almalıyıq. Milliləşdirilmiş futbolçuların sayı bizdə də get-gedə azalır.

S.T.

www.ÇıxışYolu.Com