Qurban Qurbanov Xabi Alonsoya Qarabağ xalçası hədiyyə edib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in (Leverkuzen) baş məşqçisi
Xabi Alonsoya Qarabağ xalçası hədiyyə edib.
Qafqazinfo xəbər verir ki, təcrübəli mütəxəssis Almaniyada Avropa Liqasının
qrup mərhələsində Ağdam klubunun rəqibi olan “Bayer”in (Leverkuzen) baş
məşqçisi Xabi Alonso ilə görüşüb.
Qeyd edək ki, Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları
ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.
22:48
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada Bundesliqanın lideri
“Bayer”in düşərgəsində səfərdədir.
Futbol klubundan verilən məlumata görə, Qurban Qurbanov Leverkuzen
təmsilçisinin hazırlıq prosesini izləyib.
O, “Bayer”in baş məşqçisi Xabi Alonso ilə də görüşüb.
“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və
uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı
idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi
altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə
kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı
komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq
istəyirdim”, – deyə “Qarabağ”ın baş məşqçisi bildirib.
Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edib:
“Bayer”in bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso
ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep
Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik.
Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan
ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş
alındı”.
18:41
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.
Bu barədə “Qafqazinfo”ya klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.
O bildirib ki, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində
“Qarabağ”ın rəqibi olan “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso
ilə görüşəcək.
Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq
və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.