Qurban Qurbanov: Məni narahat edən onların “çaşmaq” ehtimalıdır

Qurban Qurbanov: Məni narahat edən onların “çaşmaq” ehtimalıdır

Baxış sayı: 2. 883 dəfə baxılıb.

Futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudur. Çətin oyun oldu. Bilirdik ki, “Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldır. Samir Abbasov və komandasına uğurlar arzulayıram. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, futbolçuların bəziləri neçə illərdi ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. 

“Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək, uğurlardan sonra “çaşmaq” ehtimallarıdır. Səviyyəsindən asılı olmayaraq bütün çempionluqlar hamı üçün şirindir”.
 
Çempionlar Liqasının qrup mərhələsində düşmək üçün şanslarını qiymətləndirən Qurban Qurbanov bildirib ki, reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq, amma turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacaq və ciddi hazırlıq keçəcək:

“Biz bu hazırlıqları bütün il boyu edirik. Dəfələrlə demişəm ki, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir. Bu vaxta qədər hansı oyunçunu istəmişiksə, rəhbərliklə problem olmayıb. Ümumiyyətlə, hər ölkənin öz qiyməti, futbolçu səviyyəsi var. Mən çox istərəm ki, “Qarabağ”a daha yaxşı futbolçular gəlsinlər, amma daha yaxşıları başqa-başqa çempionatlara gedirlər. Bu gün yaxşı futbolçu tapmaq çətindir. Ona görə də sizin düşündüyünüz futbolçular Rusiya, Türkiyə və digər ölkələrdə oynamağı üstün tuturlar. Biz onlara nə qədər pul versək də, onların gəlmək ehtimalı 3-5 %-dir. Hər ölkə futbolunun öz nüfuzu var, biz də ona uyğun addım atırıq”.

www.ÇıxışYolu.Com