d905bdfb-3986-4ea4-8391-92671c632d0d..jpg

Qurban Qurbanovun arzusu: “Qarabağ” Super Liqada oynaya bilərmi?

Baxış sayı: 1. 137 dəfə baxılıb.

Qurban Qurbanovun arzusu: “Qarabağ” Super Liqada oynaya bilərmi?

“Qarabağ”-“Qalatasaray” xeyriyyə oyunundan sonra Ağdam klubunun baş məşqçisi
Qurban Qurbanovun səsləndirdiyi fikirlər çox müzakirə olundu.

Cixisyolu.com xatırladır ki, təcrübəli mütəxəssis Azərbaycan və Türkiyənin
liqalarının bir olmasını çox istədiyini bildirmişdi. Bu fikrinə görə Qurbanovu
qınayanlar da oldu, tərəfini saxlayanlar da.

Öncə onu qeyd edək ki, baş məşqçinin belə açıqlama verməsini ilk növbədə
oyunun emosionallığı, matç ətrafında yaranmış ab-hava ilə əlaqələndirmək
lazımdır. Ancaq fikir hər halda müzakirə olunmalıdır.

Beynəlxalq praktikada belə nümunələr varmı?

Fərqli ölkələrin çempionatlarının birləşdirilməsinə, demək olar ki, rast
gəlinmir. Uzaq keçmişdə Avstriya “Rapid”inin Almaniyada çempion olduğu dönəmi
istisna etmək olar. Almaniyada nasist hakimiyyətinin olduğu dövrdə Avstriya
klubları da bu ölkənin liqasında yarışırdılar. “Rapid” 2-ci Dünya müharibəsinin
qızğın çağında – 1942-ci ildə çempionluq əldə etmişdi.

Yaxın keçmişdə Niderland və Belçika liqalarının birləşdirilməsi geniş müzakirə
olunub. Hətta 2020-ci ildə real addımların atılması gündəmdə idi. Ancaq
sonradan məsələ donduruldu. Bəzi klublar ideyanı dəstəkləsələr də, digərləri
bunun əleyhinə çıxış edirdilər. “Bir liqa” tərəfdarlarının əsas arqumenti yayım
gəlirlərinin artması idi.

Praktikada Azərbaycan Premyer Liqası ilə Türkiyə Super Liqasının
birləşdirilməsi də çətin görünür. İlk növbədə, hüquqi prosedurlar olduqca
irihəcmlidir. Digər tərəfdən, Türkiyədə futbol mühiti amansız və aqressivdir.
Nəinki Super Liqa, heç aşağı liqa klubları özlərinə “kənardan” rəqib istəməzlər.

Azərbaycan təmsilçilərinin də heç də hamısı bu ideya ilə razılaşmaz. Elita
klublarının əksəriyyəti dövlətin ayırdığı maliyyə ilə mövcudluğunu qorumağa
çalışır. Onların Super Liqa və ya Türkiyənin daha aşağı səviyyəli
çempionatlarında çıxış etməsi mövcud imkanlarla az qala mümkünsüzdür. Əlbəttə,
mümkün birləşmə klublar üçün əlavə maliyyə imkanları aça bilər, ancaq bunu da
əminliklə iddia etmək olmaz.

Bəlkə, “Qarabağ” Super Liqada yarışsın?

Bunun icrası daha asan prosesdir. Mütəxəssislər Ağdam klubunun Avropada daha
irəli gedə bilməməsini çox zaman Azərbaycan çempionatının səviyyəsinin aşağı
olması, rəqabətsizliklə əlaqələndirirlər. Komandanın daha böyük liqada
yarışması həm özünün daha güclü olmasına səbəb olar, həm də yerli futbolçular
inkişaf edərlər. Bu, yekunda ölkə futbolunun dirçəlməsinə səbəb olar.

Beynəlxalq təcrübədə başqa ölkənin çempionatında mübarizə aparan klublara rast
gəlmək mümkündür.

“Monako” Fransa Liqa 1-də yarışır. Şəhər-dövlətin futbol federasiyası var,
ancaq FIFA və UEFA-ya üzv deyil. Monakoda yalnız həvəskar liqalar keçirilir.
“Monako” klubu beynəlxalq arenada Fransanı təmsil edir.

Maraqlı nümunələrdən biri İsveçrədə yarışan Lixtenşteyn klublarıdır.
Lixtenşteyndə milli çempionat yoxdur. Ölkənin klubları İsveçrənin aşağı
liqalarında yarışırlar. Onların ən məşhuru “Vaduts”dur. Komanda İsveçrənin II
Liqasında çıxış edir. “Qonaq komanda” Super Liqaya vəsiqə qazana bilər, ancaq
orada mükafatçılar sırasına düşsə belə, ölkəni avrokuboklarda təmsil etməyəcək
(hərçənd, ən yaxşı nəticə, onsuz da, səkkizinci pillə olub – red.). Əvəzində
Lixtenşteyndə kubok yarışı keçirilir və ölkənin peşəkar klubları orada
yarışırlar. Kubokun sahibi Çempionlar Liqasında çıxış etmək hüququ qazanır.

Avropada bəzi kiçik klubların digər ölkələrin liqasında yarışması ilə bağlı
digər nümunələr də var. “San-Marino Kalço” İtaliyanın, “Andorra” İspaniyanın
aşağı liqasında çıxış edirlər. Skandinaviya ölkələrində də oxşar nümunələr
mövcuddur.

Maraqlı məqamlardan biri İngiltərə və Uels arasındadır. “Suonsi”, “Kardif”
kimi Uels mərkəzli klublar İngiltərə liqalarında yarışırlar. Onlar hətta
kuboklar da qazanıblar. Ancaq beynəlxalq arenada Uelsi təmsil edə bilməzlər. Bu
klublar rəsmən İngiltərənindir. Əvəzində İngiltərə mərkəzli TNS Uels
çempionatında yarışır. Ölkənin ən titullu klubu olan komanda avrokuboklarda da
məhz Uelsi təmsil edir.

Okeanın o tayında da oxşar nümunəyə rast gəlmək mümkündür. Kanadanın bir neçə
klubu ABŞ liqalarında yarışır. Onlardan ən məşhurları – “Toronto”, “Monreal” və
“Vankuver Uaytkaps” MLS-də çıxış edirlər. Lakin bu komandalar da
İsveçrə-Lixtenşteyn nümunəsində olduğu kimi, beynəlxalq arenada ABŞ-ni təmsil
edə bilməzlər və ölkənin kubok yarışında çıxış etmirlər. Onlar Kanadanın kubok
turnirində çıxış edirlər və beynəlxalq miqyasda Kanada bayrağı altında
yarışırlar.

Belə nümunələr kifayət qədərdir. Hər birində oxşarlıqlar olsa da, orijinal
qaydaların mövcudluğu da diqqət çəkir.

Gələcəkdə məhz “Qarabağ”ın da Türkiyə Super Liqasında yarışmaq variantı ortaya
çıxsa, təəccüblənməməliyik. Qurban Qurbanovun emosional təklifinin, arzusunun
alt qatlarında bu ideya da dayana bilər. Beynəlxalq təcrübədə o da bəlli
həqiqətdir ki, daha güclü liqada oynayan klublar ölkələrinin kubok yarışlarında
bir baş üstün olurlar. “Qarabağ”ın Azərbaycan Premyer Liqasında “tək ayaqla”
çempionluqları, rəqabətsiz mühitdə inkişaf edə bilməməsi kimi amillər bu
ideyanı ərsəyə gətirə bilər. Ancaq əlbəttə, heç kim klubu birbaşa Super Liqaya
götürməyəcək. Belə bir hal yaşanarsa, komanda aşağı liqalardan başlamalıdır.

Yeri gəlmişkən, son zamanlar Türkiyə və Azərbaycanın futbol müstəvisində də
yaxınlaşması ilə bağlı addımlar atılır. Hazırda iki ölkənin federasiyaları
arasında futbolçuların legioner sayılmaması ilə bağlı aktiv şəkildə müzakirələr
aparılır. Kuluarlarda gəzən söz-söhbətlərə görə, yaxın gələcəkdə, hətta ola
bilsin, növbəti mövsümdən bu, ilk dəfə tətbiq olunacaq.

Faiq Tahirov

Source link