Qüvvəyə minən yeni qanun sahibkarlara nə vəd edir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanununu
təsdiqləyib”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat
paylaşıb.
O bildirib ki, Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı,
biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi
baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət
şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni
zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin
keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
“Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və
daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda
monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi
baxımından vacib bir sənəddir.
Yeni Məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha
yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar
üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir. Uzun müddətdir ki,
Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın
sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Bu gün
bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var. Avropa
İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə
də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha
yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının
artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya
malik olacaq.
Bütövlükdə, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni
səhifənin açılması kimi xarakterizə edilir. Bu yeni dövrdə islahatların daha
dərinləşəcəyindən xəbər verir”, – deyə deputat qeyd edib.