Turinin “Yuventus” klubu italiyalı baş məşqçi Massimiliano Alleqriyə əvəz axtarır. Potensial variantlardan biri hazırda “Mançester Siti” klubunu çalışdıran Xosep Qvardiola olub.
Bu barədə “Eurosport” məlumat yayıb.
“Qoca sinyora”nın baş məşqçisi postuna ən iddialı namizədlərdən biri Maurisio Sarri olsa da, “Yuventus” rəhbərliyi Qvardiolanı bu vəzifəyə gətirmək istəyir. Məlumata görə, Qvardiolaya ilə 20 milyon avrodan çox məvacib təklif olunub. Bununla belə, ispaniyalı “Yuventus”un təklifinə rədd cavabı verib.
Alleqrinin “Yuventus”dan getməsi xəbəri hələ may ayında yayılıb. İtaliyalı 2015-ci ildən bəri Turin komandasını çalışdırıb, “qoca sinyoraya” beş dəfə A Seriyasında çempionluq qazandırıb.
Qvardiolaya gəlincə, ispaniyalı mütəxəssis komandasını İngiltərə çempionatının 2018/2019-cu il mövsümünün qalibi edib. Bu, onun “Siti”yə gəlişindən bəri ikinci çempionluğudur. Buna qədər “Bavariya” və “Barselona” klublarında baş məşqçi olub. Üç dəfə İspaniya, iki dəfə Almaniya çempionatının qalibi olub.