7bf7627f-1811-492e-9a9d-969ef0346820..jpg

Rəfail Sadıxovun “obyektivliyi” – hakimin jurnalistə qarşı qərəzi

Baxış sayı: 640 dəfə baxılıb.

Rəfail Sadıxovun “obyektivliyi” – hakimin jurnalistə qarşı qərəzi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təkrar müraciət edən vətəndaş Cəlal
Cavanşir oğlu Qurbanov “Report İnformasiya Agentliyi” MMC-nin reportyoru Orxan
Rasif oğlu Hacıyevi bir daha şikayət edib.

Şikayətində onun Cinayət Məcəlləsinin (CM) 147.1-ci maddəsi (böhtan) ilə
məsuliyyətə cəlb edilməsini xahiş edib. İddia edib ki, guya reportyor 2022-ci
il aprelin 8-də çalışdığı mətbu orqanda “Bakıda nəğməkar-şair obyekt sahibini
döyüb” başlığı altında həqiqətə uyğun olmayan məlumat dərc edib. İddiaçı
göstərib ki, guya bu xəbər onun işgüzar nüfuzunu ləkələyib.

Qeyd edək ki, Cəlal Qurbanov bundan əvvəl də eyni mövzuda məhkəməyə müraciət
edib və hakim də 2024-cü ilin yanvarında şikayətin icraata qəbul edilməsindən
imtina qərarı çıxarıb. Məhkəmə müəyyən edib ki, şikayət verilmiş əməldə cinayət
əlamətləri yoxdur.

Maraqlıdır ki, eyni şikayət üzrə əvvəl bəraətverici əsaslarla qərar qəbul
edildiyi halda, hakim ikinci şikayət üzrə hazırlıq iclası keçirib, cavabdeh
şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar
qəbul edib. Halbuki, bəllidir ki, CPM-in 39.1.6-cı maddəsinə əsasən şəxs
barəsində eyni şikayət üzrə məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv
edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz. CPM-in 65.1-ci
maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı
həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir.

Buna baxmayaraq, hakim özü tərəfindən qəbul edilmiş birinci qərarı ləğv
etmədiyi halda, qanunsuz və əsassız məhkəmə baxışının təyin edilməsi barədə
qərar qəbul edib.

Digər tərəfdən, şikayətçinin vəkili olan Dədəkişi Nəriman oğlu Vəlizadə
səlahiyyəti olmadan işə buraxılıb. Belə ki, məlum olduğu kimi, vəkilin
səlahiyyəti orderlə təsdiq edilir və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin
27.09.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş ”Vəkil orderi və ondan
istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi
yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında
təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilən sənəddir.

Vəkilin təqdim etdiyi 0372009 nömrəli order artıq 1(011)-140/2024 nömrəli iş
üzrə istifadə edilib. Bu isə ona işarə edir ki, o, hazırkı iş üzrə
səlahiyyətsizdir və səlahiyyəti olmayan vəkil olaraq cinayət prosesinə qoşulub.
Buna baxmayaraq, hakim həmin vəkili prosesdən kənarlaşdırmayıb.

Əldə edilən məlumata əsasən Dədəkişi Nəriman oğlu Vəlizadə əvvəllər Bakı
Şəhəri Xətai Rayon Məhkəməsində çalışıb. Görünür, hakim həmin vəkillə olan
əvvəlki iş münasibətlərinə görə ona isti münasibət bəsləyir və onun hər bir
qanunsuz hərəkətlərinə göz yumur.

Göstərilənlər hakimin məhkəmə baxışının təyin edilməsi haqqında qərardan
şikayət verilməsinin mümkünsüzlüyünə güvənərək baxışın təyin edilməsi
səlahiyyətindən sui-istifadə etdiyindən xəbər verir. Bu da öz növbəsində
hakimin aşkar şəkildə qanun pozmasına, bizə bəlli olmayan hansısa gizli
məqsəddən irəli gələrək şikayətçi tərəfə meylli olmasına və nəyin bahasına
olursa-olsun məhkəmə baxışının təyin edilməsində maraqlı olmasına işarə edir.

Məhkəmə baxışının təyin edilməsi isə O.Hacıyevə psixoloji təzyiq göstərməyə
xidmət edir. Həmin hərəkətlər isə reportyorun şübhə altına alınması ilə
nəticələnib. Bütün bu addımlar hakimin süni olaraq və hüquqi normalarla
manipulyasiya edərək mətbuatı susdurmasına yönəldiyini göstərir. Hakim işə
qərəzsiz və ədalətlə baxmalıdır, qanunun mənafeyindən başqa hər hansı bir
mənafeyi ifadə edə bilməz. Hakimin qanunsuz hərəkətlərinə qarşı etiraz
aidiyyəti qurumlara göndərilib. Ümid edirik ki, Məhkəmə Hüquq Şurası hakim
Rəfail Sadıxovun qanunsuz davranışına qarşı ciddi və kəsərli təsir tədbirləri
görəcək.

Source link