Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümü ilə bağlı bir sıra iddialar irəli sürülüb.
Belə ki, özünü mərhumun qonşusu və dostu kimi təqdim edən Həsən Əliyev imzalı sosial şəbəkə istifadəçisi “Facebook” hesabında hadisə ilə bağlı bir neçə məqamı qeyd edib.
O iddia edir ki, O.Ağayev yerə düşdükdən sonra nəbzi vururmuş. Lakin təcili tibbi yardım briqadası hadisə yerinə gec gəlib. O.Ağayevin nəbzini yoxladıqdan sonra həkimlər qırağa çəkiliblər və onu ambulansa götürməyiblər.
İrəli sürülən iddialarla bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev ÇıxışYolu.Com-a açıqlama verib.
O bildirib ki, dünən paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş vermiş hadisə ilə bağlı saat 13:11-də təcili tibbi yardıma çağırış daxil olub:
“Saat 13:18-də çağırış üçün həkim ayrılıb. Arada yeddi dəqiqə fərq onun üçün yaranıb ki, ərazi üzrə növbətçi həkimlərin hamısı həmin vaxt çağırışda olublar. Biz məcbur olub qonşu bölmənin briqdasını hadisəyə yerinə yönləndirmişik. Həkimlər Nizami rayonu ərazisindən hadisə yerinə gəlib və 13:34-də artıq ünvanda olub. Onlar hadisə yerinə çatanda həmin şəxs artıq dünyasını dəyişmişdi. Mənə verilən məlumata görə, həkimin ölən şəxsə yaxınlaşmasına da icazə verməyiblər.
Bundan başqa, qeyd edim ki, dünən 16 təcili tibbi yardım briqadamız təxminən həmin saatlarda çimərliklərdə növbə çəkib. Daha 10 briqada isə dövlət tədbirlərində iştirak edib. Bununla belə, bir ərazidən digər əraziyə çağırışları vaxtında icra etmək üçün əlimizdən gələni edirik”.
Qeyd edək ki, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu iyulun 11-də özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Könül Cəfərli